Kilit mağarası — daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuş mağara.

Ümumi məlumat Naxçıvan MR ərazisində karst mağaralarının ən geniş yayıldığı sahə Ordubad rayonu hesab olunur. Rayonun Kilit kəndi ətrafı karst mağaraları ilə zəngindir. Yerli əhali kəndin yaxınlığındakı mağaralar haqqında müxtəlif rəvayətlər danışır. Onlardan ən əhəmiyyətlisi Kilit mağarası sayılır.

Mağara Ordubad rayonunun Kilit kəndindən 6 km şimal-şərqdə, Araz çayının sol sahilində, sıldırım qayalar arasında yerləşir. Oraya qalxmaq olduqca çətindir. Araz çayının bir neçə metrliyindən Bakı–Şərur dəmir yolu keçir. Dəmir yolundan sonra dağlar başlanır və mağara həmin dağların ən yüksək zirvəsində yerləşir.

Xüsusiyyətləri Kilit mağarasını əhatə edən qayalar dik və sürüşkən olduğundan qalxış çətinlik yaradır. Mağaranın qabaq hissəsində kiçik bir meydança vardır. Bu sahənin uzunluğu təqribən 15 metr, eni isə 6 metrdir. Qalan hissələr nəhəng qayalardan və uçurumlardan ibarətdir.

Mağaranın giriş yolu olduqca dardır. Tavanından düşmüş iri qaya parçaları giriş yolunu qismən tutmuşdur. 10–15 metr məsafə sürünərək nəhəng salona daxil olmaq mümkündür. Salonun uzunluğu təqribən 35 metr, eni 15–18 metr, hündürlüyü isə 20–25 metrdir. Salonun bir neçə girintili-çıxıntılı hissəsi mövcuddur. Giriş yolu və salon tamamilə qurudur. Güman edilir ki, mağara qədim insan məskəni kimi istifadə edilmiş ola bilər.

Kilit mağarasını əhatə edən sıldırım qayalarda və çılpaq dağlarda bitki və ağac örtüyü yoxdur. Ətrafda bir neçə kiçik karst mağarası da mövcuddur. Lakin həmin mağaralarda torpaq çöküntülərinə rast gəlinmir, döşəmələri çılpaq qayalardan ibarətdir.

Həmçinin bax Əshabi-Kəhf

Mənbə

İstinadlar

Kateqoriya:Ordubad rayonunun mağaraları Kateqoriya:Azərbaycan tarixi