Utrext Universiteti () — Niderland Krallığında, Utrext şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Niderlandın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbin qədim bağları, binaları, yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur.

Tarixi Qədim tarixə malik olan Utrext Universitetinin yaranması 1636-cı ilə təsadüf edir. Amma hələ 695-ci ildə İrland keşişi Villibrord Utrext şəhərində keşiş yetişdirən məktəb yaratmağı təklif etmişdir. Onun bu şəhərdə yaratdığı seminariya kilsə ilə əlaqəli fəaliyyət göstərir və sonradan Domskul - Kilsə Məktəbi adlandırılır.

1634-cü ildə Utrext Şəhər Şurası "Şöhrətləndirilmiş məktəb" adlı ali məktəb açır. 26 mart 1636-cı ildə həmin məktəb Utrext Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb) yaradılır. Fəaliyyətinin ilk vaxtlarında universitetin yeddi müəllimi və onlarca tələbəsi olur. Ali məktəbin tələbələri yalnız oğlanlardan ibarət idi. Burada həmin dövrdə təhsil alan yeganə qadın ilahiyyat üzrə mühazirələri dinləyən Anna Mariya van Şurman olur. Leyden, Franeker, Qroningen, Hardervik, Amsterdam kimi qədim və nüfuzlu ali məktəblərlə rəqabət aparan Utrext Universiteti tədricən böyüyür və çiçəklənir. Tezliklə universitetin Botanika bağı və Smeetoren astronomiya rəsədxanası istifadəyə verilir.

Utrext Universitetinə çoxlu sayda əcnəbi tələbələr cəlb olunur. Universitetdə Almaniya, İngiltərə, Şotlandiya və Avropanın digər ölkələrindən təhsil alan gənclər daha çox üstünlük təşkil edir. Həmin dövrlərdə bu ali məktəbdə fəlsəfənin intellektual, ilahiyyatçı və yeni fəlsəfə tərəfdarları (yeni fəlsəfənin yaradıcısı filosof Rene Dekart bir neçə il Utrext şəhərində yaşayır), eləcə də pravoslav ilahiyyatçılar arasında mübahisə aparılır.

XVIII əsrdə Utrext Universiteti durğunluq dövrünü yaşayır. 1806-cı ildə Niderland fransızlar tərəfindən işğal olunduqdan sonra Utrext Universiteti "'école secondaire'" - orta məktəb statusu alır, lakin 1813-cü ildə Niderland Krallığı yaradıldıqdan sonra ali məktəb əvvəlki statusunu bərpa edir. Leyden, Qroningen və Utrext universitetləri yeni yaradılmış krallığın dövlət universitetləri statusunu alır. 1850-ci ildə universitetdə fəaliyyət göstərən alimlər Piter Hartinq, Gerardus Malder, Xristofor Bays Ballot və Fransisk Dondersin səyləri nəticəsində mövcud olan dörd fakültəyə əlavə olaraq beşincisi - Utrext Dəqiq Elmlər Məktəbi yaradılır. Məktəbdə laboratoriyalar quraşdırılır və burada təhsil alan tələbələr təhsillərini təcrübə ilə zənginləşdirirlər.

XIX əsrin ikinci yarısında universitet yenidən çətinliklərlə üzləşir. Universitetin inkişafı üçün dövlətin maliyyə yardımına böyük ehtiyac duyulur, lakin dövlət universitetə həmin vəsaiti ödəmək imkanına malik olmur. Hətta Utrext Universitetinin bağlanılması barədə müzakirələr aparılır. Bütün yaşanan gərgin anlara baxmayaraq, ali məktəb çətinliklə də olsa inkişaf edir. XX əsrin əvvəllərində universitetə ilk qız tələbə - Katarina van Tussenbroek qəbul edilir. Artıq 1915-ci ildə Utrext Universitetinin tələbələrinin dörddə bir hissəsini qızlar təşkil edir. Universitetin müəllimləri arasında isə bu vəziyyət daha aşağı templə gedir. 1916-cı ildə Utrext Universitetinin professoru təyin edilmiş ilk holland qadın Yohanna Vesterdijk İkinci Dünya müharibəsinin sonlarınadək universitetdə çalışan yeganə qadın müəllim olur.

Utrext Universitetinin inkişafında burada fəaliyyət göstərən alimlərin (fizioloq-həkim Hubrext, hüquqşünaslar Hamaker və Molenqraaff, tarixçilər Kernkamp və Geyl, dəqiq elmlər üzrə Maqnus və Minnaert, ilahiyyatçı Van Unnik və s.) böyük rolu olur. 1925-ci ildə Baytarlıq Məktəbinin Utrext Universitetinə birləşdirilməsi nəticəsində ali məktəbdə altıncı fakültə - baytarlıq fakültəsi yaradılır. Bu da universitetdə çoxlu sayda ixtisas və təhsil proqramlarının açılmasına səbəb olur. 1929-cu ildə ilk dəfə olaraq Utrext Universitetinin alimi Kristian Eykman Nobel mükafatına layiq görülür. İkinci Dünya müharibəsindən sonra universitetdə Geoelmlər, Biologiya, Kimya departamentləri, Sosial elmlər fakültəsi açılır, tələbələrin sayı sürətlə artmağa başlayır. 1960-cı ildən bir çox fakültələr və onların kitabxanaları, xəstəxanaları, akademik müəssisələri De Uithof ərazisinə köçürülür. Dəqiq elmlər fakültəsi genişləndirilərək nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir.

Hazırda Utrext Universiteti dövlət ali təhsil müəssisəsi olsa da, İkinci Dünya müharibəsindən başlayaraq sərbəst fəaliyyət göstərir.

Müasir vəziyyəti Utrext Universitetinin Humanitar və Hüquq fakültələrinin binaları Utrext şəhərinin mərkəzində, qalan binaları isə şəhər kənarındakı De Uithof ərazisində yerləşir. Utrext Universitetinə məxsus Universitet Kolleci Hollandiyanın sabiq hərbi bazası olan KROMHOUT Kazerne ərazisində yerləşir.

De Uithof kampusunda Utrext Universitetinin 30-a yaxın binası mövcuddur. Kampusun binaları qeyri-adi memarlıq üslubu ilə seçilir. Memar Rem Kolhaas tərəfindən inşa edilmiş Edukatorium binası dairəvi divarlara və şüşə körpüyə malikdir. Minnaert binasında yağış suyu toplamaq məqsədi ilə xüsusi hovuz quraşdırılıb. Kampusun ərazisində yerləşən binaların əksəriyyəti burada çalışan alimlərin adlarını daşıyır, məsələn: həkim Albert Abraham Hijmans van der Berqin, fizik Nikolas Blombergenin, qadın fizik Karolina Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya fakültəsinin yaradıcılarından olan Martinus Langeveldin, belçikalı astronom Marsel Minnaertin, həkim van Straatenin, De Uithof ərazisində binaların tikintisini aparan memar Marinus Ruppertin, "İncil"in tədqiqatı ilə məşğul olan alim Villem van Unnikin, botanik Frits Ventin, fiziklər Robert van Qraaf və Leonard Salomon Ornşteynin, meteoroloq Buys Ballotun və s.

2007-ci ilin yanvarında baş vermiş qasırğa nəticəsində qaldırıcı kran Ruppert binasının üzərinə yıxılır. Hadisə nəticəsində bir neçə insan yaralanır və bina 2007-ci ilin sentyabrınadək fəaliyyət göstərmir. De Uithof kampusunda 1002 tələbə tutumuna malik Kambridgelaan, 552 nəfərlik De Bisschoppen, 377 nəfərlik Kasa Konfetti yataqxanaları yerləşir.

Fakültə və institutları Utrext Universiteti 7 fakültə və 3 institutdan - IVLOS Təhsil İnstitutu Ruzvelt Akademiyası və Utrext Universitet Kollecindən ibarətdir.

Geoelmlər fakültəsi Yer Elmləri, Ekoloji Elmlər, İnsan Coğrafiyası və Planlaşdırma institutlarından ibarətdir. Fakültə bakalavr səviyyəsində holland dilində tədris olunan 5 (Yer elmləri, Ətraf mühit ekologiyası və sosial elmlər, Ekologiya, İnnovasiya və idarəetmə elmləri, İnsan coğrafiyası və planlaşdırma), magistratura səviyyəsində isə 15-dən 12-si ingilis dilində tədris olunan (Biogeologiya, İqtisadi coğrafiya, Geokimya, Geo-kommunikasiya, İnformasiya və əlavələrinin idarəolunması, Geologiya, Geofizika, İnsan coğrafiyası və planlaşdırma, Hidrologiya, Beynəlxalq inkişaf tədqiqatları, Fiziki coğrafiya, Planologiya, Dəqiq elmlər və innovasiya menecmenti, Sabit inkişaf, Şəhər coğrafiyası) proqram, eləcə də əlavə Yerşünaslıq, Geoelmlər, Geoelmlər Yay Məktəbi kursları təklif edir.

Humanitar elmlər fakültəsinə Holland dili, Tarix və incəsənət, Media və kulturologiya, Müasir dillər, Fəlsəfə, Dinşünaslıq və ilahiyyat departamentləri, Holland Dili, Tarix və İncəsənət tarixi, Humanitar elmlər, Media və Kulturologiya, Müasir Dillər, Fəlsəfə və Süni İntellekt, Dinşünaslıq və İlahiyyat məktəbləri, həmçinin magistr və doktorantlar üçün nəzərdə tutulmuş Humanitar Elmlər Ali Məktəbi, Dinşünaslıq və İlahiyyat (INTEGON), Tarix və İncəsənət Tarixi (OGC), Utrext Dilçilik (UİL OTS), ZENO Fəlsəfə Elmi-Tədqiqat institutları, fakültələrarası Münaqişələrin Öyrənilməsi, Dekart mərkəzləri, Etika İnstitutu daxildir.

Hüquq, iqtisadiyyat və idarəetmə fakültəsi Hüquq fakültəsindən, İqtisadiyyat və İdarəetmə məktəblərindən ibarətdir. Hüquq fakültəsində hüququn özəl, cinayət, konstitusiya və inzibati, beynəlxalq və digər sahələri üzrə tədqiqatlar həyata keçirilir. Fakültəyə Ekologiya Hüququ Siyasətləri, Montel mərkəzləri, Avropa, Viarda, Vergi Hüququ, Beynəlxalq, Sosial və İqtisadi Dövlət Hüququ, Hüquq Nəzəriyyəsi, Konstitusiya və İnzibati Hüquq, Molenqraaff Özəl və Notarial Hüquq, Niderland Dəniz Hüquqları, Niderland İnsan Hüquqları, Villem Pomp Cinayət Hüququ və Kriminologiya institutları aiddir. İqtisadiyyat Məktəbi Bakalavr İqtisadiyyat Məktəbi, magistr və doktorantlar üçün nəzərdə tutulmuş Ali İqtisadiyyat Məktəbi və Tjallinq Kupmans İnstitutundan ibarətdir. İdarəetmə Məktəbi idarəetmə sahəsi üzrə bir neçə bakalavr və magistr proqramları təklif edir. Hər tədris ilinin birinci semestrində bakalavr pilləsində təhsil alan tələbələrə Həyata keçirmə, Siyasətin aparılması, Avropa və Niderland idarəetməsi, Dövlət idarəçiliyi və təşkilatçılıq elmləri kursları tədris edilir.

Sosial və əxlaq elmləri fakültəsi bakalavr səviyyəsi üçün nəzərdə tutulmuş Fənlərarası ictimai elmlər, Mədəni antropologiya və sosiologiya, Metodologiya və statistika, Pedaqogika və təhsil elmləri, Psixologiya (Sosial və təşkilatçılıq, Kliniki və sağlamlıq, İnkişaf psixologiyası bölmələri) departamentlərindən ibarətdir. Magistr və doktorantların təhsil aldığı Sosial və Əxlaq Elmləri Ali Məktəbi tələbələrinə Mədəni antropologiya: Sosiomədəni dəyişmələr, Cəmiyyətdə uşaq və gənclərin inkişafı, Pedaqoji elmlər: qarşılıqlı əlaqədə öyrənmə, Metodologiya və statistika, Miqrasiya, etnik əlaqələr və çoxmədəniyyətlilik, Sosial və sağlamlıq psixologiyası, Sosiologiya və sosial tədqiqatlar və s. proqramlar təklif edir.

Dəqiq elmlər fakültəsində 8 bakalavr (Tətbiqi riyaziyyat, Biologiya, Kimya, Əczaçılıq, Kompüter, İnformasiya elmləri, Riyaziyyat, Fizika və astronomiya), 25 magistr, onlarla doktorluq, 26 əlavə proqram mövcuddur. Fakültənin nəzdində bakalavrlar üçün Əczaçılıq Kolleci, Yay Məktəbi, magistr və doktorantlar üçün Dəqiq Elmlər, Həyat Elmləri ali məktəbləri fəaliyyət göstərir. Fakültənin elmi-tədqiqat mərkəzlərində Beyin, idrak və davranış, Dərman innovasiyaları, Yer və sabitlik, Dəqiq elmlərin əsasları, Cəmiyyətdə və elmdə informasiya texnologiyaları, Həyat elmləri və biomürəkkəblik, eləcə də digər sahələri əhatə edən proqramlar üzrə tədqiqatlar həyata keçirilir.

Tibb fakültəsi Biotibbi genetika, Ürək və ciyər, Cərrahiyyə, Daxili və dermatoloji xəstəliklər, Pediatriya, Təsvir etmə, İntraəməliyyat, fövqəladə hallar və tibbi qəzalarda yardım, Qadın və körpə bölmələrindən, IC, Yulius Sağlamlıq və İlkin Tibbi Yardım mərkəzlərindən, Əczaçılıq laboratoriyasından ibarətdir. Fakültədə biotibbi elmlər, biotibbi genetika, kliniki epidemiologiya, ürək-damar xəstəlikləri, immunologiya və infeksion xəstəliklər, nevrologiya, onkologiya və digər sahələr üzrə ən yeni tədqiqatlar aparılır.