Qara cəngavər () — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir.

Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir.Marc Tyler Nobleman (2012). Bill the Boy Wonder:The Secret Co-Creator of Batman. Charlesbridge Publishing, U. S. ISBN 978–1580892896 Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur. Warner Bros. "Qara cəngavər" filmi üçün virus marketinqi kampaniyası başlatmış, Ledcerin Coker kimi təsvir olunduğu skrinşotların yer aldığı reklam saytları və treylerlər hazırlamışdır.

ABŞ və Böyük Britaniyanın birgə istehsalı ilə çəkilmiş "Qara cəngavər" filmi 16 iyul 2008-ci ildə Avstraliyada, 18 iyul 2008-ci ildə Şimali Amerikada və 24 iyul 2008-ci ildə Böyük Britaniyada ekranlara buraxılmışdır. Film tənqidçiləri tərəfindən film 2000-ci illərin ən yaxşı filmlərindən biri və bütün dövrlərin ən yaxşı superqəhrəman filmlərindən biri kimi qiymətləndirilmiş və bir çox müsbət rəylər almışdır. "Qara cəngavər" 2008-ci ilin Top-10 siyahılarında (287 siyahı) ən çox göstərilmiş ("VALL-İ" filmi istisnadır) filmdir. 77 tənqidçi filmi 2008-ci ilin ən yaxşı filmi adlandırmışdır və bu göstərici həmin ilin ən yaxşı göstəricisi olmuşdur. Filmdən bütün dünyada əldə olunan gəlir 1 milyard dollardan çox olmuşdur. Film bu göstəriciyə görə bütün dövrlərin ən çox gəlir əldə etmiş 24-cü filmidir. "Qara cəngavər" səkkiz nominasiyada Oskar mükafatına laureat göstərilmişdir: film "Ən yaxşı səs montajına görə", Ledcer isə ölümündən sonra "Ən yaxşı ikinci plan kişi roluna görə" Oskar mükafatına layiq görülmüşdür. Qara Cəngavər trilogiyasının sonuncu filmi — "Qara cəngavər: Əfsanənin dirçəlişi" filmi 20 iyul 2012-ci ildə ekranlaşdırılmışdır.

Məzmun

Bir cinayətkar qruplaşma Qotem şəhərində başqa cinayətkarlara məxsus banka soyğun təşkil edirlər. Soyğunçular bir nəfər — Coker qalana qədər bir-birilərini öldürürlər. Coker pulları götürüb aradan çıxır.

Betmen, dairə prokuroru Hervi Dent və leytenant Cim Qordon Qotem şəhərini cinayətkarlıq bataqlığından qurtarmaq üçün güclərini birləşdirirlər. Brüs Ueyn Dentin idealist düşüncələrindən təsirlənir və ona işini davam etdirməyi təklif edir. Brüs inanır ki, Qotemin yeni qoruyucusu olacaq Dentin sayəsində Betmen olmaqdan qurtulacaq və Reyçel Deyvs ilə (Dent ilə görüşməsinə baxmayaraq) normal həyatı olacaq.

Cinayətkar qruplaşmaların bossları Sal Maroni, Qambol və Çeçen pullarını götürüb Honkonqa qaçan Lau ilə videokonfrans təşkil edirlər. Videokonfransa dəvətsiz gələn Coker onların müzakirəsini yarımçıq qoyur, Betmenin qanun qarşısında azad hərəkət etdiyini və pulların yarısı qarşılığında Betmeni öldürə biləcəyini bildirir. Qambol Cokeri yaxalayana pul vəd edir, amma əvəzində Coker onu öldürür və dəstənin nəzarətini ələ keçirir. Cinayətkarlar sonda Cokerin təklifini qəbul etməyə məcbur olurlar.

Betmen Honkonqa səyahət edərək Launu yaxalayır, onu Qotemə gətirib cinayətkarlara qarşı ifadə verməyə məcbur edir. Nəticədə Dent bütün cinayətkarları həbsə sala bilir. Coker Betmen əsl şəxsiyyətini açıqlamayacağı təqdirdə insanları öldürməyə davam edəcəyini bildirir və onun ilk qurbanları polis komissarı Qillian Loeb və məhkəmə hakimi olur. Coker mer Antoni Qarsiyanı da öldürməyə cəhd edir, amma Qordon özünü qurban edərək sui-qəsdin qarşısını alır. Dent növbəti hədəfin Reyçel olduğunu öyrənir.

Brüs gizli şəxsiyyətini ictimaiyyətə açıqlamaq qərarına gəlir, amma onu qabaqlayan Dent özünü Betmen kimi qələmə verir. Dent həbsə aparılır, amma Coker peyda olur və polis karvanına hücum edir. Betmen Dentin köməyinə gəlir və özünü ölü kimi qələmə verən Qordon Cokeri həbs edir, komissar rütbəsinə yüksəlir. Reyçel və Dent cinayətkarlar tərəfindən qaçırılırlar. Betmen Cokeri sorğu-suala tutur, məlum olur ki, Reyçel və Dent partlayıcı maddələrlə təchiz olunmuş iki müxtəlif yerdədirlər. Betmen Reyçeli xilas etməyə gedir, Qordon isə Dentin dalınca gedir. Betmen binaya çatanda başa düşür ki, Coker ona Reyçelin yox, Dentin gizlədildiyi yeri deyibmiş. Hər iki bina partlayır, Reyçel ölür, Dentin üzünün benzinə bulanmış yarısı isə yanır. Coker Lau ilə birlikdə həbsxanadan qaçır.

Wayne Enterprises şirkətinin mühasibi Koulmen Riz Brüs Ueynin Betmen olduğu nəticəsinə gəlir və bu məlumatı ictimaiyyətlə bölüşmək qərarına gəlir. Coker cinayətkarlara və Lauya məxsus pulları yandırır və Çeçeni öldürür. Daha sonra Koulmen Rizi öldürməyəcəkləri təqdirdə şəhərin hansısa xəstəxanasını partladacağını bildirir. Qordon bütün xəstəxanaları boşaltmaq əmrini verir və Rizin təhlükəsizliyini təmin edir. Coker Denti xəstəxanada tapır və onu Reyçelin qisasını alması üçün manipulyasiya edir. Coker xəstəxananı partladır və qaçır. Dent isə Reyçelin ölümündə məsuliyyət daşıyan bir əyyaşı, Maroni və sürücüsü, iki polis nəfərini öldürür.

Coker iki bərəyə partlayıcı maddələr yerləşdirir: bir bərədə məhbuslar, digərində adi vətəndaşlar var. O, onlara gecə yarısına qədər hər iki gəmini göyə sovuracağını deyir, amma əgər onlardan biri digər bərəni partlatsa, həmin bərəni partlatmayacağını bildirir. Betmen Lusius Foksun istəksiz köməyi ilə sonar alətlə Cokerin yerini tapır. Gəmidəkilər bir-birilərini göyə sovurmaqdan imtina edirlər, Betmen Cokeri həbs edir. Polislər Cokeri həbsə apararkən Coker Dentin qəzəbinin ictimaiyyətə məlum olmasından sonra insanların ümidlərini itirəcəklərinə görə sevinir.

Qordon Reyçelin öldüyü binaya gəlir. Orada Dent püşk yolu ilə Betmenin və özünün bəxtini sınayır. O, özünü öldürmür, Betmenə atəş açır, Qordonun oğlunu öldürmək istəyir, amma qoruyucu zireh geyinən Betmen onu binadan ataraq öldürür. Betmen Qordonu Dentin qəhrəman surətini qorumağa və onun törətdiyi qətllərin Betmen tərəfindən törədildiyini göstərməyə razı salır. Polislər Betmenin dalınca düşürlər, Qordon Bet-siqnalı məhv edir, Foks sonar aləti məhv edir və Alfred Penniourt Reyçelin Dentlə evlənəcəyini bildirdiyi məktubu yandırır.

Rollarda

Kristian Beyl – Brüs Veyn /Betmen : özünü Qotem şəhərinin mühafizəsinə həsr etmiş cəmiyyət arasında yaxşı tanınan milyarderdir. Qara rəngli yarasa formalı paltar geyindiyinə görə "Qara cəngavər" kimi tanınır. "Betmen:Başlanğıc" filmində canlandırdığı rol müsbət qarşılandığına görə Beyl eyni obrazı bu filmdə də canlandırmağa razılaşmışdır. O, Keysi Döyüş Metodu üzrə məşqlərini davam etdirmiş və şəxsi tryuklarının bir çoxunu bu filmdə də istifadə etmişdir. Lakin, birinci filmdən fərqli olaraq, bu filmdə Beyl əzələ yığmağa xüsusi diqqət yetirməmişdir, çünki, yeni Betkostyum ona daha böyük rahatlıqla hərəkət etməyə şərait yaradırdı. Beyl Betmenin dilemmasını "Düşmənlərə qarşı xaç yürüşü bir sondurmu, o, hər şeyi bitirib şəxsi həyatını yaşaya biləcəkmi? Kimsə hiss etdiyi ehtiras və qəzəbi dəstəkləmək üçün manyakal intensivliyə malik olmalıdır. Hansısa anda, siz öz şeytanlarınızı tanımalısız" deyə təsvir edir. O, əlavə edir ki, "İndi sizin qarşınızda qəlbi qırıq cavan oğlan yox, həqiqətən gücü olan, bu güc tərəfindən yandırılan və gücü əldə etməklə onu əldə saxlamaq arasındakı fərqi başa düşən bir adam var." Personajının xarakterlərinin əsasən birinci filmdə yaradıldığını qəddarların ona kölgə sala bilməyəcəyini hiss edən Beyl qeyd edir: "Mənim başqa kimləsə mübarizə aparmaqda problemin yoxdur. Və bu yaxşı film ərsəyə gətirmək üçün stimuldur." Hit Ledcer – Coker: özünü "xaos daşıyıcısı" kimi təqdim edən cinayətkardır. Qotem cinayətkarları üzərində təsiri artan Coker şəhəri anarxiyaya qərq edir. 2006-cı ilin iyulunda Ledcerin rol üçün təsdiqlənməsindən əvvəl Pol Bettani, Leyçi Halm, Edrien Broudi, Stiv Karell və Robin Uilyams ictimai şəkildə rolla maraqlandıqlarını bildirmişdilər, lakin Nolan əvvəllər də bir neçə layihədə Ledcerlə birlikdə işləmək istəmişdi (həmçinin Ledceri "Betmen:Başlanğıc" filmində Betmen rolu üçün işə cəlb etməyə çalışmışdı), buna görə də Ledcerin obraz üçün nəzərdə tutduğu xaotik təfsir ilə razılaşmışdı. "Betmen:Başlanğıc" filmini görən Ledcer bu filmin mühitinə uyğun obraz yaratmaq qərarına gəlmişdi: Hit Ledcer Cokeri "psixopat, kütləvi qırğın törədən, şizofrenik, sıfır empatiyası olan kloun" kimi canlandırıb. Filmdə Coker Qlazqo gülüşünə malikdir, ənənəvi kimyəvi təsirdən fərqli olaraq onun üzü ağ, ağzının ətrafı isə qırmızı boya ilə rənglənib. Film boyunca cinayətlər vasitəsilə ictimai asayişi pozmağa çalışan Coker Betmenlə münaqişəyə girir. Rola hazırlaşmaq üçün Ledcer, altı həftə ərzində özünü otel otağında həbs etmiş, personajın gündəliyini yazmış, səsi ilə eksperimentlər etmişdir. Əvvəlcə çox çətin olsa da, Ledcer Tim Börtonun 1989-cu ildə çıxarılmış "Betmen" filmində Cek Nikolsonun canlandırdığı Cokerin səsinə bənzər səs tonu əldə edə bilmişdir. Rola hazırlaşması üçün Ledcerə Alan Murun "Betmen:Öldürücü zarafat" qrafik romanı verilmişdir. Daha sonra aktyor, Qrant Morrisonun "Arkam dəlixanası: Ciddi dünyada ciddi ev" qrafik romanını oxumuşdur. "Mexaniki portağal" və Sid Vişesə istinad edən Ledcer qeyd edir ki, "Kristian [Beyl] və mənim üçün bu bir başlanğıc nöqtəsi idi, lakin biz çox qısa zamanda birlikdə tamamilə başqa bir dünyaya gedə bildik." "Onda hər şeydən bir az var. Onda heç nə ardıcıl deyil" deyən Ledcer əlavə edir ki, "Onda bəzi sürprizlər də var." Ledcerə Cokerin göndərdiyi xəbərdarlıq videolarını çəkməyə və rejissorluq etməyə də icazə verilmişdi. Onun hər çəkilişi digərindən fərqlənir. Oğurlanmış jurnalistlə (Entoni Maykl Holl) çəkilmiş səhnə Nolanı çox təəccübləndirmiş və ilk çəkilişdən videonu qəbul etmişdi.. . "Qara cəngavər" filminin çəkilişlərinin tamamlanmasından sonra 22 yanvar 2008-ci ildə 28 yaşlı Ledcer həddən artıq dərman dozasından vəfat etmiş, qəfil vəfatı mətbuatın diqqətini çəkmişdir. "Ölümündən sonra hər gün geri qayıdaraq [montaj zamanı] ona baxmaq həqiqətən də çox emosional idi" deyə Nolan qeyd edir. "Lakin, mən şanslı idim ki, onun fəxr edəcəyi və tamamlanmasını mənə etibar etdiyi işə materiala malik idim." Ledcerin çəkilişləri tamamlanmış bütün səhnələri filmdə əks olunmuşdur; filmin montajı zamanı Nolan Ledcerin performansını tamamlamaq üçün heç bir dijital effektdən istifadə etməmişdir. Rejissor Kristofer Nolan filmi Ledcerin xatirsəinə ithaf etmişdi.