Cəfər Cəbrayıl oğlu Vəliyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000), daxili xidmət general-leytenantı.

Həyatı Cəfər Cəbrayıl oğlu Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan SSR Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960–1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləmişdir.

1962–1971-ci illərdə Azərbaycan Respublikası Prokurorunun birinci müavini, 1971–1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978–1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.

Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi.

Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Cəfər Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq" şirkətlər qrupunun prezidenti vəzifəsində çalışmışdır.

Cəfər Vəliyevin Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə "Şöhrət", 11 noyabr 2005-ci il tarixli Sərəncamı ilə "İstiqlal" ordenləri ilə təltif edilmişdir. Həmçinin SSRİ, Polşa, Çexoslovakiya, Monqolustan və Kubanın orden və medalları ilə də təltif edilmişdir.

Azərbaycanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun ayının 1-də Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan general-leytenantları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar hüquqşünasları Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ general-leytenantları