Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı.
Tarixçə 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.
"ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir.
"ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.
"ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır. "ARB"-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.
Test yayımı müddətində mərkəzi Gəncə şəhərində olan musiqili kanal ARB Ulduz-u yayımlamışdı. 18 aprel 2014-cü il tarixindən etibarən Ailə TV kabel televiziyasından da yayımlanır.
4 may 2014-cü il tarixində isə "ATV Plus" kabel televiziyasının sosial paketinə əlavə edilərək pulsuz yayıma keçmişdir. Daha sonra isə "Azerspace-1" peykində şifrəsiz yayıma keçmişdir.
14 sentyabr 2015-ci il tarixində isə tamamilə 16:9 formatlı təsvir yayımına keçmişdir.
19 sentyabr 2016-cı il tarixində "Region TV" olan telekanalın adı dəyişdirələrək "ARB" olmuşdur.
1 mart 2021-ci il tarixində "Azerspace-1" peykində HD yayım formatına keçib.
5 aprel 2021-ci il tarixində Bakı və Abşeronda 31-ci yerüstü kanalda həm də HD formatda yayıma başladı.
Bağlanması 21 aprel 2020-ci ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb. Məlumata görə, kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Telekanal saat 16:00-da fəaliyyətini bərpa edib.
Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində "Elgizlə izlə" proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.
9 may 2020-ci ildə "Bakıda küləklər əsir" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/3 nömrəli qərarı ilə ARB-nin yayımı 18 may 2020-ci ildə saat 16:00-dən 17:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 17:00-da fəaliyyətini bərpa edib.
8 avqust 2020-ci ildə saat 09:00–10:00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayınlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/1 nömrəli qərarı ilə ARB-nin yayımı 17 avqust 2020-ci ildə saat 08:00-dən 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
3 may 2022-ci ildə saat 13:35–15:30 arası yayımlanan "Elgizlə izlə" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verildiyinə görə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbləri pozulmuşdur. "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının 5 may 2022-ci il tarixli 5/1 nömrəli qərarı ilə ARB-nin yayımı 8 may 2022-ci ildə saat 09:00-dən 12:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 12:00-da fəaliyyətini bərpa edib.
21 aprel 2024-cü ildə saat 03:05–04:33 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "127 saat" bədii filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 20/24-10 nömrəli qərarı ilə ARB-nin yayımı 11 iyul 2024-cü ildə saat 11:00-dan 14:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 14:00-da fəaliyyətini bərpa edib.
10 yanvar 2026-cı ildə saat 23:00–23:55 arası yayımlanan "Səkkiz" serialında istifadə olunan əxlaqdankənar leksik (söyüş) məzmunlu ifadələr texniki cəhətdən məhdudlaşdırılmadan efirə verilmiş və "Media haqqında" Qanunun 14.1.6.-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurasının 13 yanvar 2026-cı il tarixli qərarı ilə ARB-nin yayımı 15 yanvar 2026-cı ildə saat 21:00-dən 00:00-dək 3 saatlıq dayandırılıb. Telekanal 16 yanvar saat 00:00-da fəaliyyətini bərpa edib.
İstinadlar
Xarici keçidlər
ARB | Web ARB | YouTube
Kateqoriya:ARB Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:10 mayda yarananlar Kateqoriya:Azərbaycan televiziya şəbəkələri