"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat.
Tarixi 1924-cü ilin yanvarında Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdı. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur.
1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdiVahid Ömərov. Azərbaycan SSR-də "mədəni inqilabın" mahiyyəti və sovet mədəniyyətinin formalaşması. "Səs" qəzeti, 26.11.2012. Həmin ildə Azərbaycan Kommunist Partiyası “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı ilə “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək barədə qərar verib.
Bu qərardan sonra jurnalın təsisçisi və baş redaktoru C.Məmmədquluzadə M.S.Ordubadiyə yazdığı məktubda jurnalın redaktorluğundan imtina etdiyini göstərir. Bundan sonra jurnalda "Baş redaktor" sözlərini "Heyəti-təhririyyə" əvəz edir. "Allahsızlar İttifaqı"nın sədri İ.Dubinski jurnalı din əleyhinə mübarizədə qətiyyətsizlik göstərdiyinə görə ittiham edir. C.Məmmədquluzadə 8 fevral 1930-cu ildə Azərbaycan KP MK katibliyinə məktub yazaraq jurnalın "Allahsız" adlandırılmasının məqsədəuyğun olmadığını bildirmiş, jurnalın öz adı ilə nəşrinə icazə istəyir.
1931-ci ildə "Molla Nəsrəddin" jurnalını əvəz etmək məqsədilə ittifaqın "Allahsız" adlı jurnalı nəşrə başlayır.
1936-cı ilin noyabr ayında trotskiçilikdə, müsavatçılıqda və casusluqda ittiham olunan onlarca azərbaycanlı kommunist SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən həbs olundu. Həmçinin Mübariz Allahsızlar İttifaqının sədri ədib Vəli Xuluflu da partiyadan qovularaq həbs olundu.
İstinadlar
Ədəbiyyat
Sahib Əsədov. Sovet Azərbaycanında Ateizm Təbliğatı. Mədinə, 2021.
Xarici keçidlər
Kateqoriya:Azərbaycanda din Kateqoriya:1920-ci illərdə Azərbaycan