Eldənizlər (), həmçinin Eldəgəzlər, və ya Azərbaycan Atabəyləri (, Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsası qıpçaq əsilli Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Belə ki, sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa ərazilərini əhatə edirdi.
Sülalənin möhkəmlənməsi Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə sultan Arslanşahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki olaraq hakimiyyəti öz əlinə aldı.Antoine Constant. L'Azerbaïdjan, Karthala Editions, 2002, ISBN 2-84586-144-3, p. 96 Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü.Houtsma, M. T. E. J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, BRILL, 1987, ISBN 90-04-08265-4, p. 1053
Əsrin böyük şairləri Nizami və Xaqani Eldənizlər dövründə yaşamışdılar. Hər iki şairin Eldəniz sarayı ilə sıx əlaqələri olmuşdur. Eldənizlər dövründə memarlıq sahəsində də bir sıra irəliləyişlər əldə edilmişdi. Arran və Naxçıvan-Marağa memarlıq məktəbləri bu dövrdə inkişaf etmişdi. Naxçıvan- Marağa memarlıq məktəbinin inkişafında Memar Əcəminin böyük rolu olmuşdur. Yusif ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Göy Günbəd türbəsi, Atabəylər məscidi kimi memarlıq nümunələri Eldənizlər dövrü ilə bağlıdır.
Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Qızıl Arslanın dövründə paytaxt Təbrizə köçürüldü. O, ara müharibələrinə son qoydu və həmçinin özünü sultan elan edərək Eldənizlərin hakimiyyətini, hökm etdikləri ərazilərdə qanuniləşdirdi. 1191-ci ildə sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu Bəkr, Əmir Əmiran Ömər və Qutluq İnanc əsas rol oynayırdılar.Nuriyeva İradə.s.19–20.
Hakimiyyətdə olan sonuncu hökmdarlar Əbu Bəkr və Özbəyin dövründə dövlət zəifləyərək süquta sürükləndi. Hər iki hökmdar dövlət işləri ilə maraqlanmır və vaxtlarını daha çox içki məclislərində keçirməyə üstünlük verirdilər. Özbəyin dövründə Azərbaycan atabəylərinin torpaqlarının çoxu itirilmişdi, onun hakimiyyəti təkcə Azərbaycanla məhdudlaşmışdı. Nəhayət son hökmdar Özbək dövründə bütün Eldəniz torpaqları Cəlaləddin Məngüberdi tərəfindən işğal edildi. Ona heç bir müqavimət göstərməyən Özbək isə 1225-ci ildə Əlincə qalasında öldü.
Sülalənin mənşəyi Eldənizlər sülaləsinin banisi olan Şəmsəddin Eldəniz qıpçaqlardan idi. Mirxond yazır: "Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: Əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi". Belə olmuşdu ki, sultan Mahmudun hakimiyyəti dövründə bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da Eldəniz olmuşdur.Ziya Bünyadov.s.37
Bəzi mənbələrə görə Eldənizin mənşəyi Qafqazdakı qıpçaqlardan, bəzilərinə görə isə Mərkəzi Asiyadan və Xorasan ərazisindəki qıpçaqlardan gəlməkdədir. Xarəzm tarixçisi Bahaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində atabəy Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəhbərlərindən Kıranla "qohum olduğunu" yazmaqdadır. Xarəzm ordusuna keçənə qədər adı çəkilən qəbilənin böyük hissəsi müsəlman deyildi. Belə ki, qəbilə türk tanrıçılığına pərəstiş edirdi.Əkbər N. Nəcəf.s.22.
Şəmsəddin Eldəniz (1136–1175)
Sülalənin güclənməsi
Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında sui-qəsdlə öldürülməsindən sonra sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı təyin edirlər. O, bu vəzifəsində ikən sultan Mahmud vəfat etdi. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Mömünə xatun ona xüsusi iltifat göstərirdi.Azərbaycan tarixi.s.305.
1136-cı ildə sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, tabeliyindəki torpaqları müstəqil idarə etməyə və saraya nadir hallarda getməyə başladı. Cüzcani yazır: "Eldəniz Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır".Ziya Bünyadov.s.38–39. Bununla Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizin ələ keçirdiyi torpaqlara daxil olan Naxçıvan paytaxt seçildi.İradə Nuriyeva.s.18.
Hakimiyyətin ələ keçirilməsi thumb|left|220px|Atabəy Şəmsəddin Eldənizin adına zərb olunmuş pul. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu 1145–1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Bu proseslər Eldənizin isə İraq Səlcuq sultanlğındakı nüfuzunu daha da artdı.Əkbər N. Nəcəf.s.23.
1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslanşahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.Süleyman Əliyarlı.s.115. 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordu ilə Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşah hökmdar elan edildi.Ziya Bünyadov.s.39–40.
1160-cı ildə Şəmsəddin Eldəniz "böyük atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.Azərbaycan tarixi.s.306.
Atabəy Eldənizin İraq Səlcuq taxtını ələ keçirməsi asan olmadı. Arslanşaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyinin nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah üsyan qaldırdılar. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz sürətli hərəkət edərək onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi.Süleyman Əliyarlı.s.116. Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.Əkbər N. Nəcəf.s.25.
Daha sonra Eldəniz Marağa atabəyi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin ona verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "sultan mənim yanımda yaşayır!" Bundan sonra atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Əxlat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayının yaxınlığında baş vermiş döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı.Ziya Bünyadov.s.41. Lakin bir müddət sonra Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.Əkbər N. Nəcəf.s.26.
Sərhədlərin genişləndirilməsi Eldənizin sonuncu rəqibi, Arslanşahın hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədud 1161-ci ildə vəfat etdi. Onun yerinə gələn Zəngi ibn Mədud 1162-ci ildə sultanın və atabəy Eldənizin vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirdi. Həmin il atabəy Eldəniz Ərdəbil vilayətini Məhəmməd ibn Ağ Quşdan aldı və həmin ərazini oğlu Cahan Pəhləvanın mülklərinə qatdı.Erdoğan Merçil.s.48–49.
1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı. Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Əxlat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam etdi. Həmin ilin iyulunda əmirlərin birləşmiş qüvvələri gürcülərə qarşı ikinci yürüşə başladılar, Eldəniz Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbilə həmlə edərək şəhəri taladılar. Eldəniz yenidən onları şəhərdən qovdu və həmin ilin sonunda şəhəri Şəddadi əmiri Fəzlunun qardaşı əmir Şahənşahın ixtiyarına verdi.Azərbaycan tarixi.s.307–308.
1167-ci ildə Mosul atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdilər. Həmçinin Eldəniz Kirman və Xuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, atabəy Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa yer alırdı. Səlcuq müvərrixi əl-Hüseyni belə qeyd edir: "Əsl hökmdar atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun ancaq adı var idi".
1167–1168-ci ilərdə Kirman hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslanşah qaçıb Həmədana – sultan Arslanşah və atabəy Eldənizin yanına gəldi. 1168-ci ildə atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslanşah atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.Ziya Bünyadov.s.43.
1166-cı ildə çoxsaylı gürcü qoşunu Azərbaycana soxularaq Gəncəyədək irəlilədi. Şəhər qarət və talanlara məruz qaldı. Bu müdaxilədən sonra, 1174-cü ilədək tərəflərdən heç biri fəal hərbi əməliyyat aparmadı. Lakin 1174-cü ilin əvvəlində atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoşunlarının yeni hücumundan xəbər gətirdi. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Əxlat hakimi Şah Ərmənin və Diyarbəkir hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş təşkil etdilər. Ravəndinin məlumatına görə, gürcülər "məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi". Bu məğlubiyyətdən sonra gürcülər Dəbilə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan hücumlarından müvəqqəti olaraq əl çəkdilər.Azərbaycan tarixi.s.308.