Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir.
Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır.
Azərbaycan məhkəmə sisteminin tarixi Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin yenidən yaradılması möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən dövr ərzində ölkənin məhkəmə sistemində əsaslı islahatlar aparılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məhkəmə hüquq islahatı nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, 3 pilləli yeni məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara alınmış, ölkə Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin göstərilən tələblər səviyyəsində seçilməsi təmin edilmişdir. Seçilmiş şəxslərin sırasından müxtəlif təbəqələrin nümayəndələri geniş təmsil olunmuş, nəticə etibarilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mühüm addım atılmışdır.
Məhkəmə sisteminin quruluşu Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.
Konstitusiyadan çıxarış (Maddə 125) Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
Məhkəmə və Hüquq Şurası Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, həmçinin onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Həmçinin hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduruna yenidən baxılmış və bu zaman məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 40-dək hakimin səlahiyyətlərinə xitam verilmiş, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmiş, yeni məhkəmələr, o cümlədən regional apelyasiya məhkəmələri yaradılmış, hakim ştatlarının sayı 50 % artırılmışdır. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları təşkil edir. Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının məhkəmələri
Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiyadan çıxarış (Maddə 130) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.