Yılmaz Güney (Yılmaz Pütün; ) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur.

Həyatı

Filmdən əvvəl Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur. Bu dönəmdə həmçinin hekayələr yazırdı. Daha sonra Atıf Yılmazın dəstəyilə film sektorunda işləməyə başladı.

Filmə başlaması Yılmaz Güney 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərinin həm ssenari müəllifi olmuş, həm də aktyor kimi rol oynamışdır. "Karacaoğlanın Karasevdası" filmində də rejissor assistenti olmuşdur. "Yeni Üfüqlər" və "On Üç" kimi jurnallara da hekayələr yazan Yılmaz Güney bir hekayəsində kommunizm propaqandası etdiyi səbəbilə 1961-ci ildə bir il yarım həbs cəzasına məhkum edilir. İki il sonra filmə qaldığı yerdən davam edən Yılmaz Güney o dövrlərdə daha çox macəra filmləri çəkir. Filmlərində əzilən, xor görülən bir "Anadolu övladının" başqaldırışı var. Bu dövrdə "Çirkin Kral" təxəllüsünü qazanır. Dövrün ən önəmli hadisəsi Lütfü Akadın rejissorluğu ilə çəkilən, ssenarisini özü yazdığı "Sərhədlərin qanunu" filminin çəkilməsi oldu.

Həbsxanaya düşməsi və qaçması Yılmaz Güney 1972-ci ildə "inqilabçılara yardım etmək" səbəbilə 2 illik həbsə və sürgünə məhkum edildi. İçəridə yatdığı zaman ərzində kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxartdığı "Güney" jurnalında yayımlamışdır. 1974-cü ildə həbsxanadan çıxmışdır. Elə həmin il "Arkadaş" filmini çəkir. 1974-cü ildə "Endişe" filmini çəkərkən kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edildi və 13 iyul 1976-cı ildə 19 il həbs cəzası verildi. Beş il həbsxanada qaldıqdan sonra 9 oktyabr 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından icazəli şəkildə çıxmış və ölkəni tərk etmişdir. Yılmaz Güneyin həbsdən qaçması macərası qəribədir; həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün bir günlük icazəsilə çıxan və itib-batan adamın həyat hekayəsini anladan rejissor, bu dəfə filmi özü oynamalı olmuşdu. Bir günlük icazəilə çıxaraq Fransaya qaçmış və həyatının qalan hissəsini orada yaşamışdı. Həbsxanada kino ilə əlaqəsini davam etdirirdi. Həbsdə olarkən ssenari müəllifi olduğu "Sürü" (rej. Zeki Ökten), eləcə də Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" (rej. Şərif Gören) filmləri çəkilmişdir. Həbsxanadaykən "Güney" adlı mədəni jurnalını çıxartdı. "Yol" filmini yenidən montaj etdi və Kann kinofestivalında mükafat aldı. Xaricə qaçdıqdan sonra Fransada "Divar" filmini çəkdi. Bu, onun çəkdiyi son film oldu. 1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşamış və ölümündən sonra Parisdəki "Père Lachaise" qəbiristanlığında dəfn edilmişdir.

Filmoqrafiyası Yılmaz Güney 114 filmdə aktyorluq etmiş, 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olmuşdur.

Yılmaz Güneyin rolu olan əsas filmlər İl Film Rolu 1966 Sərhədlərin qanunu ssenarist, rejissor, aktyor, prodüser 1967 Çirkin Kral bağışlamaz ssenarist, rejissor 1968 Seyyid Xan (Torpağın gəlini) aktyor 1969 Bir Çirkin adam ssenarist, aktyor 1970 Ümid ssenarist, rejissor, aktyor, prodüser

Kitabları Boynu Bükük Öldüler (1971) Ağıt Arkadaş Sürü Salpa (1975) Ölüm Beni Çağırıyor Gençlik Öyküleri Acı Sonsuz Bekleyiş Otuz Yılın Şiirleri Yol Sanık Hücrem Soba, Pencere Camı ve İki Ekmek İstiyoruz Oğluma masallar Zavallılar Sen ve ötekiler

İstinadlar

Xarici keçidlər Yılmaz Güneydən yoldaşı Nebahat Çehreyə sevgi məktubları

Kateqoriya:Türkiyə rejissorları

Kateqoriya:1 apreldə doğulanlar Kateqoriya:1937-ci ildə doğulanlar Kateqoriya:1984-cü ildə vəfat edənlər Kateqoriya:9 sentyabrda vəfat edənlər Kateqoriya:Zazalar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Türkiyə kişi film aktyorları