Almaniya tarixi () — Almaniyanın tarixi.

Alman xalqının formalaşması Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.

Orta Əsrlər thumb|left|150px|Martin Lüter Avropada Reformasiyanın banisi

Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.

16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Əgər 1500-cü ildə Almaniya Avropanın həyatında aparıcı rol oynayırdısa, artıq 1600-cü ildə bu ölkə gerilik və əyalətçilik əlamətləri nümayiş etdirirdi. Ədəbiyyat tənəzzülə uğramışdı, dilin özü də barbarlaşmışdı və danışığa yatmırdı. Buradakı katoliklər də, kalvinistlər də beynəlmiləl asılılığı qəbul etmişdilər, digər ölkələrdə yazılmış kitabları maraqla oxuyurdular. Alman universitetləri əvvəlki illərə nisbətən daha az sayda tələbə cəlb edirdilər. Heç yerdə Almaniyada olan dərəcədə xurafat yox idi, burada başqa yerlərdə olduğundan daha çox cadugərlər tonqalda yandırılırdı. Təhsil alanların çoxu astrologiyaya və falçılığa aludə idi, Cənubi Almaniya ilə Reynland arasındakı ticarət olduqca zəifləmişdi. Bu Atlantik okeanı ölkələrindəki dəyişikliklərlə, həmçinin Reyn çayının mənsəbində öz maraqları olan hollandların nəzarəti ilə əlaqədar idi. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618–1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.The savage wars of peace: England, Japan and the Malthusian trap. By Alan Macfarlane Şəhərlər muzdlu əsgərlər tərəfindən müharibə zamanı qarət edildi, bu soyğunçuluğa onların komandirləri də nəzarət edə bilmirdi. Komandirlər özləri də vətənlərindəki hökumətlərdən heç bir təchizat almadıqlarından öz ordularını saxlamaq üçün bütün əraziləri soyğunçuluğa məruz qoyurdular. Maqdeburq 10 dəfə, Leypsiq isə beş dəfə mühasirə olunmuşdu. Hətta İkinci dünya müharibəsi belə Almaniya üçün Otuz illik müharibə qədər viranedici olmamışdır. Almaniya fiziki cəhətdən belə dağıdıldığı kimi siyasi cəhətdən də xırda hissələrə parçalanmışdı, uzun müddətə Avropa işlərində hansısa bir iştirak etməsini dayandırmışdı. Şərqi Almaniyada, Berlin və Vyana ətrafında yeni və yalnız yarıalman dövlət kompleksləri formalaşmağa başladı. 1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu.

Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark Almaniyanı Prussiya monarxiyasının hakimiyyəti altında birləşdirməyə çalışırdı. Bismark ordunu gücləndirməyi və Almaniyanın birləşdirilməsi yolunda əsas əngəl olan Avstriyanı sıradan çıxarmaq üçün müharibəni yeganə vasitə sayırdı. Bismark diplomatiyası tədricən öz məqsədlərini həyata keçirməyə başlamışdı. Avstriya ilə ümumi razılığa gəldikdən sonra Bismark Danimarka hökumətindən əsasən almanların yaşadığı Şlezviq-Holşteyn vilayətinin verilməsini tələb etdi və rədd cavabı aldıqda 1864-cü ildə Prussiya ordusunu Danimarka ərazisinə yeritdi. Danimarka ordusu darmadağın edildi, Şlezviq-Holşteyn vilayəti işğal olundu. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqları Avstriyanın məğlubiyyətini təsdiq etdi. Bu məğlubiyyət nəticəsində Avstriya həm də Venesiyanı İtaliyaya qaytarmalı oldu. Prussiya təkcə Şlezviq-Holşteyni deyil, Almaniyanın mərkəzi və cənubundakı kiçik alman dövlətlərinin mülklərini də qəti olaraq ilhaq etdi. Beləliklə 1867-ci ildə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa–Prussiya müharibəsi başlayır. Bu müharibədə Fransa darmadağın olunur.

Almaniya İmperiyası və Birinci Dünya müharibəsi

left|thumb|300px|1871-ci ilin yanvarın 18-i Versal Sarayında Almaniya İmperiyasının qurulması, ortada ağ hərbi fomada dayanmış Otto fon Bismark.

1871-ci ilin yanvarın 18-də Versal sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə Avstriya istisna olmaqla bütün alman dövlətləri vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871–1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888–1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.

Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci Dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci Dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü. 1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi.Birinci Dünya müharibəsi bu bazar günü sona çatır Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı.

Veymar Respublikası

thumb|right|200px|Üçüncü Reyx dövründə Almaniyanın gerbi right|thumb|right|1935-ci il. Nürnberq-də keçirilən reyxparad Müharibə Almaniya bütün sosial ziddiyyətləri kəskinləşdirdi. 1918-ci ilin payızı üçün ölkənin sosial-iqtisadi və sosial vəziyyəti partlayış ərəfəsində idi. Bunun üçün bəhanə komandanlığın donanmanı on minlərlə dənizçinin qurban verilməsinə səbəb olacaq uğursuz döyüşə göndərmək cəhdi oldu. Matroslar bu əmri yerinə yetirməkdən imtina etdilər. Eskadra Kil limanına qayıtdıqdan sonra matroslara qarşı cəza tədbirləri görüldü. Buna cavab olaraq matrosların etiraz çıxışları başlandı. Fəhlələr də onlara qoşuldular. Gəmilərdə və kazarmalarda əsgər deputatları sovetləri yaradıldı. Matros və fəhlələrin çıxışları gəmilərin açıq dənizə çıxmasına mane oldu. 1918-ci il noyabrın 7-də Münhendə fəhlə və əsgərlərin güclü nümayişi keçirildi. Bavariya kralı Münhendən qaçmalı oldu. Monarxiya devrildi, kayzer könüllü olaraq taxt-tacdan əl çəkdi. Noyabrın 9-da kansler Maks fon Baden dinc yolla hakimiyyəti demokrat Fridrix Ebertə verdi. Almaniya respublika elan olundu. Noyabrın 10-da sosialistlərin nümayəndələrindən ibarət Xalq Müvəkkilləri Şurası yaradıldı. Rusiyanın təcrübəsindən nəticə çıxaran alman sosial-demokratları ölkədə geniş vətəndaş müharibəsinin baş verməsinə imkan vermədilər.

Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918–1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyatının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.