Mirzə Əbu Turab Axundzadə () — Azərbaycan islamşünas-alimi, din xadimi, axund. Mədinədə və Bağdadda təhsil alıb. Mövhumata, dini fanatizmə, baş yarmağa və zəncir vurmağa qarşı olub. Məhz buna görə də ölkədəki bəzi radikal dindarlar tərəfindən hədələnib, təqiblərə məruz qalıb.
Ölümündən sonra qəbrinin üzərində türbə ucaldılıb. Həmin türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.
Həyatı
Mirzə Əbu Turab Axundzadə 1817-ci ildə Əmircan kəndində anadan olub. İlk təhsilini Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Daha sonra isə Mədinədə və Bağdadda təhsil alıb. Ərəb, fars, türk və rus dillərini bilib. Onun əsl adı məlum deyil. "Əbu Turab" adını Ərəbistanda dini təhsil adığı illərdə ləqəb kimi alıb.
Dövrünün açıq dünya görüşlü ilahiyyatçılarından olub. Mövhumata, dini fanatizmə, baş yarmağa və zəncir vurmağa qarşı olub. Məhz buna görə də ölkədəki bəzi radikal dindarlar tərəfindən hədələnib, təqiblərə məruz qalıb.
1845–1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunub, Qafqaz canişini və Zaqafqaziya Şeyxulislamı Məhəmmədəli Hüseynzadə tərəfindən ona Bakı vilayət qazısı vəzifəsini icra etmək təklif olunub. Lakin o, bu vəzifədən imtina edib.
1901-ci ildə öz qızını təhsil alması üçün Hacı Zeynalabdin Tağıyevin yeni açdırdığı Qızlar məktəbinə qoyub. Əbu Turabın təşəbbüsü ilə Əmircan kəndində də ilk dəfə olaraq qızlar mədrəsəsi açılıb. Həyat qəzetində müxtəlif məqalələrlə çıxış edib. 1907-ci ildə Tiflisdə kitabça kimi nəşr edilmiş "Bizə hansı elmlər lazımdır?" məqaləsində irəli sürülən məsələlər ətrafında qızğın mübahisələr gedib.
1914-cü ildə Orucov qardaşlarının nəşriyyatında Axund Mirzə Əbu Turabın "İslamın təfriqəsi səbəbləri” adlı kitabı nəşr edilib.
1908-ci ildə dünyasını dəyişib və Mərdəkanda Pir Həsən məzarlığında dəfn edilib.
Türbəsi thumb|Türbənin görünüşü 1908-ci ildə Murtuza Muxtarovun sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında Mirzə Əbu Turab Axundzadənin məzarının üzərində türbə ucaldılıb. Türbənin daxilində və ətrafında ümumilikdə 4 sənduqə tipli məzar daşı var. Türbənin mərkəzində daşdan yonulmuş və ornamentlə bəzədilmiş sənduqə qəbir Axund Abuturaba, onun ayaq tərəfində yerləşdirilən sənduqə isə xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevə məxsusdur. Milyonçu 1924-cü il sentyabrın 4-də öz vəsiyyətinə uyğun olaraq Axund Abuturabın ayağı altında (məzarının aşağı hissəsində) dəfn olunub. Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım da vəfat etdikdən sonra 1991-ci ildə atasının yanında dəfn olunub. Bundan başqa türbənin ərazisində Sara Tağıyevanın repressiyaya məruz qalmış həyat yoldaşı Zeynal bəy Səlimxanovun da məzar daşı var. Zeynal bəy Səlimxanov repressiya qurbanı olduğu üçün harda dəfn olunduğu bilinmir. Qoyulmuş məzar daşı isə rəmzidir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Əsərləri
Bizə hansı elmlər lazımdır. Tiflis: "Qeyrət" mətbəəsi, 1907 (Ə. Hüseynzadə, Ö. F. Nemanzadə, Molla Nəsrəddin ilə birgə). İslamın təfriqəsi səbəbləri Bakı: Nəşriyyati-bəradəran Orucov, 1914. İslamın təfriqəsi səbəbləri. Bakı: Azərnəşr, 1993 (mətnin transliterasiyasını, ön sözü, lüğəti çapa haz.: N. Göyüşov, M. Babaşov; red.: M. Nağıyev).
İstinadlar
Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Azərbaycanlı din adamları Kateqoriya:Azərbaycanın din xadimləri Kateqoriya:Azərbaycanın İslam alimləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Azərbaycan publisistləri