Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi Zərrabi məscidi XIX əsrdə Gəncə şəhərində Zərrabi məhəlləsində tikilib. Tədqiqatçı Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar göstərir ki, məscid Zərrabi məhəlləsinin ağsaqqallarından Hacı Qəzənfər Kərbalayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbalayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə məhəllə camaatının hesabına tikilib. Ehtimal edilir ki, Qədim Gəncə ərazisində də Zərrabi məscidi mövcud olub. Lakin ibadətgah 1139-cu ilin zəlzələsindən sonra dağılıb. Məscid iki gümbəzlidir, eyvanlı məscidlər tipində tikilib. Binası üç hissəyə ayrılır. Sahəsi 70 kvadratmetr olan böyük ibadət zalı, sahəsi 30 kvadratmetr olan kiçik otaq və uzunluğu 25 metr, eni 3 metr olan eyvan. İbadət otağında yer olmayanda dindarlar eyvandan da istifadə ediblər.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Zərrabi məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından yaşayış evi kimi istifadə olunub.

Daha sonra yerli mütəxəssislər və sənət xadimləri şəhər rəhbərliyinə müraciət edərək, şəhərdə bərpa olunacaq “Zərrabi” məscidində Poeziya Teatrının yerləşdirilməsinə icazə verilməsini xahiş ediblər. Təklif qəbul olunub və bina təmir olunaraq yaradıcı heyətin ixtiyarına verilib. 1979-cu ildən etibarən binada Nizami poeziya teatrı fəaliyyət göstərməyə başlayıb. Burada Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında bir sıra tamaşalar səhnələşdirilib. Teatr 1981-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərsə də, 1981-ci ildən sonra Gəncə Dövlət Dram Teatrının ştat vahidləri bu teatr üçün verilib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2008-ci ildən məscidin binasında yerləşən Nizami poeziya teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib və hazırda onun açıq hava səhnəsi kimi fəaliyyət göstərir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Zərrabi məhəlləsi Gəncə məhəllələri

İstinadlar

Xarici keçidlər

Zərrabi məscidi

Kateqoriya:Gəncə məscidləri Kateqoriya:Gəncə abidələri Kateqoriya:1882-ci ildə yarananlar Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri