Jukovski Vasili Andreyeviç () – tanınmış rus şairi, 1827-ci ildə Peterburq EA-nın fəxri üzvü, 1841-ci ildə üzvü olmuşdur. Tərcüməçi və ədəbi tənqidçi kimi də məşhurdur.
Həyatı Böyük rus şairi Jukovski Vasili Andreyeviç 1783-cü ilin yanvarında Tula quberniyasının Mişensk kəndində anadan olmuşdur. Bu diyar sinəsində özünün pozulub itməyən əsl nişanələrini – Bulqar çarlığının, ardınca möhtəşəm Qızıl Orda epoxasının əlamətlərini saxlamaqda idi. "Tula – Tolu Orda imperiyasının şəhərlərindən olmuş" – bu adın qədim türk, tatar şəxs və ya yer adları içərisində bolluğunu nəzərə alan Karamzin Tula şəhərinin adını tatar əsilzadəsi adı, xan ailəsinə mənsub olan tarixi şəxsiyyət adı ilə bağlayır. Həqiqətən də Tuladan rus şəhəri kimi danışanda onu müəyyən tarixi dövrlə çərçivələmək lazımdır. Belə ki, həqiqətən hələ XVI əsrdə Tula şəhəri (torpaqları) Moskva-Rus knyazlığına yeni-yeni daxil olmaqda idi. Şairin doğulduğu Mişen(sk) kəndi adı da rus dilində olan saysız-hesabsız türk sözlərindən olan "mişen" — "nişan, əlamət, hədəf" sözü ilə bağlıdır. Bu kəndin də, digər kəndlər kimi sahibi şairin həqiqi atası çox varlı mülkədar olan Afanasi İvanoviç Bunin idi. Onun Tula, Oryol və Kaluqa quberniyalarında çoxlu mülkü var idi.
Buninlər hələ monqol-tatarların gəlişinə qədər rusa qaynayıb qarışan Bulqar türklərindən idilər. Şairin anası isə qəmli taleyinə oğlunun ağlamalı şeirlər həsr etdiyi əsir türk qızı Salihə idi. Salihə öz bacısı Fatimə ilə birgə 1770-ci ildə ruslar Bəndəri işğal edərkən əsir düşmüşdü. Bu gün müasir Moldovanın liman şəhəri olan Benderdən vaxtilə bu qədim Osmanlı şəhərində iki dəfə olmuş Övliya Çələbi "aman yeri Bəndərabad" deyə "Səyahətnamə"-sində ondan güclü qala kimi bəhs edirdi: "Turla (Dnestr çayının qədim türk adı) nəhri kənarında qayalar üstündə tikilmiş bu gözəl qalanın hər bir daşı fil gövdəsi boyda sərt daşlardır. Memarbaşı Sinan ağa bu qalanı tikərkən bütün məharətini göstərmişdir". Qala 1770-ci ildə rus-türk müharibəsində işğal olunsa da, ruslar çox ağır itkilər verir. Bu itki də onların qələbə sevinclərinə ağır kölgə salırdı. Odur ki, şəhərə girərkən dəhşətli intiqam aldılar. Heç kimə rəhm etmədilər, əllərinə kim keçdi, qılıncın ağzına verdilər. Bəndəri tutarkən ordusunun çox tələfat verdiyini eşidən II Yekaterina general Paninə: "Bu qədər qurbanlar bahasına bu qalanı almaqdansa, almasanız daha yaxşı olardı" – deyə generalın tərsliyinə və bihudə qaniçənliyinə narazılığını ifadə etmişdi. Yandırılıb külə verilən və əhalisi qılıncdan keçirilən bu şəhərdə bu kiçicik qızların sağ qalması bir möcüzə idi. Oryollu mülkədar rus zabiti Afanasi Bunin təzəcə pardaqlanan gül kimi incə və təravətli bu qızı atının tərkində düz evinə müharibə qəniməti, əziz töhfə kimi gətirmişdi. Türk qızı doğma Turla çayından (indiki adı Dnestr) Oka çayı sahillərinədək olan bu yolu ümidlə nicat gözlədi. Oğrun-oğrun baxan gözləri arxadan bir çapar, xilas gözləyirdi, heç kimsə yox idi… Rus-türk müharibələrinin alovlandığı XVIII əsr boyunca belə tarixçələr adi hal idi. Yazıçı Sergey Aksakovun arvadının anası Gülsüm (rus cəmiyyətində: İqelsum) 12 yaşında Oçak kalanın (müasir Oçakov) mühasirəsi zamanı əsir düşmüşdü. Məşhur Aksakov qardaşlarının nənəsi türk qızı imiş!…
Rus şairi Vasili Kapnistin anası Krımda əsir tutulan Səlimə adlı türk qızı idi. Məşhur arlist Şepkinin arvadı paşa qızı Aliyə iki yaşında əsir düşmüşdü. 1791-ci ildə, Anapa başdan-başa od tutub yananda, göz yaşları içində sevgi doğulurdu. Bu yaşla dolu gözlər onlara mərhəmət və şəfqətlə baxan gözlərə biganə qala bilmirdi. Nə qədər ki, Afanasi Buninin canı sağ idi, malikanənin əlavə, ayrıca hissəsində – fligeldə Salihə ilə yaşayırdı. Tezliklə onu xaçladılar; yeni adı Yelizaveta Turçaninova oldu (Turçaninova "türk qızı" deməkdir). Oğlu olanadək Salihənin üç qızı olmuşdusa da körpələr çox yaşamamışdı. Salihə əvvəl evdə ağanın kiçik uşaqlarının dayəsi kimi xidmət göstərirdi, daha sonra təsərrüfatı idarə etməyi də ona həvalə etmişdilər.
Gələcək şair doğulanda oğlunu öz adına yazdıra bilməyən Bunin onun gələcəyindən ötrü əndişə keçirir; belə ki, gələcəkdə onun əsilsiz, kəndli oğlunu müddətsiz əsgərlik və təhkimçilik boyunduruğu gözləyirdi. Odur ki, uşağa zadəgan "ata" tapmaq lazım idi. Dostu olan kasıb, lakin qəlbi bol mərhəmətli zadəgan Andrey Jukovskini öz oğluna rəsmən ata yazdırmağa razı sala bilir. Uşağa ata kimi hər hansı bir təhkimli kəndlisini də yazdıra bilərdi, lakin belə olduqda bütün qapılar bu talesiz uşağın üzünə bağlanmayacaqdımı?! Hələ gələcək şair anadan olmamış Buninlər ailəsinə fəlakət üz verir. Onların on bir uşağından altısı bir-birinin ardınca vəfat edir. Onların arasında Leypsiq universitetinin tələbəsi olan yeganə oğulları da var idi. İndisə oğlu olması münasibətilə Bunin kənddə yeni kilsə tikdirir. Yarımçıq bir sevinc içindədir o. Uşaq doğulan kimi altı uşağı dalbadal əlindən gedən dərdli ana bu qanunsuz uşağı dərhal götürüb saxlayır, amma onun kimliyi barədə bircə kəlmə də demədən. Dərddən ölüm yatağına düşən ata son vəsiyyətində üzünü arvadına tutub yalvardı: "Xanım, mən gedirəm, anına bu iki bədbəxti sənə tapşırıram. Onların bu dünyada heç kimləri yoxdur, rəhm elə". Jukovskinin uşaqlıq illəri atası evində keçsə də, bu evdə onun güzəranı anasının kənizliyi üzündən kədərli keçirdi. Həqiqi atasını heç tanımamışdı, onun kimliyi müəmma idi onun üçün. Heç kimlə də bu barədə – çəkindiyi mövzuda danışmazmış. "Mən həmişə tək idim, tək-tənha; yenə özümü hamıdan kənarda tuturam, çünki heç vaxt, heç yerdə mənə mərhəmət göstərməmişlər. Odur ki, adi qeydkeşliyi belə mən böyük lütf və inayət kimi qəbul edirəm", – deyə gündəliyində sonralar yazacaqdı.
Sonra ərli bacılarının evində ayrı-ayrı müəllim və tərbiyəçilərin himayəsində təlim-tərbiyə almışdı. Ata evində də, sonra Tulada gimnaziyada oxuyanda da, ərli bacılarının evində qalarkən daim qızların əhatəsində olurdu. Bu da onun onsuz da yumşaq olan mehriban təbiətinə öz təsirini göstərirdi. Jukovskinin atası oğluna saxta dvoryan familiyası verməklə qapıları onun üzünə açmışdı, lakin onun doğulması ilə bağlı əhvalat, qeyri-qanuni oğul damğası hər zaman özünü hiss etdirirdi. İstər cəmiyyətdə örtülü münasibət, istər anasının qarabaş həyatı ona dağ çəkir, anasının Buninlərin evində nökərlərlə bir yaşaması onun bərkiməmiş gənc qəlbinə sağalmaz yara vururdu. Anasını bu evdə – onun doğulduğu evdə qulluqçu görməsi, sahiblərinin qabağında ayaq üstə durması, xanınların hüzurunda otura bilməməsi onun ürəyinə kədəri köklü-köməçli əkib göyərdirdi.
14 yaşı olanda Moskva Universitetinin nəzdində Nücəba pansionuna daxil olub, dörd il orada təhsil alır. İlk şeirlərini yazmağa başlayır. Pansionda Derjavin və Lomonosov ruhunda təntənəli və fəlsəfi mədhiyyələrini yazır. Əslində bu ruhu gözəl anasının ağlaya-ağlaya gizlində pıçıltıyla oxuduğu qəmli türkülərdən almışdı. Universitetdə "Sobranie" (Toplanış) adlı ədəbi cəmiyyət fəaliyyət göstərirdi. Universitet yoldaşları – Bludov, Daşkov, Uvarov, Turgenev qardaşları idi. Bunlar Rusiyanın gələcəkdə böyük dövlət adamları olacaq gəncləri idi. Bu əsnada balladalarını yazmağa girişir: "Lüdmila" (1808), "Kassandro" (1809), "Svetlana" (1808–1812) çap olunur. Rusiyada romantizmin nəfəsi duyulmağa başlayır. Tərcüməçiliyə böyük maraq göstərir, ən çox alman ədəbiyyatına girişir. Şillerdən başlayır… Belinski sonralar onun haqqında sərrast deyəcəydi: "Jukovskinin səbəbinə alman poeziyası bizə doğmadır".
Ən mühüm o idi ki, anasını qul-qarabaşlıq etdiyi evdən ayırıb, ayrıca evə köçürür. Qərib ürək gülməyi-sevinməyi yadırğamışdı. Al-qana boyanan doğmaları, yanan evlərinin müdhiş xatiratını bu yad ellərdə gördüyü təhqir və zülm əsir Salihəni onu əzizlərinin doğrandığı kazak qılıncından da bərk kəsirdi. İndi burada o türküləri oxumaq olardı, balasının qaraca saçlarını tumarlayıb doyunca "yavrucuğum" deyə bilərdi, lakin yaralı könül bülbül şikəstəsini yadırğamış, yenidən cəh-cəh vurmağa dili dönmürdü. Adını dəyişmiş, onu kilsədə xaçlamışdılar. İndi onun Salihə adını – təmiz, nurlu qadın adını da dini-inancı kimi qadağan etmişdilər. Yeni xristian adına alışıb uyğunlaşmalı idi. Özünün doğduğu xristian oğlunun xətrinə, amma ahu ceyran ədalı alagözlü anasının şirin ninniləri nə qulağından, nə qəlbindən çəkilib getmirdi. Anası "Bəndərdə yüz yerindən qılınclanan" anası o qədər gənc idi ki, onları uşaq vaxtı yatıranda sanki gəlinciklərini yatırdan yeniyetmə qız idi.
…Şair nəhayət doğma evi buraxıb Moskvaya yola düşür. "Vestnik Yevropı" jurnalının redaktor işini aparır. İlk mətbu əsəri olan "Kənd məzarlığı" adlı böyük şeiri bu jurnalda çıxır, lakin canını dişinə tutub məcburən iki il qala bilir. Tələsik kəndə dönür. Gizli həsrət daşıyırdı. Moskvaya gələn kimi kənddə bacısı qızlarının dərsi ilə məşğul olarkən, öz şagirdi Mariya Protasovanı sevirdi… Məhəbbətini gizlədirdi. Qarşılıqlı xoşbəxt məhəbbət!.. Hardasan?! Özlüyündə öz məhəbbətinin xülya, xam xəyal olduğunu bilir və susurdu. İndi tarixlə, ədəbiyyatla məşğul olur, oradan əsas və ciddi biliklər əldə edirdi. Bunlar gələcəkdə onun fəaliyyətinin əsas damarlarını gücləndirəcək, onun ciddi, ağır çəkili yaradıcılığının ruhunun ölməzliyini təmin edəcəkdi.
1812-ci il Vətən müharibəsi başlayır. Rusiyada hamı silaha sarılır, Napoleon ordularının qalibiyyətli yürüşləri və bunun müqabilində fəlakətə düşən Vətənin ağrıları hamının bir anda düçar olduğu və həmin andaca hamını birləşdirən faciə onu cəsarətləndirir, onun dilini açır… Jukovski elçi düşür. Qızın anası (Jukovskinin ata bir bacısı) nəhayət onların bacı-qardaş olduğu səbəbindən bu izdivacın qeyri-mümkün olduğunu bildirib birdəfəlik etiraz edir. Yetim türk oğluna sevgini də çox görürlər.
Xəbər nə qədər gözlənilməz olsa da məhəbbət artıq onun qəlbində elə dərin rişə atmışdı ki, belə qəfil, göydəndüşmə mənfur "tapıntı" da onun eşqini öldürə bilmir.
Jukovski həyatı boyunca yeganə eşqi olan qızın – Maşa Protasovanın sağlığında da, ölümündən sonra da ona çox şeirlər həsr etmişdi. Həqiqətən şairin məhəbbət lirikası faciəvidir: "O qıza", "Mahnı", "19 may 1823-cü il", "Sevincim səndədir", "Dəniz" adlı şeirlərində şair hər şeydən uca, fəqət ayrılığa və ölümə məhkum olan "bəhrəsiz" məhəbbəti vəsf edir.
Rədd cavabı alan şair səfərbərliyə almır, Tarutin altında düşərgədə "Şair rus döyüşçülərinin düşərgəsində" adlı vətənpərvər şeirini yazır, Rus ordusunu əl-əl gəzən bu coşqun vətənpərvərlik şeiri şairə müqayisəyə gəlməz şöhrət gətirir. Həmin ruhda başladığı "Svetlana" poemasını bitirir. İlk əsəri onun siyasi və ədəbi baxışları etibarilə N. M. Karamzinin davamçısı olduğunu göstərirdi. "Olum və ya ölüm" təhlükəsi qarşısında qalan Rusiyada bu anlarda elə güclü patriotizm dalğası qalxmışdı ki, varlılar – ağalar öz rəiyyətindən alaylar düzəldib, paltarını, çörəyini, silahını verib, bu qüvvələri cəbhəyə atırdı. Varlı tacirlər "daş tərəzi günahkarları", "arşından bir çərək sürüşdürən" dünənki pul hərisləri bu gün bütün var dövlətlərini "uf" demədən ortaya qoymuşdular. Bunun sədaları yazıçı Lev Tolstoyun "Hərb və Sülh" əsərindən eşidilir.