Müzəffərilər () — 1314–1393-cü illərdə Mərkəzi İranda, Əcəm İraqında və fasilələrə Azərbaycanda hakimiyyətdə olmuş ərəb əsilli sülalə. Müzəffəri hakimiyyətinin banisi Mübarizəddin Məhəmməd sayılır. Onun dövründə Müzəffərilər güclənərək Yəzd, Kirman, Şiraz, İsfahan, Luristan və Fars bölgələrində hakimiyyət qurdular.
Mübarizəddin Məhəmməddən sonra hakimiyyətə gələn Şah Şüca paytaxtı Şiraza köçürdü. Onun hakimiyyətinin ilk illərində hakimiyyətdaxili mübarizə və Cəlairilər ilə hərbi qarşıdurmalar yaşandı. Lakin rəqiblərini məğlub edərək Müzəffəri ərazilərində tam nəzarəti təmin edə bildi. Şah Şüca bir neçə dəfə Azərbaycanı ələ keçirmək üçün Cəlairilər üzərinə yürüşlər təşkil etsə də, bu yürüşlər nəticəsiz oldu. XIV əsrin 80-ci illərindən etibarən Xorasanı tamamilə ələ keçirən Teymurilər Müzəffəri sərhədlərinə çatdılar. Bu dövrdə Əmir Teymur Şah Şücaya tabe olması üçün ultimatum göndərdi. Şah Şüca Teymurilərin vassallığını qəbul etdi.
1384-cü ildə Şah Şücanın ölümündən sonra Müzəffərilər arasında hakimiyyətdaxili mübarizə başladı. Sülalə üzvləri hakimiyyətdə olduqları bölgələrdə müstəqilliyə can atdılar və mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdılar. Həmçinin Şirazda hakimiyyətdə olan son Müzəffəri hökmdarı Şah Mənsur Əmir Teymura tabe olmaqdan imtina etdi. 1393-cü ildə Şah Mənsur üzərinə yürüş təşkil edən Əmir Teymur Şiraz yaxınlığında onu məğlub etdi, Şah Mənsur döyüşdə öldürüldü. Həmin il Əmir Teymurun əmri ilə sülalənin digər üzvləri də həbs edildilər və daha sonra öldürüdülər. Bununla da Müzəffəri hakimiyyəti süqut etdi.
Sülalənin mənşəyi və güclənməsi Müzəffərilər XIV əsrdə Ərəb fəthləri dövründə Xorasanda yerləşmiş ərəb əsilli sülalədir. Lakin bəzi mənbələrdə sülalənin irani, və ya fars mənşəli olduğu da qeyd edilib. Sülalənin əsası Qiyasəddin Hacı tərəfindən qoyulmuşdur. Monqolların yürüşü dövründə, 1221–1222-ci illərdə Qiyasəddin Hacı Xorasandan Yəzdə, daha sonra isə Meyboda getdi və bir müddət sonra burada vəfat etdi. Oğulları Əbubəkir və Məhəmməd Yəzd atabəyi ƏləüddövləninVə ya Əlaəddin xidmətinə daxil oldular. Əbubəkir Şam və Misirdə Monqol ordusunun hərbi əməliyyatlarında iştirak etmiş və burada həlak olmuşdur. Məhəmməd isə Yəzddə öz əcəli ilə ölmüşdür. Qiyasəddin Hacının bu iki oğlundan nəvələri olmasa da, üçüncü oğlu Mənsurun 3 övladı var idi (Məhəmməd, Əli və Müzəffər). Əlinin övladı olmadığı üçün sülalə Məhəmməd və Müzəffərin soyu ilə davam etmişdir.
Şərafəddin Müzəffər hərbi sahədəki uğurlarına görə Yəzd atabəyi Yusif Şah tərəfindən Meybod və Nəduşən bölgəsinə vali təyin edildi. Yusif Şahın Elxani hökmdarı Arqun xanla münasibətlərinin pozulduğu dövrdə Yusif Şah tərəfindən çıxış etdi. Şərafəddin Müzəffər Arqun xanın ölümündən sonra Qazan xanın xidmətinə daxil oldu. O, Elxani hökmdarı tərəfindən əmiri həzaraYəni yüzlərin komandanı, yüzbaşı təyin edildi. Həmçinin Olcaytu xanın hakimiyyəti dövründə onun Bağdad yürüşünə qatıldı və sonrakı dövrlərdə Kirmanşah-Herat və Mərv-Əbərkuh arasındakı yolların mühafizəsinə təyin edildi. Şərafəddin Müzəffərin 1313-cü ildə ölümündən sonra onun yerinə 13 yaşlı oğlu Mübarizəddin Məhəmməd keçdi. Mübarizəddin Məhəmməd Müzəffəri hakimiyyətinin banisi sayılır.
Mübarizəddin Məhəmməd
thumb|Mübarizəddin Məhəmməd adına zərb edilmiş gümüş dinar
Elxanilərlə münasibətlər və Müzəffəri hakimiyyətinin əsasının qoyulması Şərafəddin Müzəffərin ölümündən sonra əmlakı Fəzlullah Rəşidəddin tərəfindən müsadirə edildi. Bundan sonra Mübarizəddin Məhəmməd əmlakın geri alınması üçün Elxani hökmdarı Olcaytu xanın yanına getməyə qərar verdi. Mübarizəddin Məhəmməd Yəzdə yaxınlaşdıqda bölgəni yağmalamaq üçün gələn Nekudərilərlə qarşılaşdı. Tərəflər arasında baş vermiş toqquşmada Nekudərilərin bir qismi öldürüldü və başları Olcaytu xana aparıldı. 1314-cü ildə Elxani hökmdarı Mübarizəddin Məhəmmədin şücaətini qiymətləndirərək atasından miras qalan mülkü ona geri verdi və onu Meybod və Yəzd ətrafındakı yolların mühafizəsinə təyin etdi.
Bu dövrdə Yəzd atabəyi Hacı Şah ilə Elxani hökmdarı Əbu Səidin münasibətləri pozuldu. Mübarizəddin Məhəmməd Əbu Səidin icazəsi ilə Hacı Şahın üzərinə hərəkətə keçdi. Hacı Şah müqavimət göstərə bilmədi və 1318–1319-cu illərdə şəhəri tərk etdi. Beləliklə, Yəzd atabəyliyi süquta uğradı və Mübarizəddin Məhəmməd bölgəyə vali təyin edildi. Bu dövrdən etibarən Mübarizəddin Məhəmməd burada müstəqil hakimiyyət sürməyə başladı. Həmin dövrdə Mübarizəddin Məhəmməd Nekudərilərlə mübarizəyə başladı və son iki qarşılaşmada onları məğlub etdi. Nekudərilərin rəhbəri Tuman öldürüldü. Bu proseslər Elxani sarayında onun nüfuzunu qaldırdı.
Əbu Səidin 1335-ci ildə ölümündən sonra Mübarizəddin Məhəmməd Yəzddəki Elxani xəzinəsini ələ keçirdi və öz adına pul zərb etdirərək siyasi müstəqillik elan etdi.
İncularla münasibətlər, Kirmanın, Şirazın və İsfahanın ələ keçirilməsi Elxani hakimiyyətinin süqutundan sonra onun ərazilərinin bir qismində hakimiyyət quran Həsən Çobani 1339–1340-cı illərdə əmiri Pir Həsənin komandanlığı altında İncuların tabeliyindəki Şiraza yürüş təşkil etdi. Çobani ordusu şəhəri ələ keçirsə də, əhali üsyan qaldıraraq onları şəhərdən çıxardı. Bundan sonra şəhərə ikinci yürüş üçün hazırlaşan Pir Həsən Mübarizəddin Məhəmməddən yardım istədi. İkinci yürüşdən sonra şəhərə tam nəzarəti ələ keçirən Pir Həsən Kirmanın valiliyini Mübarizəddin Məhəmmədə verdi. Şəhərin keçmiş valisi Qütbəddin Nikruzun müqavimətinə baxmayaraq bölgə tamamilə Müzəffərilərin əlinə keçdi. Həmçinin Bəm qalası, Rikan, Bəsa, Nərmaşir də Müzəffərilərə tabe edildi.
Elxani hökmdarı Əbu Səid dövründə Şiraz və Fars bölgəsinə hakimlik edən İncular Şərafəddin Mahmud Şah dövründən etibarən yarı-müstəqil hakimiyyət sürməyə başladılar. İncularla Müzəffərilər arasında münasibətlərin pozulmasının səbəbi Şirazın ələ keçirilməsi zamanı Mübarizəddin Məhəmmədin Pir Həsənə yardım göstərməsi idi. Bunun qarşılığında İncu hökmdarı Əbu İshaq Yəzdi mühasirəyə alsa da, daha sonra tərəflər arasında sülh imzalandı.
Lakin bu sülhü pozan Əbu İshaq 1343–1352-ci illərdə bir neçə dəfə Kirmanı ələ keçirmək üçün yürüşlər təşkil etdi. 1350-ci ildə Yəzdi yenidən mühasirəyə alsa da, böyük itki verərək geri çəkildi. 1352-ci ildə Əbu İshaqın Kirmana təşkil etdiyi növbəti yürüşdə də ağır itki verməsindən sonra, İncular üzərinə yürüş təşkil edən Mübarizəddin Məhəmməd həmin il Şirazı ələ keçirdi. 1357-ci ildə Mübarizəddin Məhəmməd İsfahanı mühasirəyə aldı. Həmin vaxt Əbu İshaq da şəhərdə idi. İncuların müqavimətini qıran Müzəffəri ordusu şəhərə daxil oldu və ələ keçirilən Əbu İshaq 12 may 1357-ci ildə edam edildi. Beləliklə, İncu hakimiyyəti süqut etdi.
Luristanın və Farsın bir hissəsinin ələ keçirilməsi Şəbankarəlilər mərkəz İyq olmaqla, Fars vilayətinin Tarem, Darab, İstəhban, Ferq və Neyriz kimi şəhərlərinin idarəsini əllərində saxlayırdılar. Şəbankarə əmiri Məlik Ərdəşirin Mübarizəddin Məhəmmədə tabelikdən imtina etməsindən sonra Mübarizəddin Məhəmməd oğlu Şah Mahmudu ordu ilə bölgəyə göndərdi. 1355–1356 Şah Mahmud İyq qalasını mühasirəyə aldı və qalanı ələ keçirdi. Məlik Ərdəşir isə şəhəri tərk etdi və beləliklə, Şəbankarə məliklərinin əraziləri Müzəffərilər tərəfindən ələ keçirildi.
Luristan atabəyi Əlvənd Müzəffəri-İncu qarşıdurmaları zamanı İncuların tərəfindən çıxış edirdi. Bu səbəbdən 1357-ci ilin yanvarında Luristana hərəkət edən Mübarizəddin Məhəmməd Əlvəndin 10 minlik hərbi qüvvəsini məğlubiyyətə uğradaraq Luristana nəzarəti ələ keçirdi.
Azərbaycana yürüş və taxtdan endirilməsi thumb|Mübarizəddin Məhəmmədin taxtdan endirilməsi. Ehtimal ki, Şirazda tapılan Nigarıstan əlyazmasındandır|234x234px
Qızıl Orda xanı Canıbəy 1357-ci ildə Azərbaycana yürüş təşkil etdi. Qızıl Orda qoşunu ciddi müqavimətə rast gəlmədən Təbrizə daxil oldu. Çobani hökmdarı Məlik Əşrəf isə tutuldu və öldürüldü. Canıbəy oğlu Berdibəgi şəhərə vali təyin etdi və paytaxta geri döndü. Lakin bir müddət sonra Canıbəyin xəstələnməsi xəbərini alan Berdibəg, Çobanilərdən Əxicuğu öz yerinə təyin edərək paytaxta getdi.
1359-cu ildə Cəlairi hökmdarı sultan Üveys Əxicuğu Təbrizdən çıxarsa da, əks həmlə edən Əxicuq şəhəri yenidən ələ keçirdi. Hakimiyyət boşluğundan yararlanan Mübarizəddin Məhəmməd 1359-cu ilin yazında böyük ordu ilə Azərbaycana yürüş təşkil etdi. Vərziqanda Əxicuğu məğlubiyyətə uğradan Mübarizəddin Məhəmməd həmin il Təbrizə daxil oldu. Lakin Təbrizdə çox qala bilmədi, sultan Üveysin yenidən bölgəyə hərəkətini xəbər tutduqdan sonra İsfahana geri çəkildi.
İsfahanda oğulları Şah Şüca və Şah Mahmud Mübarizəddin Məhəmmədi taxtdan saldılar. 14 avqust 1459-cu ildə hökmdarın gözünə mil çəkildi. Gözlərinə mil çəkildikdən sonra Farsdakı Səfid qalasında həbs edildi. Bir müddət sonra peşman olan Şah Şüca və Şah Mahmud Mübarizəddin Məhəmmədi yenidən Şiraza gətirərək xütbəni onun adına oxutdular və adına sikkə zərb etdirdilər. Lakin Şah Şüca Mübarizəddin Məhəmmədin tərəfdarlarının onu taxtdan salmaq istədiyi xəbərini aldıqdan sonra, onun adalmarını öldürtdürdü və özünü isə Tabər qalasında həbs etdirdi. Qaladakı şərait səbəbindən xəstlənən Mübarizəddin Məhəmməd daha sonra Bəm qalasına aparılsa da sağalmadı və burada təxmini 1363-cü ilin dekabrı-1364-cü ilin yanvar aylarında vəfat etdi. Meyboddakı Müzəffəriyyə mədrəsəsində dəfn edildi.
Cəlaləddin Şah Şüca
1359-cu ildən etibarən Müzəffəri taxtına oturan Şah Şüca 26 il hakimiyyətdə olmuşdur. O, taxta çıxdıqdan sonra Şirazı paytaxt elan etdi. Qardaşı Şah Mahmudu İsfahan və Əbərkuh valisi, digər qardaşı Əhmədi isə Kirman valisi təyin etdi.
Cəlairilərlə münasibətlər
Şah Mahmudun üsyanı və sultan Üveyslə Cəlayırla qarşıdurma
Şah Şücanın vergi məmurları Əbərkuhdan vergi toplamaq istədikdə Şah Mahmud bunu qəbul etmədi və Şah Şücaya qarşı üsyan etdi. Şah Şücanın adını sikkələrdən və xütbədən çıxararaq müstəqilliyini elan etdi. Bundan sonra Şah Şüca 1362–1363-cü illərdə böyük qoşunla İsfahana doğru hərəkət etdi. Şah Şüca qardaşı ilə müharibədə qəti nəticə əldə edə bilmədi və qardaşlar arasında sülh imzalandı.
thumb|200px|left|Şah Şüca ilə qardaşı Şah Mahmud arasında döyüş. Xandəmirin Həbib-üs-siyar əsərindən. Səfəvi dövrünə aid əlyazma, 1592-ci il
Lakin sülhə əməl etməyən Şah Mahmud Cəlairi hökmdarı sultan Üveysə müraciət etdi və ona kömək göstərəcəyi təqdirdə Müzəffəri dövlətini onun vassalı kimi idarə edəcəyini bildirdi. Bu gözlənilməz təklifi qəbul edən Cəlairi hökmdarı 1363–1364-cü illərdə İsfahana böyük ordu göndərdi. İsfahana çatan Cəlairi ordusu burada 1 ay qalaraq hazırlıqları tamamladı. Bu dövrdə Şah Mahmudun qalib gələcəyini bilən ətrafdakı Müzəffəri əmirləri də Şah Mahmuda qatıldılar. 1364-cü ildə iki ordu Şirazın şimal-şərqində Səri-Cahan adlı yerdə qarşılaşdı. Döyüşdə tərəflərdən heç biri nəticə əldə edə bilmədilər və Şah Şüca Şiraza çəkildi. Onu təqib edən Şah Mahmudun qüvvələri ardınca şəhəri mühasirəyə aldılar. Lakin müqavimət göstərə bilməyəcəyin başa düşən Şah Şüca Şirazı tərk edərək Əbərkuha, oradan da Kirmana çəkildi. Şah Mahmud isə özünü hökmdar elan edərək taxta oturdu.
Bu tarixdən etibarən Müzəffəri ərazilərinin böyük qismi faktiki olaraq Cəlairilər tərəfindən idarə edilirdi və Cəlairilərin vergi məmurları bölgədən vergi toplayırdılar. Şah Mahmud isə əyalət valisi mövqeyində idi. Bu proses təxmini iki il davam etdi. Ardınca bu vəziyyətdən narazı olan Müzəffəri əyanları yenidən Şah Şüca ətrafında birləşməyə başladılar. Kirmandan Şiraza hərəkət edən Şah Şüca 1366-cı ilin iyulunda Şiraz yaxınlığında Şah Mahmudu və Cəlairi qüvvələrini məğlubiyyətə uğratdı və yenidən bölgədə hakimiyyətini təsis etdi. Şah Mahmud İsfahana çəkildi. Şah Şüca 1366–1367-ci illərdə İsfahanı ələ keçirmək üçün yeni yürüş təşkil etdi. Şah Mahmudun sülh təklif edib onun hakimiyyətini qəbul edəcəyini bildirməsindən sonra tərəflər arasında sülh imzalandı. Beləliklə, İsfahanda Şah Şüca adına sikkə zərb edildi və xütbə oxundu.