Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.
Almaniyanın iqtisadi tarixi Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində XIX əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizi və daş kömür yataqları da şimal ərazilərdə idi. Şimali Almaniyadan fərqli olaraq cənubda yerləşən alman dövlətləri təbii sərvətlərlə zəngin deyildilər və iqtisadi inkişaf cəhətdən daha geridə qalırdılar. Cənubi Almaniyada əsasən yüngül sənaye və kiçik müəssisələr inkişaf edirdi. Lakin Almaniya iqtisadiyyatının inkişafında başlıca rolu alman bankları oynayırdılar. Almaniyadakı banklar effektiv işləməklə bərabər, həm də kartellər şəklində birləşərək öz güclərini artırırdılar.
Almaniya İmperiyasının yaranması ilə Almaniya torpaqlarında daha sürətli iqtisadi inkişaf prosesi başlandı. Alman aristokratları, bankirləri, mülkədarları və müəssisə sahibləri həmin dövrdə ilk iqtisadi alman möcüzəsini həyata keçirdilər. Almaniyada İkinci Sənaye İnqilabı baş verdi. Otto fon Bismarkın hakimiyyəti dövründə Almaniya imperiyasının iqtisadi inkişafı sosial yönümlü idi. Almaniyada orta sinif güclənməyə başlayırdı, bu təbəqəyə aid olan insanlar mərkəzi hakimiyyəti və onun ambisiyalarını dəstəkləyirdilər. Lakin imperator I Vilhelmin dövründə Almaniya onun üçün fəlakətli nəticələr doğuran Birinci Dünya müharibəsinə qoşuldu. Bu müharibə nəinki Almaniya imperiyasının iqtisadiyyatını, həmçinin onun varisi olan Veymar Respublikasının iqtisadiyyatını da dağıtdı. Almaniya böyük borclanmaya girdi. 1918-ci ildə 1 ABŞ dolları 8.9 alman markası dəyərində idisə, 1923-cü ildə 1 ABŞ dolları 4.2 trilyon alman markasına bərabər olmuşdu. Veymar Respublikası dövründə alman iqtisadiyyatının tənəzzüldə olması onun dağılmasına gətirib çıxardı. Ölkədə işsizlik səviyyəsi 30% civarında idi.
Lakin 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya iqtisadiyyatı sürətlə dirçəlməyə başladı. Hitler dövründə Almaniya hökuməti ölkəni hərbi cəhətdən gücləndirə bilən və Almaniyanın digər ölkələrdən iqtisadi asılılığını azaldan sənaye sahələrinə subsidiyalar ayırmaqla onların güclənməsinə çalışırdı. Bu dövrdə Almaniya iqtisadiyyatı yenidən Avropada ən güclü iqtisadiyyat adını aldı. Lakin İkinci dünya müharibəsi almanlar üçün daha fəlakətli oldu. Almaniyanın demək olar ki, bütün iqtisadiyyatı dağıdıldı. Buna baxmayaraq, almanlar iqtisadiyyatı sürətlə bərpa etməyi bacararaq iqtisadi möcüzə etdilər.
Makroiqtisadi göstəricilər Almaniya ÜDM böyüklüyünə görə dünyada 4-cü yeri tutur. (BVF, 2010). Ən inkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli iqtisadiyyat və 82,5 milyonluq əhalisiylə də Avropa Birliyinin ən böyük və ən əhəmiyyətli bazarı mövqesindədir. 2004-cü ildə Almaniya 2,216 milyard Avroluq Ümum Milli Məhsul dəyəri ilə adam başına düşən milli gəlir 26.856 Avroya çatdı. İqtisadiyyatdakı bu inkişaf xüsusilə xarici ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu yüksək ixracat performansının dinamikası ixrac edilən malların 84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər, Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə uyğunlaşaraq yüksək texnologiya və xidmət sektoru mərkəzlərinə müvəffəqiyyətlə çevrildiyini göstərən) Rur Bölgəsinin yanında, Münhen və Ştuttqart metropolunun bölgələri (yüksək texnologiya, avtomobil), Frankfurt am Mayn (maliyyə), Köln, Hamburq (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq müqayisəyə görə, Almaniyanın həyat standartları çox yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro, maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Almaniya, qiymət sabitliyiylə də tanınmışdır — 2004 il inflyasiyası 1,7% səviyyəsində qalmışdır. Alman iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai təhlükəsizlik sistemindəki strukturca problemləri həll etməyə çalışmaqdadır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş Şərq əyalətində 17% səviyyəsində oldu. Bunun yanında Almaniyanın yenidən birləşməsi də illik 80 milyard Avroya çatan transfer xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirməkdədir. Buna görə də keçdiyimiz illərdə iqtisadiyyatın böyümə həcmi ildə 1% ətrafında olmuşdur.
İxracat Almaniyanın rəqabət gücünün açıq bir göstəricisi, 1991-ci ildən bəri, istehsal içindəki ixracat payında görülən davamlı artımdır. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat 1991–2001 illəri arasında cəmi maşın istehsalının 52%-dən təxminən 69%-ə çıxmış, kimya sənayesində 50%-dən 70%-ə, avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə 31%-dən 42%-ə yüksəlmişdir. Cəmi sənaye istehsalındakı ixracatın payı 33%-dür. Dünya ticarətində Almaniyanın payı isə 10% ətrafındadır.
İnvestisiyalar Almaniya, xarici sərmayəçilər baxımından yalnız texnoloji inkişafından ötəri deyil, eyni zamanda mərkəzi coğrafi mövqesi, son dərəcə inkişaf etmiş infrastrukturu, hüquq sisteminin etibarlı olması və səriştəli işçi bazarı səbəbiylə də həmişə cazibədar bir mərkəzdir. 2000-ci ildə edilən vergi islahatının ardından həm şirkətlər, həm də fərdi təşəbbüskarlar üçün vergi yükü əhəmiyyətli bir nisbətdə azalmış və beynəlxalq miqyasda rəqabət edə bilər hala gəlmişdir. 1994-cü və 2003-cü illəri arasında Almaniya, aralarında General Electric ya da AMD kimi dünya lideri şirkətlərin də olduğu qruplardan gələn böyük sərmayələr olmaq üzrə cəmi 387 milyard ABŞ Dolları qədər birbaşa sərmayə qoyulmuşdur. Sərmayə qərarı alınmasında ən böyük müsbət olaraq xüsusiyyətli iş qüvvəsi ön plana çıxmışdır. Çalışanların 81%-i bir peşə təhsili sahibiykən bunların 17%-i bir universitet ya da yüksək məktəb məzunudur. Bu yüksək nisbətlərə çatmada, təhsildə "ikili sistem" əhəmiyyətli bir rol oynamışdır. Bu sistemlə cəmiyyətin təhsil keyfiyyətində yüksək və xaricdə də təqdir edilən bir səviyyəyə çatmaq mümkün olmuşdur.
Almaniya, xüsusilə də yüksək texnologiya sahəsində, xarici sərmayəçilərin marağını çəkən bir mərkəzdir: 2004–2005-in böyük xarici sərmayəçiləri arasında, Drezdendə 2,5 milyard Avro dəyərində ikinci bir mikroçip fabriki inşa edən Kaliforniyalı mikroçip istehsalçısı Advanced Micro Devices (AMD), dərman sektorunda da Neu-Ulm və Drezdendə böyük sərmayələr edən Pfizer və GlaxoSmithKline (GSK) sayıla bilər. Dünyanın ən böyük texnologiya şirkəti olan General Electric (GE), 500 milyon Avro xərcləmə edərək qlobal araşdırma mərkəzini Münhen yaxınlarındakı Qarçinqdə açmışdır. Xarici firmalar Alman bazarının güclü yönlərinin fərqindədirlər: Almaniyada, 500ü dünyanın ən böyüklərindən olan təxminən 22 000 beynəlxalq firma fəaliyyətdədir.
İqtisadi regionlar
Almaniya bir federasiya olaraq çoxmərkəzli ölkədir və vahid iqtisadi mərkəzi yoxdur. Birja Frankfurt şəhərində yerləşir, ən böyük Media şirkəti (Bertelsmann SE & Co. KGaA) baş ofisi Güterslohda yerləşir; ən böyük avtomobil istehsalçıları Volfsburqda (Volkswagen), Ştutqartda (Mercedes-Benz və Porsche) və Münhendə (Audi və BMW) yerləşirlər.Gürtler, Detlef: Wirtschaftsatlas Deutschland. Rowohlt Berlin, 2010
Almaniya daha sıx Avropa iqtisadi və siyasi inteqrasiyasının tərəfdarıdır. Onun ticarət siyasəti getdikcə daha çox Avropa İttifaqı (Aİ) üzvləri arasında razılaşmalar və Aİ-nin vahid bazar qanunvericiliyi ilə müəyyən edilir. Almaniya 1 yanvar 1999-cu ildə ümumi Avropa valyutası olan avronu təqdim etdi. Onun pul siyasətini Frankfurtda Avropa Mərkəzi Bankı müəyyən edir.
Cənub əyalətləri (), xüsusilə Bayern, Baden-Vürtemberq və Hessen iqtisadi cəhətdən şimal əyalətlərindən daha güclüdür. Almaniyanın ənənəvi olaraq ən güclü (eyni zamanda ən qədim) iqtisadi rayonlarından biri qərbdə Duysburq və Dortmund arasında yerləşən Ruhr bölgəsidir. Ölkənin 100 ən böyük şirkətindən 27-si orada yerləşir. İqtisadiyyatı təbii sərvətlərə və ağır sənayeyə əsaslanan bölgədə son illərdə işsizlik əhəmiyyətli dərəcədə artmışdır (2010: 8,7%).
İşsizlərin ən az olduğu əyalətlər olan Bayern və Baden-Vürtemberq iqtisadiyyatı isə (2018: 2,7%, 3,1%), əksinə, yüksək dəyərli məhsullara əsaslanır. Mühüm sektorlar avtomobil, elektronika, aerokosmik və biotibbdir. Baden-Vürtemberq xüsusilə avtomobil və maşınqayırma sənayesi üçün sənaye mərkəzi və Mercedes-Benz (Daimler), Porsche və Bosch kimi markaların vətənidir.
1990-cı il oktyabrın 3-də yenidən birləşmə ilə Almaniya iki keçmiş respublikanın iqtisadi sistemlərini uzlaşdırmaq üçün əsas vəzifəyə başladı. Müdaxiləçi iqtisadi planlaşdırma Almaniyanın şərqində keçmiş Qərbi Almaniya səviyyəsinə qədər tədricən inkişafı təmin etdi, lakin Qərbi Almaniya əyalətlərində yaşayış səviyyəsi və illik gəlir əhəmiyyətli dərəcədə yüksək olaraq qalır.Berg, S., Winter, S., Wassermann, A. The Price of a Failed Reunification Spiegel Online International. 5 September 2005. Retrieved 28 November 2006. Şərqi Almaniya iqtisadiyyatının modernləşdirilməsi və inteqrasiyası prosesi davam edir, qərbdən şərqə illik transferlər 2019-cu ilə qədərki dövrdə təxminən 80 milyard dollar təşkil edirdi. Ümumi işsizlik səviyyəsi 2005-ci ildən ardıcıl olaraq azalıb və 2012-ci ildə son 20 ilin ən aşağı səviyyəsinə çatıb. 2014-cü ilin iyul ayında ölkə 1 yanvar 2015-ci il tarixindən tətbiq edilən federal qaydada minimum əmək haqqının təyini üçün qanunvericiliyə başladı.
Lakin 25 may 2023-cü ildə Almaniya iqtisadiyyatında tənəzzül elan edildi. Yanvar-mart ayları arasında Ümumi Daxili Məhsulun (ÜDM) 0,3% azaldığı bildirilir. Bu daralma əsasən istehlak xərclərini azaldan qiymətlərin artması ilə əlaqədardır. Almaniyanın statistika idarəsi ilin birinci rübündə ev təsərrüfatlarının xərclərinin 1,2% azaldığını bildirib.
Təbii ehtiyatlar Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır. Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur kömür və duz ehtiyatları aiddir. Neft, təbii qaz və digər vacib xammal məhsulları Almaniyaya digər ölkələrdən idxal olunur.