Nəzər Heydər oğlu Heydərov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).

Həyatı Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır.

1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır.

Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır. 1931-ci ildən başlayaraq 18 il Azərbaycan neft sənayesində işləmiş, Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan neft texniki təchizat trestinin müdiri, "Azneft" birliyi rəisinin müavini və rəisi, "Kirovabadneft" trestinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin 1949-cu ilin may ayında keçirilmiş IV sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir. O, bu vəzifədə 1954-cü ilədək işləmiş, paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Nəzər Heydərov 1954–1959-cu illərdə "Azərnefttextəchizat" idarəsi rəisinin müavini olmuş, 1960-cı ildə isə fərdi təqaüdə çıxmışdır.

Nəzər Heydərov dəfələrlə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin, Zaqafqaziya və AzərbaycanMİK-lərinin üzvü olmuşdur. 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.

Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Onun Zəngəzurda inqilabi hərəkatdan bəhs edən "Zəngəzur dağlarında" adlı kitabı 1972-ci ildə yayımlanmış, rus və erməni dillərinə tərcümə edilmişdir.

Ailəsi Nəzər Heydərovun oğlu Arif Heydərov (1926–1978) Azərbaycan SSR daxili işlər naziri olmuş, xidməti otağında qətlə yetirilmişdir. Digər oğlu Qaçay Heydərov (1920–1990) isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuş, professor elmi adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:DQMV Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Ağdaş Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Qubadlı Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR qəzalarının inqilab komitələrinin sədrləri Kateqoriya:Azərbaycan SSR siyasətçiləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan memuarçıları