Fayl:Socrates Louvre.jpg

Fəlsəfə tarixi — fəlsəfi düşüncənin inkişafını sistemli şəkildə öyrənən sahədir. Bu sahə fəlsəfəni arqumentasiyaya əsaslanan rasional araşdırma kimi nəzərdən keçirir. Bununla belə, bəzi nəzəriyyəçilər mifləri, dini ənənələri və atalar sözləri ilə bağlı bilikləri də fəlsəfə tarixinə daxil edirlər.

Qərb fəlsəfəsi Qədim Yunanıstanda kainatın fundamental mahiyyətinin araşdırılması ilə meydana gəlmişdir. Sonrakı fəlsəfi inkişaflar reallıq və şüurun mahiyyəti, insanların necə davranmalı olduğu və biliyə necə yiyələnmək kimi geniş mövzuları əhatə etmişdir. Orta əsrlər dövründə əsas diqqət daha çox ilahiyyata yönəlmişdi. İntibah dövründə Qədim yunan fəlsəfəsinə maraq yenidən artmış və humanizm meydana gəlmişdir. Yeni dövr fəlsəfi və elmi biliyin necə yaradıldığına diqqətin artması ilə səciyyələnmişdir. Bu dövrdə yaranan yeni ideyalar Maarifçilik dövründə ənənəvi hakimiyyət və nüfuz sahiblərinə qarşı istifadə edilmişdir. XIX və XX əsrlərdəki mühüm inkişaflara alman idealizmi, praqmatizm, pozitivizm, formal məntiq, dil təhlili, fenomenologiya, ekzistensializm və postmodernizm daxildir.

Ərəb-fars fəlsəfəsi qədim yunan filosoflarının güclü təsiri altında inkişaf etmişdir. Onun ən yüksək inkişaf dövrü İslamın qızıl dövrünə təsadüf etmişdir. Əsas mövzulardan biri ağıl və vəhyin həqiqətə çatmağın bir-biri ilə uzlaşan iki yolu kimi əlaqəsi idi. İbn Sina İslam inancı ilə yunan fəlsəfəsini birləşdirən hərtərəfli fəlsəfi sistem yaratmışdır. İslamın qızıl dövründən sonra fəlsəfi araşdırmaların təsiri zəifləmişdir. Buna qismən Əl-Qəzalinin fəlsəfəni tənqid etməsi səbəb olmuşdur. XVII əsrdə Molla Sədra mistisizmə əsaslanan metafizik sistem yaratmışdır. XIX və XX əsrlərdə İslam modernizmi ənənəvi İslam təlimlərini müasirliklə uzlaşdırmaq cəhdi kimi meydana gəlmişdir.

Hind fəlsəfəsi reallığın mahiyyətinə, biliyə yiyələnmə yollarına və mənəvi baxımdan maariflənməyə necə çatmaq məsələsinə eyni vaxtda maraq göstərməsi ilə səciyyələnir. Onun kökləri Vedalar kimi tanınan dini mətnlərə gedib çıxır. Sonrakı Hindistan fəlsəfəsi çox vaxt Vedaların təlimləri ilə sıx bağlı olan ortodoks məktəblərə və Buddizm və Caynizm kimi qeyri-ortodoks məktəblərə bölünür. Bu ənənələrə əsaslanan nüfuzlu məktəblərə hinduizmin Advaita Vedanta və Navya-Nyaya məktəbləri, eləcə də buddizmin Madhyamaka və Yoqacara məktəbləri daxildir. Müasir dövrdə Hindistan və Qərb düşüncələri arasında fikir mübadiləsi müxtəlif hind filosoflarını hərtərəfli fəlsəfi sistemlər yaratmağa sövq etmişdir. Onlar müxtəlif fəlsəfi və dini məktəbləri birləşdirməyə və uzlaşdırmağa çalışmışlar.

Çin fəlsəfəsində əsas mövzular düzgün ictimai davranış, idarəetmə və özünü təkmilləşdirmə idi. Erkən Çin fəlsəfəsində konfutsiçilik əxlaqi fəzilətləri və onların cəmiyyətdə harmoniyaya necə gətirib çıxardığını araşdırırdı. Daoizm isə insanlarla təbiət arasındakı əlaqəyə diqqət yetirirdi. Sonrakı inkişaflara buddist təlimlərin yayılması və dəyişməsi, eləcə də Süan-süə və neokonfutsiçilik məktəblərinin meydana gəlməsi daxildir. Çin fəlsəfəsinin müasir dövrü Qərb fəlsəfəsi, xüsusilə marksizm ilə qarşılaşması ilə səciyyələnmişdir. Fəlsəfə tarixində təsirli olmuş digər ənənələrə Yapon fəlsəfəsi, Latın Amerikası fəlsəfəsi və Afrika fəlsəfəsi daxildir.

Tərif və əlaqəli fənlər

Fəlsəfə tarixi fəlsəfi düşüncənin tarixi inkişafını öyrənən araşdırma sahəsidir. Onun məqsədi fəlsəfi anlayışları və təlimləri, onları irəli sürmüş filosofları, eləcə də həmin filosofların mənsub olduqları düşüncə məktəblərini sistemli və xronoloji şəkildə təqdim etməkdir. Fəlsəfə tarixi sadəcə nəzəriyyələr toplusu deyil, həm də bu nəzəriyyələrin bir-biri ilə necə əlaqəli olduğunu göstərməyə çalışır. Məsələn, bəzi düşüncə məktəbləri əvvəlki nəzəriyyələr üzərində qurulur, digərləri isə onları rədd edərək alternativ izahlar irəli sürür. Tamamilə mistik və dini ənənələr onların iddiaları rasional araşdırmaya və arqumentasiyaya əsaslanmadıqda, çox vaxt fəlsəfə tarixindən kənarda saxlanılır. Bununla belə, bəzi nəzəriyyəçilər mövzuya daha geniş yanaşaraq ənənəvi dünyagörüşülərin fəlsəfi aspektlərini, dini mifləri və atalar sözləri ilə bağlı bilikləri də bu sahəyə daxil edirlər.

Fəlsəfə tarixinin həm tarixi, həm də fəlsəfi komponenti vardır. Tarixi komponent fəlsəfi düşüncənin müxtəlif dövrlərdə necə inkişaf etdiyini araşdırır. O, hansı filosofların müəyyən baxışları müdafiə etdiyini və onların sosial-mədəni şəraitdən necə təsirləndiyini öyrənir. Fəlsəfi komponent isə araşdırılan nəzəriyyələri həqiqət və əsaslılıq baxımından qiymətləndirir. Bu yanaşma həmin mövqelərin lehinə irəli sürülmüş arqumentləri nəzərdən keçirir, gizli fərziyyələri müəyyənləşdirir və fəlsəfi irsi müasir auditoriya üçün anlaşıqlı edir. Eyni zamanda bu irsin aktuallığını qiymətləndirir.

Bəzi fəlsəfə tarixçiləri əsas diqqəti tarixi komponentə yönəldir və fəlsəfə tarixini daha geniş intellektual tarix sahəsinin bir hissəsi hesab edirlər. Digərləri fəlsəfi komponenti ön plana çəkərək fəlsəfə tarixinin maraq dairəsinin yalnız tarixi məsələlərlə məhdudlaşmadığını və buna görə də intellektual tarixdən daha geniş olduğunu bildirirlər.

Fəlsəfə tarixinin fəlsəfənin özündən nə dərəcədə müstəqil bir sahə hesab edilə biləcəyi mübahisəlidir. Bəzi nəzəriyyəçilər fəlsəfə tarixinin fəlsəfənin ayrılmaz hissəsi olduğunu iddia edirlər. Məsələn, neokantçılardan olan Vilhelm Vindelband fəlsəfənin mahiyyət etibarilə tarixi xarakter daşıdığını və hər hansı fəlsəfi mövqenin necə meydana gəldiyini anlamadan onu başa düşməyin mümkün olmadığını bildirirdi.

Fəlsəfə tarixi ilə sıx bağlı olan digər sahə fəlsəfə tarixşünaslığıdır. Bu sahə fəlsəfə tarixçilərinin istifadə etdikləri metodları araşdırır və həmin sahədə üstünlük təşkil edən fikirlərin zamanla necə dəyişdiyi ilə maraqlanır.

Fəlsəfə tarixini öyrənmək üçün müxtəlif metod və yanaşmalardan istifadə olunur. Bəzi tarixçilər əsas diqqəti fəlsəfi nəzəriyyələrə yönəldir, onların tarixi inkişafından daha çox iddialarını və müasir dövrdəki aktuallığını vurğulayırlar. Digər yanaşmaya görə, fəlsəfə tarixi təkamül prosesidir: bir dövrdən digərinə aydın tərəqqinin baş verdiyi, əvvəlki nəzəriyyələrin təkmilləşdirildiyi və ya daha inkişaf etmiş nəzəriyyələrlə əvəz olunduğu qəbul edilir.

Başqa tarixçilər isə keçmiş fəlsəfi nəzəriyyələri öz dövrlərinin məhsulu kimi anlamağa çalışırlar. Onlar keçmiş filosofların qəbul etdikləri mövqelərə və bu mövqelərin səbəblərinə diqqət yetirir, çox vaxt həmin nəzəriyyələrin bu gün nə dərəcədə aktual olduğu ilə maraqlanmırlar. Bu tarixçilər tarixi şəraitin və filosofun bioqrafiyasının onun fəlsəfi dünyagörüşünə necə təsir etdiyini araşdırırlar.

Digər mühüm metodoloji xüsusiyyət dövrləşdirmədən istifadə edilməsidir. Bu, fəlsəfə tarixinin ayrı-ayrı dövrlərə bölünməsini nəzərdə tutur. Hər bir dövr həmin tarixi zaman kəsiyində geniş yayılmış bir və ya bir neçə fəlsəfi istiqamətə uyğun gəlir.

Ənənəvi olaraq, fəlsəfə tarixi əsasən Qərb fəlsəfəsinə diqqət yetirmişdir. Lakin daha geniş mənada bu sahə ərəb-fars fəlsəfəsi, Hind fəlsəfəsi və Çin fəlsəfəsi kimi bir çox qeyri-Qərb ənənələrini də əhatə edir.

Qərb fəlsəfəsi

Qərb fəlsəfəsi Qərb dünyasının coğrafi bölgəsi və mədəni irsi ilə əlaqəli fəlsəfi ənənə və ideyaları ifadə edir. Bu fəlsəfə Qədim Yunanıstanda yaranmış, daha sonra Roma imperiyasına yayılmış, sonralar Qərbi Avropada inkişaf etmiş və nəticədə Şimali Amerika, Latın Amerikası və Avstraliya da daxil olmaqla digər bölgələrə çatmışdır. 2500 ildən artıq tarixi əhatə edən Qərb fəlsəfəsi e.ə. VI əsrdə yaranmış və bu gün də inkişaf etməkdədir.

Qədim dövr

Qərb fəlsəfəsi e.ə. VI əsrdə Qədim Yunanıstanda meydana gəlmişdir. Ənənəvi olaraq bu dövrün 529-cu ildə, Bizans imperatoru I Yustinianın xristian olmayan təlimləri sıxışdırmaq məqsədilə Platon Akademiyasının və Afinadakı digər fəlsəfi məktəblərin bağlanmasını əmr etməsi ilə başa çatdığı qəbul edilir.

Sokratdan əvvəlki filosoflar

Qədim yunan fəlsəfəsinin ilk dövrü Sokratdan əvvəlki fəlsəfə adlanır və təxminən e.ə. IV əsrin ortalarına qədər davam etmişdir. Bu fəlsəfəni öyrənmək çətindir, çünki ilkin mətnlərin bir çoxu yalnız fraqmentlər şəklində qorunub saxlanılmışdır. Buna görə də onların məzmununu çox vaxt sonrakı əsərlərdəki sitatlar əsasında bərpa etmək lazım gəlir.

Sokratdan əvvəlki fəlsəfənin əsas yeniliklərindən biri bütövlükdə kosmos üçün rasional izahlar verməyə çalışması idi. Bu yanaşma ənənəvi yunan mifologiyasından fərqlənirdi. Yunan mifologiyası Uran və Qeya haqqında miflər kimi teoloji izahlar təqdim edir, yunan fəlsəfəsi inkişaf etdiyi dövrdə də ibadət olunmağa davam edən tanrı və ilahələrin rolunu vurğulayırdı. Sokratdan əvvəlki filosoflar ənənəvi yunan teologiyasına meydan oxuyan ilk mütəfəkkirlər arasında idilər. Onlar dünyanın necə yarandığını və necə fəaliyyət göstərdiyini izah etmək üçün empirik nəzəriyyələr irəli sürməyə çalışırdılar.

İlk filosof hesab edilən Fales (təxminən e.ə. 624–545) kosmosu ilk prinsip, yaxud arxe anlayışı əsasında izah etməyə çalışırdı. O, suyu bütün şeylərin ilkin mənbəyi hesab edirdi. Anaksimandr (təxminən e.ə. 610–545) daha mücərrəd izah irəli sürərək dünyanın yaranmasına cavabdeh olan əbədi substansiyanın insan qavrayışından kənarda yerləşdiyini bildirirdi. O, bu arxeni «hüdudsuz» mənasını verən apeyron adlandırırdı.

Heraklit (təxminən e.ə. 540–480) dünyanın daim dəyişmə vəziyyətində olduğunu düşünür və insanın eyni çaya iki dəfə girə bilməyəcəyini bildirirdi. O, həmçinin daxili aləmi və xarici dünyanı idarə edən əsas nizam kimi başa düşdüyü loqos anlayışının rolunu vurğulayırdı.

Bunun əksinə olaraq, Parmenid (təxminən e.ə. 515–450) həqiqi reallığın dəyişməz, əbədi və bölünməz olduğunu müdafiə edirdi. Onun tələbəsi Elealı Zenon (təxminən e.ə. 490–430) bu fikri əsaslandırmaq üçün bir sıra paradokslar irəli sürmüş, hərəkətin və dəyişikliyin illüziya olduğunu iddia etmişdir. Bunun nümunələrindən biri Axilles və tısbağa paradoksudur.

Bu dövrün digər mühüm nəzəriyyələrindən biri reallığın atom adlanan bölünməz hissəciklərdən təşkil olunduğunu irəli sürən Demokritin (təxminən e.ə. 460–370) atomizm nəzəriyyəsi idi.

Sokratdan əvvəlki digər tanınmış filosoflar arasında Anaksimen, Pifaqor, Ksenofan, Empedokl, Anaksaqor, Levkip və sofistlər, o cümlədən Protaqor və Qorqi var idi.

Sokrat, Platon və Aristotel

Sokratın (e.ə. 469–399) və Platonun (e.ə. 427–347) fəlsəfəsi Sokratdan əvvəlki fəlsəfə üzərində qurulsa da, diqqət və metodologiya baxımından mühüm dəyişikliklər də gətirmişdir. Sokrat özü heç bir əsər yazmamışdır. Onun nüfuzu əsasən müasirlərinə göstərdiyi təsirlə, xüsusilə fəlsəfi araşdırma yanaşması ilə bağlıdır. Çox vaxt Sokrat dialoqları formasında aparılan bu metod müəyyən mövzunu araşdırmaq, onun altında yatan ideya və fərziyyələri tənqidi şəkildə nəzərdən keçirmək üçün sadə suallardan başlayır.

Sokratdan əvvəlki filosoflardan fərqli olaraq, Sokrat metafizik nəzəriyyələrdən daha çox əxlaq fəlsəfəsinə diqqət yetirirdi. Onun bir çox dialoqu ədalət, cəsarət və müdriklik kimi fəzilətləri araşdırmaqla yaxşı həyatın nə demək olduğu sualına həsr olunmuşdur. Etikanın böyük müəllimi hesab edilməsinə baxmayaraq, Sokrat konkret əxlaqi təlimləri müdafiə etmirdi. Əksinə, o, dinləyicilərini müstəqil düşünməyə və öz bilməzliklərini dərk etməyə təşviq edirdi.

thumb|alt=Platon və Aristoteli təsvir edən freska|Platon (solda) və Aristotel (sağda) ideyaları arasındakı fərqləri jestlərlə ifadə edirlər. Qərb fəlsəfəsinin iki banisinin təsvir olunduğu Afina məktəbi freskasından detal.

Sokrat haqqında məlum olanların əksəriyyəti onun tələbəsi Platonun əsərlərindən əldə edilir. Platonun əsərləri müxtəlif filosoflar arasındakı dialoqlar formasında təqdim olunduğuna görə Sokrata aid fikirləri Platonun öz nəzəriyyələrindən ayırmaq çətindir.