Abbas Lisani (; ) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı.

Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbsə, 50 şallaq zərbəsinə və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub.

Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.

2023-cü il fevral ayında Ərdəbil həbsxanasından azad edilərək Yəzd şəhərinə sürgün edilib. Lakin o, günahsız olduğunu deyib və sürgün hökmünə tabe olmayaraq Ərdəbil şəhərinə qayıdıb.

Həyatı

Erkən həyatı və fəaliyyəti Abbas Əsəd oğlu Lisani 1968-ci ildə Ərdəbildə anadan olub. 1997-ci ildən etibarən göstərdiyi milli mədəni fəaliyyətə görə dəfələrlə həbs olunub. 2003-cü il avqustun 25-də Babək Qalası Qurultayında iştirak etdiyinə görə həbs olunub. 2003-cü il sentyabrın 18-də 50 milyon rial pulun girov qoyulması müqabilində azadlığa buraxılıb.250px|thumb|Abbas Lisani və ailəsi həbsxanada 2007-ci il.|left2004-cü ilin iyun ayında Ermənistanın dövlət nümayəndələri iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu məqsədilə Ərdəbilə gəliblər. Ermənistandan gələn heyətin tərkibində Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazilərdən gələn nümayəndələrin olması aşkar edildikdən sonra yerli əhali buna etiraz edib. Daha sonra onlar Ərdəbilin Sərçeşmə məscidində oturaq aksiyası elan ediblər. Abbas Lisani 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidində baş tutmuş oturaq aksiyada iştirak etdiyinə görə həbs edilib. Məscidə hücum edən təhlükəsizlik qüvvələri Abbas Lisanini döyərək, huşunu itirənə qədər ağız və burnunu adyalla örtüblər. Bu döyülmə nəticəsində onun bir neçə qabırğası və burnu sınıb, sol ağ ciyəri və sol böyrəyi zədələnib. Daha sonra 2 gün naməlum yerdə tək nəfərlik kamerada saxlanılıb. Ərdəbil İnqilab Məhkəməsinin 7-ci şöbəsinə aparıldıqdan sonra daha 1 ay saxlanılması haqqında qərar verilir. Bundan sonra Lisani Ərdəbil həbsxanasında tək nəfərlik kamerada saxlanılır. Burada dəfələrlə tibbi yardım üçün müraciət etsə də, bunun üçün aclıq aksiyası etsə də onun istəyi təmin edilməyib. 2004-cü il iyulun 22-də 200 milyon rial pulun girov qoyulması müqabilində azadlığa buraxılıb. Sonradan 800 min rial dəyərində cərimə olunub və "ictimai asayişi pozduğuna görə" 15 şallaq cəzasına məhkum edilib.

2005-ci ildə Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimdə iştirak etdiyinə görə həbs edilib. Avqustun 6-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi Abbas Lisaninin 1 illik Xuzistana sürgün edilməsi haqqında qərar verib. Onu, pantürkçülükdə, milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə, sistemə qarşı təbliğat aparmaqda və türk dilində təqvim nəşr etməkdə ittiham ediblər. Abbas Lisani bu qərara qarşı apellyasiya məhkəməsinə müraciət edib. Onun işi əvvəlcə Tehrandakı ali məhkəməyə, daha sonra isə oradan Kəleybərə təkrar məhkəmə üçün göndərilib. Burada məhkəmə Abbas Lisaninin 1 illik sürgün edilməsi ilə bağlı qərarını ləğv edib onu 1 illik həbs cəzasına məhkum edir.

2006–2014-cü illər 2006-cı il mayın 27-i Milli Qiyam günü çərçivəsində Ərdəbildə on minlərlə insanın qatıldığı aksiyada iştirak edib. Burada polis qüvvələri ilə etirazçılar arasında toqquşma başlayır və etirazçılara atəş açılır. Çox sayda insan ağır yaralanır və ən azı 150 nəfər həbs edilir. Polislər burada Abbas Lisanini də həbs etmək istəsələr də etirazçılar onlara müqavimət göstərib Abbas Lisaninin həbsinə mane olurlar. Sonradan isə onu 2006-cı il iyunun 3-də, Milli Qiyam günündə iştirak etdiyinə görə həbs edirlər. 30 mülki geyimli şəxs həbs üçün order təqdim etmədən onun evinə soxularaq övladlarının və həyat yoldaşının qarşısında Abbas Lisanini döyərək həbs ediblər. Bundan başqa onlar evdə olan kitabları, mobil telefonları, bir kompüteri və müxtəlif video diskləri də özləri ilə aparıblar. İyunun ayının 7-ə qədər onun harada saxlanılması haqqında heç kimə xəbər verilməyib. Ancaq iyunun 7-də ailəsi ilə telefon zənginə icazə verildikdən sonra o, Ərdəbil həbsxanasında tək nəfərlik kamerada saxlanıldığını və aclıq aksiyasına başladığını bildirib. 58 gün aclıqdan sonra ailəsi ilə görüşə icazə verildiyi üçün iyulun 30-da aclıq aksiyasını dayandırıb.

2006-cı il sentyabrında Ərdəbil məhkəməsinin qarşısında siyasi məhbusların azad olunması tələbi ilə aksiya keçirilib. Aksiyada bir neçə nəfər o cümlədən də Fəzail Əziziyan həbs olunub. Həyat yoldaşını həbsxanada görmək üçün ora gedən Kübra Qurbanzadə də aksiyada iştirak etdiyi üçün tutulub. Kübra Qurbanzadənin 3 aylıq hamilə olduğu halda saxlanılması, eləcə də haqsız yerə tutulmasına etiraz olaraq Fəzail Əziziyan aclıq aksiyasına başlayıb. Onlara dəstək məqsədilə digər məhbuslar da bu aksiyaya qoşulublar. Həbsdən çıxmasına 4 gün qaldığına baxmayaraq Abbas Lisani də sentyabrın 22-də aclıq aksiyasına başlayıb. Kübra Qurbanzadə azadlığa buraxıldıqdan sonra aksiyaçılar aclığı dayandırıblar.

Həbsdən çıxmağından bir gün sonra 2006-cı il sentyabrın 27-də Milli Qiyam Günündə iştirak etdiyinə görə Ərdəbil məhkəməsi onu 16 ay həbsə və 50 qamçı zərbəsinə məhkum edib. Məhkəmənin bu qərarına qarşı 2006-cı il oktyabrın 26-da Abbas Lisani apellyasiya şikayəti verib. 2006-cı il oktyabrın 31-də Abbas Lisani yenidən həbs edilib. 2007-ci ilin yanvarın ayının 1-də İran rəsmilərinin onun ailəsinə olan təzyiqlərinə, eləcə də İranda bütün məhbuslara verilən qısa müddətli tərxis hüququnun ona verilməməsinə qarşı etiraz edərək aclıq aksiyasına başlayıb. Yanvarın 18-dən etibarən ona təzyiq etmək üçün onu qış fəslində təkadamlıq, qızdırılmayan kamerada saxlayıblar. Buna baxmayaraq o aclıq aksiyasına davam edib.

2007-ci ilin mart ayında Abbas Lisanini və milli fəal Behruz Əlizadəni sıxışdırmaq üçün silah və narkotik qaçaqmalçılarının saxlanıldığı 7-ci korpusa köçürüblər.

Həbsdə olduğu müddət ərzində təqiblərə məruz qalıb. Saxlanıldığı həbsxana otaqlarına gizli kameralar quraşdırılıb, hər hərəkəti izlənilib, Abbas Lisani ilə söhbət edən, əlaqədə olan məhbuslara hər kəsi ondan təcrid etmək məqsədilə ağır cəzalar verilib. 2007-ci ilin may ayında Abbas Lisani həbsxanadan göndərdiyi müraciətdə Milli Qiyam Gününün ildönümü ilə bağlı hüquq pozuntularına və repressiyalara qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq insanları aksiyalara qatılmağa səsləyib. 2008-ci il mart ayının 4-də Ərdəbil həbsxanasından Yəzd həbsxanasına köçürülüb. 2008-ci il sentyabrın 10-da axşam saatlarında Tehranda Səyyad Məhəmmədianın evində təşkil edilmiş iftar mərasimində iştirak edib. İranın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən bu qonaqlığa edilmiş basqında 17 nəfər həbs olunub. Tutulanlar arasında Abbas Lisaninin həyat yoldaşı və 3 uşağı da olub. 2008-ci il oktyabrın 29-da azadlığa buraxılıb. 2009-cu ilin dekabr ayında Çingiz Bəxtavərin dəfn mərasimində iştirak edib. Dəfn mərasiminin sonunda 50–60 nəfər qara paltarlı İran təhlükəsizlik orqanlarının əməkdaşları mərasimdə iştirak edən insanlara hücum edib onları döyüblər. Döyülənlər arasında Abbas Lisani də olub. 20 nəfəri isə həbs ediblər. Dəfndən əvvəl bir neçə azərbaycanlı milli fəala ETTELAAT məmurları zəng edərək onların dəfndə iştirak etməmələrini istəyiblər. Bundan başqa dəfndən sonra Abbas Lisaniyə zəng olunub və ona deyilib ki Təbrizi tərk etməsə Ərdəbilə onun cənazəsini göndərəcəklər.250px|thumb|Abbas Lisani Babək Qalası Qurultayında

2011-ci ildə Azərbaycan türklərinin yaşadıqları şəhərlərdə Urmiya gölünün qurumasına qarşı bir neçə etiraz aksiyası baş tutub. Aksiyalardan sonra Ərdəbil şəhərində onlarla milli fəal həbs olunub. Abbas Lisani Urmiya gölünün ekoloji vəziyyəti ilə bağlı sentyabrın 3-də Ərdəbildə keçirilən etiraz aksiyalarında iştirak etdikdən sonra sentyabrın 9-da iş yerində saxlanılıb. Mənzilində axtarış aparılıb, kompüteri, kitabları, bir sıra əlyazmaları və öz əşyaları müsadirə edilib. Saxlanıldıqdan sonra yaxınlarla günlərlə onun vəziyyəti haqqında bir xəbər ala bilməyiblər. Saxlanılmasının qanunsuz olduğunu deyərək Abbas Lisani aclıq aksiyasına başlayıb. Daha sonra son aksiyada iştirak etdiklərinə görə həbs edilmiş digər milli mədəni fəallar da aclıq aksiyasına başlayıblar. Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə 2 həftə boyunca ona vəkil tutmağa çalışsa da buna imkan verməyiblər. Abbas Lisaniyə vəkil tutmaq üçün Ərdəbil İnqilab Məhkəməsinə müraciət edən Rüqəyya xanım məsulların kobud rəftarı ilə üzləşib. Daha sonra isə Ettelaat məmurları onu bir daha idarənin qapısına gələcəyi təqdirdə həbs etməklə hədələyiblər. Bundan başqa ona xəbərdarlıq edilib ki, Abbas Lisaninin vəziyyəti haqda heç bir yerli və xarici mediaya məlumat verməsin. Abbas Lisani 16 gün sonra aclıq aksiyasını dayandırıb. Öz həyat yoldaşına zəng edib və bildirib ki başına bir iş gəlsə bu aclıq aksiyasına görə deyil. İki ay qanunsuz olaraq təkadamlıq kamerada saxlanılıb. Ərdəbildə keçirilmiş Urmu gölü aksiyaları zamanı həbs edilmiş gənclərin ailələri "Ettelaat"a çağırılıb. Onların bəziləri Abbas Lisaninin əleyhinə şikayət ərizəsi yazmağa məcbur ediliblər. Abbas Lisani 2011-ci il noyabrın 7-də Ərdəbil İnqilab Məhkəməsinin qərarı ilə 100 min ABŞ dolları qarşılığında zaminə buraxılıb.

2014–2017-ci illər 2014-cü il fevralın 20-də Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yaşayan milli fəallar, Əhərdə Əkbər Abulzadənin evində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirə toplaşıblar. Mərasim başa çatmamışdan qabaq İran təhlükəsizlik orqanlarının əməkdaşları evə girərək ev sahibini aparmaq istəyiblər. Lakin məhkəmə əmri göstərmədikləri üçün məmurlar və milli fəallar arasında münaqişə yaranıb. Bundan sonra 20 polis maşını ilə hadisə yerinə gəlib və sayı 100-dən artıq olan iştirakçıların hamısını saxlayıblar. Tutulanların bəziləri bir neçə saat sonra sərbəst buraxılsalar da bəziləri daha uzun müddət saxlanılıb döyülüb təhqir olunublar. Həbs olunanların arasında Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Savalan, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Abulzadə və Abbas Nəzəri ETTELAAT həbsxanasına aparılıblar. Burada Abbas Lisani ilə birlikdə bir neçə nəfər işgəncələrə məruz qalıblar. Daha sonra onlar bununla bağlı Əhər Ədliyyəsinin prokuroruna məktub ünvanlayıblar.

2015-ci ilin aprel ayında Ərdəbil İnqilab Məhkəməsi Abbas Lisanini "xaricdə yaşayan separatçı qruplar və Günaz TV" ilə mütəmadi şəkildə əməkdaşlıq etməkdə, yazdığı bir məqaləsində sekulyar rejimin zəruri olduğundan bəhs etdiyi üçün "rejimə qarşı təbliğat" aparmaqda günahlandırılaraq bir il həbs cəzasına məhkum edilib.

2015-ci ilin iyul ayında cənubi azərbaycanlı 300 türk fəal uyğurlara dəstək bəyanatı imzalayıblar. Abbas Lisan, Həsən Dəmirçi, Həsən Raşidi, Əkbər Azad və Əbdüləziz Əzimi Qədimin də imzaladığı bəyanatda Azərbaycan Respublikası Türkiyə və İran hüquqşünaslarına müraciət edilib. Onlardan uyğurların problemlərinin beynəlxalq məhkəmələrə çıxarılması istənilib.