Mir Hidayət bəy Seyidov () — azərbaycanlı siyasi xadim, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədr müavini.

İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub.

Həyatı Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə daxil olaraq burada hüquq təhsili almağa başlayıb., lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub. Üç dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub. Daha sonra Azərbaycana geri qayıdıb.

1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq illərlə Ərzurumun müdafiəsinə kömək göndərib.

İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olur.

1918-ci ilin mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında sədr müavini olub. Azərbaycan Cümhuriyyəti parlamentində Müsavat partiyasını təmsil edib. İrəvanın Ermənistana verilməsi haqda verilən qərarın əleyhinə səs verən 3 məclis üzvündən biridir.

1918-ci ildən etibarən daşnakların Naxçıvana hücumlarının qarşısını almaq üçün bura qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edərək, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir.

23 fevral 1919-cu ildə Ordubadda vəfat edib. Onun hansı şəraitdə, necə öldüyü haqda bir məlumat yoxdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 6 mart 1919-cu il tarixli 20-ci iclasında onun vəfatı bəradə də məlumat elan edilib.

Ailəsi Mir Hidayət bəy Seyidovun atası Mir Adil bəy Qüdsi Vənəndinin oğul nəvəsidir. Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur.

Mir Hidayət bəy Şövkət xanım Kazımbəyova ilə ailə həyatı qurub. Qızı Dilarə Seyidova memar olub. Oğlu Adil Seyidov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. Azərbaycan Dövlət Universitetində dərs deyib. 1999-cu ildə dünyasını dəyişib.

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri