Limburq həmçinin Niderland Limburqu kimi tanınır və Niderlandın on iki əyaləti arasında ən cənubda yerləşənidir. Şimalda Gelderland, qərbdə isə Şimali Brabant əyalətləri ilə həmsərhəddir. Uzun şərq sərhədi Almaniya–Niderland sərhədinin bir hissəsini təşkil edir və Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağı ilə uzanır. Qərbdə Belçika–Niderland sərhədi yerləşir. Bu sərhədin bir hissəsi Meza çayı boyunca keçir və Belçikanın Limburq əyalətini Niderland Limburqundan ayırır. Cənubda Limburq Belçikanın Lyej əyaləti ilə həmsərhəddir. Vaalserberq Niderland, Almaniya və Belçikanın sərhədlərinin birləşdiyi ən cənub-şərq nöqtəsidir.
2023-cü ilin yanvarında Limburqun əhalisi təxminən 1 128 000 nəfər idi. Əsas bələdiyyələri əyalətin paytaxtı Maastrixt (2022-ci ilin yanvarına olan məlumata görə, əhalisi 120 837 nəfər), şimal-şərqdə yerləşən Venlo (102 176 nəfər), eləcə də həm Belçika, həm də Almaniya ilə həmsərhəd olan Sittard-Geleen (91 760 nəfər) və cənubdakı Heerlen (86 874 nəfər) şəhərləridir. Əhalinin yarıdan çoxu — təxminən 650 000 nəfər — Limburqun cənubunda yaşayır. Bu ərazi əyalətin ümumi sahəsinin təxminən üçdə birini təşkil edir. Cənubi Limburqda əhalinin böyük hissəsi Maastrixt, Parkstad və Sittard-Geleen şəhər aqlomerasiyalarında məskunlaşıb.
Etimologiya Limburqun adı əyalətin cənubunda, indiki Lyej əyalətində yerləşən, eyniadlı Belçika istehkam şəhəri Limbur-sür-Vezdrdən götürülüb. Orta əsrlərdə bu şəhər Limburq hersoqluğunun mərkəzi olduğuna görə bölgə üçün mühüm əhəmiyyət daşıyırdı.
Limbur adının mənşəyi ilə bağlı bir neçə fərziyyə mövcuddur. Adın ikinci hissəsi olan "bourg" və ya "burg" yer adlarında geniş yayılıb və istehkamlı şəhər mənasını verir. Birinci hissənin isə əhəng və ya cökə ağacları ilə (Tilia cinsi) əlaqəli olduğu ehtimal edilir. Tarixçi Jan-Lui Küpper irəli sürüb ki, şəhərin qurucusu, Aşağı Lotaringiya hersoqu Fridrix, ona Almaniyadakı Limburq abbatlığının adını verib. O, adın german mənşəli, "əjdaha" mənasını verən "lint" sözündən yarandığını daha inandırıcı hesab edir.Jean-Louis Kupper (2007) Les origines du duché de Limbourg-sur-Vesdre", Revue belge de Philologie et d'Histoire Année 85-3-4 pp. 609-637
Köhnə hersoqluğun birbaşa hakimiyyəti altında olan ərazi müasir Belçika və Niderland Limburqu əyalətlərinin əraziləri ilə üst-üstə düşmürdü. Bununla belə, orta əsr Limburq hersoqluğu bölgədə yüksək nüfuza malik titul idi. Digər tərəfdən, hersoqluğun faktiki hakimiyyəti məhdud olsa da, hersoqluqla indiki Cənubi Limburq (həmçinin Overmaas torpaqları adlandırılan ərazi) arasında Brabant hersoqlarının hakimiyyəti dövründə uzunmüddətli əlaqələr mövcud idi. Orta əsrlərdən Fransa inqilabına qədər davam edən bu uzun dövr ərzində həmin ərazilər bəzən birlikdə Overmaas və ya Limburq adlandırılırdı.
1794-cü ildən sonra Birinci Fransa Respublikası Belçika Limburqu ilə birlikdə bölgəni vahid idarəetmə altında birləşdirdi və köhnə feodal cəmiyyəti ilə (Ancien Régime) əlaqələri aradan qaldırdı. Yeni ərazi vahidinin adı, digər departamentlərin adları kimi, çaylar da daxil olmaqla təbii coğrafi xüsusiyyətlərə əsaslanırdı. Bu halda ərazi Meuse-Inférieure və ya Neder-Maas ("Aşağı Meza") adlandırıldı.
Napoleonun məğlubiyyətindən sonra yaradılan Niderland Birləşmiş Krallığı bu əyalət üçün yeni ad seçmək istəyirdi. Nəticədə, yalnız ad baxımından olsa da, Limburq hersoqluğu ilə tarixi əlaqənin bərpa edilməsinə qərar verildi.
Tarix Niderlandın indiki Limburq əyaləti yalnız 1839-cu ildə, 1830-cu ildə başlamış Belçikanın Niderlanddan ayrılması prosesi başa çatdıqdan sonra yaranıb. Bir neçə onillik əvvəl hər iki Limburq ərazisi Fransa inqilabının idarəçiliyi altında birləşdirilmişdi. Bununla belə, onların və ətraf bölgələrin tarixində çoxlu ortaq cəhətlər olsa da, ərazi tarixinin uzun dövrlərində vahid hakimiyyət altında olmayıb.
Əsrlər boyu indiki əyalətin Meza çayı boyunca uzanan strateji mövqeyi onu Avropanın böyük dövlətləri üçün arzuolunan əraziyə çevirib. Limburqun müxtəlif hissələri Qədim Roma, Karolinqlər, Habsburq İspaniyası, Prussiya, Habsburq Avstriyası və Fransanın hakimiyyəti altında olub.
Ərazidə izləri tapılmış ən qədim sakinlər Cənubi Limburqda düşərgə salmış neandertallar olub. Neolit dövründə burada yeraltı mədənlərdə çaxmaqdaşı çıxarılırdı.
Roma dövrü Yuli Sezar e.ə. 53-cü ildə bu ərazini fəth etdi. O yazırdı ki, indiki Limburqun böyük hissəsində yaşayan Eburonlar tayfasının adını, Ambioriksin rəhbərliyi altında baş qaldırdıqları üsyana görə cəza olaraq aradan qaldırıb.
Meza çayı boyunca uzanan şimal-cənub marşrutu Via Belgica yolu ilə kəsişirdi. Bu yol Cənubi Limburqdan keçərək bölgənin iki mühüm şəhəri olan Tonqeren və Kölnü birləşdirirdi. Romalılar bu marşrut üzərində Mosa Trajectum (Maastrixt) və Coriovallum (Heerlen) yaşayış məntəqələrini salmışdılar. Ərazi güclü romanlaşmaya məruz qaldı. Yepiskop Müqəddəs Servatius xristianlığı Roma dövrünün Maastrixt şəhərində yaydı və 384-cü ildə burada vəfat etdi. Görünür, Maastrixt bir müddət romanlaşmış və xristian əhali üçün regional mərkəz kimi Tonqereni əvəz etmişdi. Daha sonra yepiskopluq Maastrixtdən 25 km cənubda yerləşən Lyej şəhərində yenidən quruldu.
Orta əsrlər
Ərazidə Roma hakimiyyəti zəiflədikdən sonra romalıları franklar əvəz etdilər. Frankların hakimiyyəti altında bölgə inkişaf etdi və Köln ən mühüm yerli mərkəz olaraq qaldı. Meza vadisi, xüsusilə indiki əyalətin orta və cənub hissələri, Merovinqlərin Avstrasiya krallığının əsas ərazilərindən biri idi.
Karolinqlər sülaləsinin yüksəlişi ilə Meza vadisi Avropanın mədəni və siyasi baxımdan ən mühüm bölgələrindən birinə çevrildi. Karolinqlərin özləri də bu bölgədən idilər. 714-cü ildə Süsteren abbatlığı yaradıldı. Məlumata görə, bu, indiki Niderland ərazisində ilk xüsusi mülkiyyətə əsaslanan abbatlıq idi. Onun əsas himayədarı Herstaldan Pepinin həyat yoldaşı Plektruda idi. Karl Martell yaxınlıqdakı Herstal şəhərində anadan olmuşdu. Böyük Karl indiki Almaniyanın şəhəri olan və şəhərətrafı əraziləri Cənubi Limburqa qədər uzanan Aaxeni Frank imperiyasının paytaxtına çevirdi.
Böyük Karlın ölümündən sonra Frank torpaqları yenidən hökmdarlar arasında bölüşdürüldü. Avstrasiya torpaqları 843-cü il Verdun müqaviləsi və 855-ci il Prüm müqaviləsi ilə bəzən Lotaringiya adlandırılan ayrıca "Orta krallıq" kimi qalsa da, 870-ci ildə Cənubi Limburqda imzalanmış Mersen müqaviləsi ilə Lotaringiya bölündü. Meza çayı Qərbi Frankiya və Şərqi Frankiya krallıqları arasında sərhədə çevrildi. Nəticədə, indiki Niderland Limburqunun böyük hissəsi Şərqi Frankiya krallığının qərb sərhədində, Belçika Limburqu isə Qərbi Frankiya krallığının tərkibində qaldı. 888-ci il Ribmon müqaviləsi ilə Şərqi krallıq bütün Lotaringiya üzərində, o cümlədən müasir Niderland və Lüksemburqun hamısında, eləcə də indiki Belçikanın böyük hissəsində hakimiyyət əldə etdi.
Torn ətrafındakı bataqlıq ərazi quruduldu. Təxminən 975-ci ildə Maastrixtlə Neymegen arasındakı Roma yolunun yaxınlığında Utrext yepiskopu Ansfrid Benedikt rahibələr monastırını yaratdı. XII əsrdən etibarən bu monastır dünyəvi və ya monastır qurumuna çevrildi. in rəhbəri abbatissa idi. Ona ən yüksək zadəganlıq təbəqəsinə mənsub, iyirmi nəfərədək qadından ibarət şura kömək edirdi.
Mersen müqaviləsinə əsasən ərazi Qərbi Frankiyanın nəzarətində olduğu dövrdə indiki Niderland ərazisində Frank hakimiyyəti, demək olar ki, tamamilə zəiflədi. İki il və ya daha uzun müddət ərzində Meza çayının üzərində və ya yaxınlığında yerləşən Ascloa (Hasloa və ya Haslon da adlandırılırdı) adlı yerdən fəaliyyət göstərən böyük vikinqlər ordusu ətraf bölgəni viran qoydu. Dağıntılar o qədər böyük idi ki, imperator Kök Karl böyük beynəlxalq ordu toplamağa məcbur oldu. Bu ordu 882-ci ildə adanı mühasirəyə alsa da, uğur qazana bilmədi (Asselt mühasirəsi).
X əsrdə Şərqi krallıq Lotaringiya üzərində nəzarətini möhkəmləndirərək Müqəddəs Roma imperiyasına çevrildi. İmperiyanın ilk onilliklərində hakim sülalənin bölgə ilə sıx əlaqələri var idi. Məsələn, imperator III Otto 980-ci ildə Limburqla Şimali Reyn-Vestfaliya arasındakı müasir sərhədin yaxınlığında, Gennepin şərqində yerləşən Kesseldə anadan olmuşdu. 1080-ci ildə Gennepin şimalında yerləşən ərazisində Gennep qrafının oğlu Gennepli Norbert dünyaya gəldi. O, Premonstrantlar ordeninin əsasını qoydu.
Erkən orta əsrlərdə Cənubi Limburq əsasən , Dalem və Herzogenrat senyoriyalarından ibarət idi. Bu ərazilər sonradan Brabant hersoqlarının hakimiyyəti altında Limburq hersoqluğu ilə birləşdirildi və birlikdə Overmaas torpaqları adlandırıldı.
Limburq hersoqluğu və ona bağlı ərazilər ilk dəfə 1288-ci ildə Vorringen döyüşündən sonra Brabantın nəzarətinə keçdi. XV əsrdə isə Burqundiya hersoqluğunun tərkibinə daxil oldu. 1473-cü ilə qədər Overmaas torpaqları və Limburq hersoqluğu Burqundiya Niderlandının Baş ştatlarında vahid nümayəndə heyəti ilə təmsil olunurdu. Overmaas və Limburq adları əhalisi az olan bu ərazini, yəni On yeddi əyalətin bir hissəsini bildirmək üçün qeyri-dəqiq şəkildə işlədilirdi. Maastrixt heç vaxt bu siyasi quruma daxil olmamışdı: birgə suverenlik əsasında idarə olunan şəhər üzərində hakimiyyət həm Lyej knyaz-yepiskopluğu, həm də Brabant hersoqluğu tərəfindən həyata keçirilirdi. Müasir Limburqun mərkəzi və şimal hissələri isə digər siyasi qurumların, xüsusilə Yulix hersoqluğu və Gelderland hersoqluğunun tərkibində idi.
Orta əsrlərin sonlarına doğru indiki Limburq ərazisinin böyük hissəsi Brabant, Gelderland və Yulix hersoqlıqları, Lyej knyaz-yepiskopluğu və ya Köln kurfürstlüyü arasında bölünmüşdü. Bu hersoqlar, knyaz-yepiskoplar və knyaz-kürfürstlər formal olaraq Müqəddəs Roma imperatoruna tabe olsalar da, əslində bir-biri ilə tez-tez müharibə aparan müstəqil hökmdarlar kimi davranırdılar. Bu münaqişələr tez-tez Limburqda və onun uğrunda aparılır, bölgənin parçalanmasına və iqtisadi əhəmiyyətinin azalmasına səbəb olurdu.
Limburq Səksənillik müharibə (1568–1648) zamanı çoxsaylı qanlı döyüşlərin baş verdiyi ərazilərdən biri idi. Bu müharibədə Niderland Respublikası İspaniya Habsburqlarının hakimiyyətindən qurtulmağa çalışırdı. 1574-cü il aprelin 14-də baş vermiş Mukerheyde döyüşündə Oranlı-Nassau şahzadəsi Vilyamın iki qardaşı və minlərlə niderlandlı muzdlu əsgər həlak oldu. Limburq sakinlərinin əksəriyyəti katolik olduqları və kalvinist hollandlara qarşı çıxdıqları üçün İspaniya tərəfində vuruşurdular.
Erkən yeni dövr Erkən yeni dövrdə Limburq əsasən İspaniya Niderlandı (1714-cü ildən sonra Avstriya Niderlandı), Prussiya, Yeddi Birləşmiş Niderland Respublikası, Lyej knyaz-yepiskopluğu və çoxsaylı kiçik müstəqil feodlar arasında bölünmüşdü. 1673-cü ildə Fransa kralı XIV Lüdovik şəxsən Maastrixtin fransız qoşunları tərəfindən mühasirəyə alınmasına rəhbərlik etdi. Mühasirə zamanı onun briqada komandirlərindən biri, Şarl de Bats-Kastelmor d'Artanyan, həlak oldu.
XIX əsr Niderland Limburqunun və qonşu Belçika Limburqunun müasir sərhədləri əsasən Fransa inqilabından sonrakı dövrdə müəyyənləşdi. İnqilab Avropanın köhnə sərhədlərinin və titullarının böyük hissəsini aradan qaldırdı. Hər iki əyalət çayların adını daşıyan yeni Fransa lərinin tərkibinə daxil edildi. Bu ərazilərdən keçən çayın adına uyğun olaraq departament "" — yəni "Aşağı Meza" adlandırıldı.
Napoleon dövründən sonra böyük dövlətlər — Böyük Britaniya, Prussiya, Avstriya imperiyası, Rusiya imperiyası və Fransa — 1815-ci ildə Vyana konqresində bölgəni yeni yaradılmış Niderland Birləşmiş Krallığına verdilər. Paytaxtının adı ilə "Maastrixt" adlandırılması nəzərdə tutulan yeni əyalət yaradıldı. Orta əsrlərə aid adın unudulmasını istəməyən ilk kral I Vilyam əyalətin adının "Limburq əyaləti" olaraq dəyişdirilməsini tələb etdi. Beləliklə, yeni əyalətin adı 1795-ci ilədək Meza çayının şərq sahilində mövcud olmuş köhnə Limburq hersoqluğundan götürüldü.