Şəmsəddin Məhəmməd ibn Əşrəf əl-Hüseyni əs-Səmərqəndi (; ) — XIII əsrdə yaşamış görkəmli alim, riyaziyyatçı, astronom, məntiqçi və ilahiyyatçı. O, Nəsirəddin Tusinin rəhbərliyi altında Marağa rəsədxanasında elmi fəaliyyət göstərmişdir.

1276-cı il civarında qələmə aldığı əsas əsərlərindən başqa Səmərqəndinin həyatı haqqında ətraflı məlumat yoxdur. Səmərqəndi ilahiyyat, məntiq, fəlsəfə, riyaziyyat və astronomiya sahələrində mühüm tədqiqatlar aparmış, dövrünün digər alimlərinin elmi işlərinə ciddi təsir göstərmişdir.

Əsas elmi fəaliyyəti

Məntiq və dialektika

Səmərqəndi dialektikanı tətbiq edərək mühakimə yürütmək və intellektual sorğu-sual metodlarını təhlil etdiyi "Risalə fi adab əl-bəhs" () adlı məşhur əsərini qələmə almışdır. Bu növ elmi mübahisə və dialoq metodları hələ qədim yunan filosofları tərəfindən istifadə olunurdu.

Riyaziyyat və həndəsə

Səmərqəndinin riyaziyyata dair cəmi 20 səhifəlik qısa, lakin yüksək dəyərə malik "Əşkal əs-təsis" () adlı traktatında Evklidin "Başlanğıclar" əsərinin I və II kitablarındakı 35 teorem müzakirə edilir. Bu əsər çoxlu sayda əlyazmalarda, xüsusən də Qazızadə Ruminin şərhləri ilə müasir dövrə qədər saxlanılmışdır. Evkliddən fərqli olaraq, Səmərqəndi həndəsədə hərəkət anlayışını geniş tətbiq etmiş və hərəkət vasitəsilə aparılan isbatı "həqiqi yol" hesab etmişdir.

Əsərdə Evklidin V postulatının (paralellik postulatı) isbatına dair növbəti cəhd yer alır. Əvvəllər bu isbatın Səmərqəndinin özünə aid olduğu zənn edilsə də, sonradan müəllifin Əsirəddin Əbhəri olduğu müəyyən edilmişdir.

Səmərqəndi bu əsəri yazmazdan əvvəl tanınmış müsəlman riyaziyyatçılarının əsərlərinə müraciət etmişdir. Onun tədqiqatlarında İbn Heysəm, Ömər Xəyyam, Əl-Cövhəri, Nəsirəddin Tusi və Əsirəddin əl-Əbhərinin yazılarından geniş istifadə olunmuşdur.

Astronomiya

Səmərqəndi astronomiyaya dair xülasə xarakterli əsərlər yazmış, o cümlədən "Konik kəsiklərin çəkilməsi üçün pərgər haqqında traktat", Klavdi Ptolemeyin "Əlməgest" əsərinə şərh və "Astronomiya tətbiqatı" əsərlərini qələmə almışdır. Bunlardan əlavə, Səmərqəndi tərəfindən 1276–1277-ci illərdə tərtib edilmiş ulduz kataloqu və təqvimi də müasir dövrə qədər gəlib çatmışdır.

Həmçinin bax

Marağa rəsədxanası Nəsirəddin Tusi Evklid

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

(PDF version)

Kateqoriya:Matüridilər Kateqoriya:Mərkəzi Asiya