Anar Məhərrəm oğlu Bayramov (1975, Bakı) — azərbaycanlı həkim, sığorta sahəsi üzrə menecer və dövlət xadimi, 2026-cı il oktyabrın 19-dan Azərbaycan Respublikasının səhiyyə naziri. Tibb üzrə fəlsəfə doktorudur. Səhiyyə naziri təyin olunmazdan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
Həyatı və təhsili Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib; təhsil illərində akademik Mirəsədulla Mirqasımov adına təqaüd alıb. 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyəti 1998-ci ildə "MediClub" klinikasında həkim kimi əmək fəaliyyətinə başlayıb. 2002-ci ildən "A-Group" sığorta şirkətində çalışıb: əvvəlcə İdarə Heyəti sədrinin müavini, 2004–2021-ci illərdə isə şirkətin İdarə Heyətinin sədri olub.
2002-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər 1 və Reanimatologiya Kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub.
2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti, 2017–2020-ci illərdə isə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.
2021-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib, daha sonra nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. 2025-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
2026-cı il fevralın 16-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra aprelin 14-də Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən TƏBİB Müşahidə Şurasının iclasında Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin olunub.
2026-cı il oktyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib; həmin gün əvvəlki nazir Teymur Musayev bu vəzifədən azad olunub.
İctimai fəaliyyəti 2017-ci ildən "Caspian European Club"un sığorta komitəsinə rəhbərlik edir. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür. 20-dən çox elmi məqalənin və iki səmərələşdirici təklifin müəllifidir.
İstinadlar
Həmçinin bax Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Teymur Musayev
Kateqoriya:1975-ci ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Tibb üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Respublikasının nazir müavinləri Kateqoriya:Azərbaycan Respublikasının səhiyyə nazirləri