Əhməd Elşad oğlu Yusifov () — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu, cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2026-cı ildə Bakıda keçirilən dünya çempionatının qalibi, 2025 və 2026-cı illərdə Avropa çempionatının bürünc mükafatçısı, 2026-cı ildə Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi. Azərbaycan cüdosunun tarixində böyüklər arasında dördüncü dünya çempionu və 60 kq çəki dərəcəsində ilk dünya çempionudur.

Həyatı Əhməd Yusifov 31 may 1999-cu ildə Göyçayda anadan olub. Altı yaşından Bakıda yaşayır. Cüdo ilə səkkiz yaşında "Lokomotiv" idman klubunda məşğul olmağa başlayıb. Sonralar Respublika Olimpiya İdman Liseyinə daxil olub və burada Nağı Babayevin rəhbərliyi altında məşq edib. Daha sonra onunla Nicat Şıxəlizadə işləyib; Yusifov böyük idmana marağının məhz onun sayəsində yarandığını bildirib.

Karyerası

Yeniyetmələr və gənclər arasında 30 və 34 kq çəki dərəcələrində çıxış edərkən Bakı birinciliklərinin qalibi olub. 2015-ci ildə 55 kq çəki dərəcəsində Azərbaycan çempionatının finalına çıxıb və bu nəticə ilə milli komandanın tərkibinə daxil edilib. 2016-cı ilin martında Antalyada (Türkiyə), bir ay sonra isə Teplitsedə (Çexiya) yeniyetmələr arasında Avropa Kubokunun qalibi olub, mayda Belsko-Byalada (Polşa) Avropa Kubokunda üçüncü yeri tutub. Həmin ilin iyulunda Vantaada (Finlandiya) yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb. 2016-cı ilin yekununda öz çəki dərəcəsində dünya reytinqinin lideri olub.

2019-cu ilin aprelində Linyanoda (İtaliya), iyulunda isə Berlində gənclər arasında Avropa Kuboku turnirlərinin qalibi olub. Sentyabrda Vantaada gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb, oktyabrda isə Mərakeş şəhərində (Mərakeş) gənclər (21 yaşadək) arasında dünya çempionatında gümüş medala sahib olub.

Böyüklər arasında 2022-ci ilin fevralında Varşavada Avropa Açıq turnirinin qalibi olub. Həmin ilin aprelində Sofiyada keçirilən Avropa çempionatında 1/8 finalda belçikalı Jorre Verstratenə məğlub olub. 2023-cü ilin martında Daşkənddə "Böyük Dəbilqə" turnirində bürünc, avqustda Zaqrebdə Qran-Pri turnirində gümüş medal qazanıb. 2024-cü ildə Zaqreb Qran-Prisində yenidən gümüş medala sahib olub, noyabrda isə Azərbaycan çempionatında gümüş medal qazanıb. 2025-ci ildə Bakıda "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

2025-ci ilin aprelində Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə 2023-cü ilin dünya çempionu və Avropanın mövcud çempionu ispaniyalı Fransisko Qarriqosa qalib gələrək karyerasında ilk dəfə Avropa çempionatının mükafatçısı olub. İyunda Budapeştdə keçirilən dünya çempionatında ilk görüşündə yaponiyalı Ryucu Naqayamaya məğlub olub. Oktyabrda Limada Qran-Pri turnirində gümüş, Qvadalaxarada (Meksika) Qran-Pri turnirində isə fransalı Enzo Jana qalib gələrək bürünc medal qazanıb.

2026-cı ilin fevralında Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin finalında həmyerlisi Balabəy Ağayevi məğlub edərək karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub. 16 aprel 2026-cı ildə Tbilisidə keçirilən Avropa çempionatında dörddəbir finalda fransalı Luka Mxeidzeyə məğlub olsa da, təsəlli görüşlərində irəliləyərək bürünc medal uğrunda görüşdə Balabəy Ağayevə qalib gəlib və ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalını qazanıb. İyunda Ulan-Batorda "Böyük Dəbilqə" turnirində beşinci yeri tutub, Tsinqdaoda (Çin) Qran-Pri turnirində isə bürünc medal qazanıb.

2026-cı il dünya çempionatı 4 oktyabr 2026-cı ildə Bakıdakı Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının ilk günündə 60 kq çəki dərəcəsində dünya çempionu olub. Yarışa beşinci nömrəli toxum kimi qoşulan Yusifov 1/16 finalda monqolustanlı Tümenjarqal Tuvşinturu, 1/8 finalda hindistanlı Harş Sinqhi, dörddəbir finalda rusiyalı Ayub Bliyevi, yarımfinalda isə Çin Taypeyi təmsilçisi Yan Yun-veyi məğlub edib. Qazaxıstan təmsilçisi Şerzod Davlatovla final görüşündə əvvəlcə "ko-uçi-qari" fəndi ilə "vazari" xal itirsə də, rəqibinin onu qaldırmaq cəhdinə əks-fənd tətbiq edərək "vazari" qazanıb, ardınca saxlama fəndi ("osaekomi") ilə ikinci "vazari"ni əldə edərək qalib gəlib.

Bu qələbə ilə Yusifov Azərbaycan cüdosunun tarixində böyüklər arasında dördüncü dünya çempionu və 60 kq çəki dərəcəsində ilk dünya çempionu olub; bu, həmçinin Azərbaycan komandasının ev çempionatındakı ilk medalı idi. Final görüşündən sonra Yusifov görüşün gözlədiyi kimi başlamadığını, lakin sonradan özünü toparlayaraq öz fəndini tətbiq etdiyini bildirib və növbəti məqsədinin olimpiya çempionluğu olduğunu açıqlayıb. 5 oktyabrda çempionatın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Yusifovla görüşərək onu qələbə münasibətilə təbrik edib.

Reytinq 10 oktyabr 2026-cı il tarixinə Beynəlxalq Cüdo Federasiyasının (60 kq) reytinq cədvəlində Əhməd Yusifov 3425 xalla 5-ci yerdədir.

İstinadlar

Xarici keçidlər

Beynəlxalq Cüdo Federasiyasının saytında Əhməd Yusifov Judoinside saytında Əhməd Yusifov

Kateqoriya:1999-cu ildə doğulanlar Kateqoriya:Göyçayda doğulanlar Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Cüdo üzrə dünya çempionları Kateqoriya:Cüdo üzrə Avropa Çempionatının medalçıları