44 — 2026-cı ildə çəkilmiş Azərbaycan tammetrajlı bədii müharibə dramı. Film 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsinə həsr olunub. Rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İmandır. Film Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.
Filmin istehsalı beş il çəkib; çəkilişlər 130-dan çox məkanda, 2500 hərbçinin və ordunun bütün qoşun növlərinin iştirakı ilə aparılıb. Premyerası 12 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilib, 15 oktyabrdan ölkə kinoteatrlarında nümayiş olunur.
Süjet Film bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır. Hadisələr İkinci Qarabağ müharibəsi fonunda cərəyan edir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Rəşad döyüşlərdə iştirak etdiyi zaman onun sevgilisi Zeynəb cəbhə xəttinə yaxın Gəncə şəhərində həkim kimi çalışır. Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi hərbi cinayət Zeynəbi də müharibənin dəhşətləri ilə üz-üzə qoyur. Sevgi və şəxsi sınaqlar xətti gərgin hərbi əməliyyatlarla paralel inkişaf edir. Filmin süjeti Şuşa uğrunda döyüşlərə doğru irəliləyir.
Rollarda İbrahim Çingiz — Rəşad Xəlilov, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Özge Gürel — Zeynəb Özdəmir, türkiyəli həkim-ortoped İlqar Musayev — polkovnik Ramazan Kərimov, xüsusi əməliyyat qrupunun komandiri Hikmət Rəhimov — erməni snayperi Mehriban Zəki — ana
Filmdə həmçinin İsmayıl Kərimov, Tərlan Əli, Azər Atakişiyev, Elnur Nəcəfov, Nadir Rüstəmli, Türkay Cəfərli, Elmir Dadaşev, Mehrac Əşrəfov, Qurban İsmayılov, Mahir Dərviş, Əbdülqəni Əliyev, Nuridə Musabəyli, Rasim Abdullayev və başqaları çəkiliblər.
Ümumilikdə filmdə əsas rollarda 32, epizodik rollarda 1143 aktyor, kütləvi səhnələrdə isə 2000-dək iştirakçı çəkilib. Aktyorlar arasında Vətən müharibəsi iştirakçıları da var.
Yaradıcı heyət Bədii rəhbər: Anar Ələkbərov Quruluşçu rejissorlar: İsmayıl Səfərəli, Maksim Smetana Ssenari müəllifləri: Anar Ələkbərov, İsmayıl İman Prodüser: Orman Əliyev Quruluşçu operator: Oleksandr Pozdnyakov Montaj rejissoru: Elşad Rəhimov Bəstəkar: Ruslan Ağababayev Səs rejissoru: Teymur Kərimov
İstehsal
Ssenari və hazırlıq Film ssenarinin yazılmasından post-prodakşn mərhələsinədək beş ilə ərsəyə gəlib: bədii və rejissor ssenarisinin yazılması iki il, çəkilişlərə hazırlıq bir il, çəkilişlər 14 ay, post-prodakşn işləri isə bir il çəkib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub, layihəyə müxtəlif sahələr üzrə 198 mütəxəssis cəlb edilib. Aktyorlar çəkilişlərdən əvvəl Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçiblər.
Çəkilişlər Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada, ümumilikdə 130-dan çox məkanda aparılıb. Çəkilişlərdə 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü və kütləvi səhnələrdə 2000-dək iştirakçı yer alıb; filmdə ordunun bütün qoşun və qüvvə növləri təmsil olunub. Döyüş səhnələri üçün tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər daxil olmaqla 150-dən çox texnika və xüsusi avadanlıq, 300 min təlim və döyüş patronu, eləcə də pirotexniki vasitələr və kaskadyor avadanlıqlarından istifadə olunub. Final döyüş səhnəsi fevral ayında Şuşada, tərk edilmiş bir zavodun beton karkasında, qar yağan havada lentə alınıb.
Post-prodakşn 112 saatlıq çəkiliş materialı üzərində bir il montaj işləri aparılıb və nəticədə 2 saat 38 dəqiqəlik film hazırlanıb. İstehsalın müxtəlif mərhələlərində — kaskadyorluq və pirotexnika, səs yazılışı, qrim, kompüter qrafikası, rəng korreksiyası və s. üzrə — Azərbaycanla yanaşı 13 ölkədən (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniya) mütəxəssislər iştirak edib. Kompüter qrafikası ukraynalı mütəxəssislərlə birlikdə Estoniyanın "UMP" studiyasında hazırlanıb; yaradıcı heyətin bildirdiyinə görə, bu prosesdə süni intellektdən istifadə olunmayıb. Rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq Polşanın Dolby Vision sertifikatlı "FixaFilm" studiyasında aparılıb.
Musiqi və səs Filmin musiqisini Ruslan Ağababayev bəstələyib. Musiqinin ilkin yazılışı ABŞ-dəki "New York Production Studios"da aparılıb, daha sonra Bakıda Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifasında lentə alınıb. Yekun miksinq və masterinq Böyük Britaniyanın "AIR Studios" studiyasında həyata keçirilib. Musiqi tərtibatına ümumilikdə 394 saat (202 saat studiya yazılışı, 192 saat işlənmə) sərf olunub. Səs tərtibatı altı ay ərzində aparılıb; Dolby Digital 5.1 formatında yekun səs miksi Rusiyanın "ORK" kinostudiyasının mütəxəssisləri ilə birlikdə 450 saata hazırlanıb. Görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası da hazırlanıb.
Nümayişi Filmin üzərində işin başa çatdığı 30 iyul 2026-cı ildə elan edilib. İlk treyler 2 avqust 2026-cı ildə, Milli Kino Günündə Anar Ələkbərovun sosial şəbəkə hesabında yayımlanıb; 8 sentyabrdan isə on iki tizerdən ibarət seriya təqdim olunmağa başlayıb, ilki "Döyüşçü qardaşlar" adlanıb.
Premyera 12 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilib; tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər. Nümayişdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səslənib. Təqdimatdan sonra şəhid ailələri, müharibə iştirakçıları və filmin heyəti səhnəyə dəvət olunub. Premyera üçün Almaniya-Avstriya şirkəti "Lang AG"-dən xüsusi proyeksiya ekranı alınıb, Almaniyanın "BIG cinema" şirkətindən isə kinoproyektor icarəyə götürülüb.
Film 15 oktyabr 2026-cı ildən ölkə kinoteatrlarında nümayiş olunur. Kino Agentliyi seanslar zamanı filmin lentə alınmasına yol verilməməsi ilə bağlı müraciət edərək bunu edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. Filmin xarici ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı da nəzərdə tutulur.
Qarşılanma Premyeranın ən təsirli anı şəhid analarının səhnəyə çıxması olub. Zal onları ayaq üstə alqışlayıb. "Kulis.az"ın müəllifi Nadir Yalçın ekran işini "film-həyat" adlandırıb, gənc aktyor heyətini, İbrahim Çingiz və Özge Gürel cütlüyünü, xüsusilə də erməni obrazını canlandıran Hikmət Rəhimovun ifasını fərqləndirib. O, filmdə Prezident İlham Əliyevin arxiv kadrlarından iki dəfə istifadə olunduğunu da qeyd edib. Millət vəkili Tənzilə Rüstəmxanlı "Xalq qəzeti"ndəki yazısında sənədli və bədii üsulların birləşməsini və müharibənin xronoloji təqdimatını vurğulayaraq filmin ölkənin bütün bölgələrində nümayiş etdirilməsini və xarici dillərə tərcümə olunmasını təklif edib.
Filmə baxan mədəniyyət xadimlərindən bəstəkar Cavanşir Quliyev onu Azərbaycanda müharibəyə həsr olunmuş ən möhtəşəm film adlandırıb, kinorejissor Ramiz Həsənoğlu filmin bütün parametrlərə görə dünya səviyyəsinə uyğun olduğunu bildirib. Aktrisa Afaq Bəşirqızı filmi dramaturgiya baxımından yüksək qiymətləndirib, aktyor Fəxrəddin Manafov onu Azərbaycan kinosunda böyük hadisə adlandırıb. Xalq şairi Sabir Rüstəmxanlı da filmi Azərbaycan kino sənətinin böyük uğuru kimi dəyərləndirib. Filmdə çəkilən Mehriban Zəki və Qurban İsmayılov isə filmin realizmini və müharibə səhnələri ilə yanaşı məhəbbət və fədakarlıq xəttinə yer verməsini ön plana çəkiblər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Ağdamda çəkilən filmlər Kateqoriya:Gəncədə çəkilən filmlər Kateqoriya:Füzulidə çəkilən filmlər Kateqoriya:Şuşada çəkilən filmlər