Nəzəri fizikada kvant sahə nəzəriyyəsi (KST) — sahə nəzəriyyəsi, xüsusi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirən nəzəri çərçivədir. KST hissəciklər fizikasında atomaltı hissəciklərin fiziki modellərini qurmaq, kondensə olunmuş maddə fizikasında isə kvazizərrəciklərin modellərini yaratmaq üçün istifadə olunur. Hissəciklər fizikasının müasir Standart Modeli KST-yə əsaslanır.
Tarixi
Kvant sahə nəzəriyyəsi XX əsrin böyük hissəsini əhatə edən dövrdə nəsillərlə nəzəri fiziklərin gördüyü işlər nəticəsində meydana gəlmişdir. Onun inkişafı 1920-ci illərdə işıq və elektronlar arasındakı qarşılıqlı təsirlərin təsviri ilə başlamış və ilk kvant sahə nəzəriyyəsi — kvant elektrodinamikasının yaradılması ilə nəticələnmişdir. Tezliklə perturbativ hesablamalarda müxtəlif sonsuzluqların meydana çıxması və davam etməsi ilə bağlı mühüm nəzəri problem ortaya çıxmışdır. Bu problem yalnız 1950-ci illərdə renormalizasiya prosedurunun işlənib hazırlanması ilə həll edilmişdir. İkinci böyük maneə KST-nin zəif qarşılıqlı təsiri və güclü qarşılıqlı təsiri təsvir edə bilməməsi ilə bağlı idi. Bu vəziyyət bəzi nəzəriyyəçilərin sahə-nəzəri yanaşmadan imtina etməyə çağırmasına səbəb olmuşdu. Ölçü nəzəriyyəsinin inkişafı və 1970-ci illərdə Standart Modelin tamamlanması kvant sahə nəzəriyyəsinin yenidən çiçəklənməsinə səbəb oldu.
Nəzəri əsaslar
Kvant sahə nəzəriyyəsi klassik sahə nəzəriyyəsi, kvant mexanikası və xüsusi nisbilik nəzəriyyəsinin birləşməsinin nəticəsidir. Bu nəzəriyyənin sələfləri haqqında qısa məlumat aşağıda verilmişdir.
İlk uğurlu klassik sahə nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunundan meydana gəlmişdir. Halbuki Nyutonun 1687-ci ildə yazdığı Philosophiæ Naturalis Principia Mathematica əsərində sahə anlayışı ümumiyyətlə mövcud deyildi. İsaak Nyutonun təsvir etdiyi cazibə qüvvəsi "məsafədən təsir" hadisəsidir — onun uzaqdakı cisimlərə təsiri məsafədən asılı olmayaraq ani baş verir. Lakin Riçard Bentli ilə məktublaşmalarından birində Nyuton qeyd etmişdi ki, cansız maddənin maddi olmayan başqa bir şeyin vasitəçiliyi olmadan, qarşılıqlı təmas olmadan başqa maddəyə təsir göstərməsi ağlasığmazdır. Yalnız XVIII əsrdə riyazi fiziklər sahələrə əsaslanan cazibə təsvirini əlverişli şəkildə formalaşdırdılar. Bu təsvirə görə sahə fəzanın hər bir nöqtəsinə uyğun gələn və həmin nöqtədə istənilən hissəciyə cazibə qüvvəsinin təsirini göstərən ədədi kəmiyyət idi; cazibə sahəsi üçün bu kəmiyyət vektor idi. Lakin bu, yalnız riyazi fənd kimi qəbul edilirdi.
XIX əsrdə elektromaqnetizmin inkişafı ilə sahələr müstəqil fiziki mövcudluq qazanmağa başladı. Maykl Faradey 1845-ci ildə ingilis dilində "field" ("sahə") terminini işlətmişdir. O, sahələri hətta maddənin olmadığı fəzada belə fiziki təsirlərə malik olan fəza xassələri kimi təqdim etmişdir. Faradey "məsafədən təsir" anlayışına qarşı çıxmış və cisimlər arasındakı qarşılıqlı təsirlərin bütün fəzanı dolduran "qüvvə xətləri" vasitəsilə baş verdiyini irəli sürmüşdür. Sahələrin bu təsviri bu gün də istifadə olunur.
Klassik elektromaqnetizm nəzəriyyəsi 1864-cü ildə Maksvel tənliklərinin yaradılması ilə tamamlandı. Bu tənliklər elektrik sahəsi, maqnit sahəsi, elektrik cərəyanı və elektrik yükü arasındakı əlaqəni təsvir edirdi. Maksvel tənlikləri elektromaqnit dalğalarının mövcudluğunu nəzərdə tuturdu. Bu hadisə elektrik və maqnit sahələrinin sonlu sürətlə fəzanın bir nöqtəsindən digərinə yayılması deməkdir və həmin sürətin sonradan işıq sürəti olduğu müəyyən edilmişdir. Beləliklə, məsafədən təsir anlayışı qəti şəkildə təkzib edildi.
Klassik elektromaqnetizmin böyük uğurlarına baxmayaraq, o, atom spektrlərindəki diskret xətləri və qara cisim şüalanmasının müxtəlif dalğa uzunluqları üzrə paylanmasını izah edə bilmirdi. Maks Plankın qara cisim şüalanmasını tədqiq etməsi kvant mexanikasının başlanğıcını qoydu. O, elektromaqnit şüalanmasını udan və yayan atomları enerjiləri fasiləsiz deyil, yalnız diskret qiymətlər sırasından birini ala bilən kiçik osillyatorlar kimi nəzərdən keçirdi. Bunlar kvant harmonik osillyatorları adlanır. Enerjilərin diskret qiymətlərlə məhdudlaşdırılması prosesi kvantlaşdırma adlanır. Bu ideyanı inkişaf etdirən Albert Eynşteyn 1905-ci ildə fotoelektrik effekti izah etmək üçün işığın fotonlar adlanan ayrı-ayrı enerji paketlərindən — işıq kvantlarından — ibarət olduğunu irəli sürdü. Bu, elektromaqnit şüalanmasının klassik elektromaqnit sahəsində dalğa kimi mövcud olmaqla yanaşı, hissəciklər formasında da mövcud olduğunu göstərirdi.
1913-cü ildə Nils Bor atom quruluşunun Bor modelini təqdim etdi. Bu modelə əsasən atomlardakı elektronlar fasiləsiz deyil, yalnız müəyyən diskret enerji qiymətlərinə malik ola bilərdilər. Bu, kvantlaşdırmanın başqa bir nümunəsidir. Bor modeli atom spektral xətlərinin diskret xarakterini uğurla izah etdi. 1924-cü ildə Lui de Broyl dalğa–hissəcik ikiliyi hipotezini irəli sürdü. Bu hipotezə görə mikroskopik hissəciklər müxtəlif şəraitlərdə həm dalğa, həm də hissəcik xüsusiyyətləri nümayiş etdirirlər. Bu ayrı-ayrı ideyaların birləşdirilməsi nəticəsində 1925–1926-cı illərdə ardıcıl bir elm sahəsi — kvant mexanikası formalaşdı. Bu sahənin inkişafına Maks Plank, Lui de Broyl, Verner Heyzenberq, Maks Born, Ervin Şredinger, Pol Dirak və Volfqanq Pauli mühüm töhfələr vermişlər.
Eynşteyn fotoelektrik effekt haqqında məqaləsini dərc etdiyi həmin ildə Maksvelin elektromaqnetizmi üzərində qurulan xüsusi nisbilik nəzəriyyəsini də nəşr etdirdi. Lorens çevrilmələri adlandırılan yeni qaydalar müşahidəçinin sürəti dəyişdikdə hadisənin zaman və fəza koordinatlarının necə dəyişdiyini müəyyən edirdi və zamanla fəza arasındakı fərq müəyyən mənada aradan qalxırdı. İrəli sürülən əsas fikir bundan ibarət idi ki, bütün fiziki qanunlar müxtəlif sürətlə hərəkət edən müşahidəçilər üçün eyni olmalıdır; başqa sözlə, fiziki qanunlar Lorens çevrilmələri altında invariant olmalıdır.
İki çətinlik hələ də qalırdı. Müşahidələr baxımından kvant mexanikasının əsasını təşkil edən Şredinger tənliyi atomlardan stimullaşdırılmış emissiyanı — elektronun xarici elektromaqnit sahəsinin təsiri altında yeni foton yaymasını — izah edə bilirdi, lakin spontan emissiyanı izah edə bilmirdi. Spontan emissiya zamanı elektron xarici elektromaqnit sahəsinin təsiri olmadan öz-özünə enerjisini azaldır və foton yayır. Nəzəri baxımdan isə Şredinger tənliyi fotonları təsvir edə bilmir və xüsusi nisbilik prinsipləri ilə uyğun gəlmirdi: bu tənlik zamanı adi ədəd kimi qəbul etdiyi halda fəza koordinatlarını xətti operatorlara çevirirdi.
Kvant elektrodinamikası Kvant sahə nəzəriyyəsi təbii olaraq elektromaqnit qarşılıqlı təsirlərinin öyrənilməsi ilə başlamışdır, çünki 1920-ci illərdə elektromaqnit sahəsi məlum olan yeganə klassik sahə idi.
1925–1926-cı illərdə Born, Heyzenberq və Paskual Jordanın işləri nəticəsində sərbəst elektromaqnit sahəsinin — maddə ilə qarşılıqlı təsiri olmayan sahənin — kvant nəzəriyyəsi kanonik kvantlaşdırma vasitəsilə işlənib hazırlanmışdır. Bu yanaşmada elektromaqnit sahəsi kvant harmonik osillyatorlar çoxluğu kimi nəzərdən keçirilirdi. Lakin qarşılıqlı təsirlərin nəzərə alınmadığı belə bir nəzəriyyə hələ real dünya haqqında kəmiyyət proqnozları vermək iqtidarında deyildi.
Dirak 1927-ci ildə yazdığı fundamental The quantum theory of the emission and absorption of radiation məqaləsində kvant elektrodinamikası (QED) terminini yaratdı. Bu nəzəriyyə sərbəst elektromaqnit sahəsini təsvir edən terminlərə elektrik cərəyan sıxlığı ilə elektromaqnit vektor potensialı arasındakı əlavə qarşılıqlı təsir terminini daxil edirdi. Birinci tərtib perturbasiya nəzəriyyəsindən istifadə etməklə o, spontan emissiya hadisəsini uğurla izah etdi.
Kvant mexanikasındakı qeyri-müəyyənlik prinsipinə görə kvant harmonik osillyatorları sabit vəziyyətdə qala bilməzlər. Onlar sıfırdan fərqli minimum enerjiyə malikdir və hətta ən aşağı enerji vəziyyətində — əsas vəziyyətdə belə — daim rəqs etməlidirlər. Buna görə də mükəmməl vakuumda belə sıfır nöqtə enerjisinə malik rəqsi elektromaqnit sahəsi mövcuddur. Vakuumdakı elektromaqnit sahələrinin məhz bu kvant fluktuasiyası atomlardakı elektronların şüalanmanı spontan şəkildə yaymasını "stimullaşdırır".
Dirakın nəzəriyyəsi atomlar tərəfindən şüalanmanın həm yayılmasını, həm də udulmasını izah etməkdə böyük uğur qazandı. İkinci tərtib perturbasiya nəzəriyyəsinin tətbiqi ilə fotonların səpilməsini, rezonans flüoressensiyasını və qeyri-relyativistik Kompton səpilməsini izah etmək mümkün oldu. Buna baxmayaraq, daha yüksək tərtibli perturbasiya nəzəriyyəsinin tətbiqi hesablamalarda problemli sonsuzluqların meydana çıxması ilə müşayiət olunurdu.
1928-ci ildə Dirak dalğa tənliyini yazaraq relyativistik elektronları təsvir etdi: Dirak tənliyi. Bu tənliyin bir sıra mühüm nəticələri var idi: elektronun spini 1/2-dir; elektronun g-faktoru 2-yə bərabərdir; tənlik hidrogen atomunun incə quruluşu üçün düzgün Zommerfeld düsturunu almağa imkan verirdi; həmçinin relyativistik Kompton səpilməsi üçün Kleyn–Nişina düsturunun çıxarılmasında istifadə edilə bilərdi. Nəticələr məhsuldar olsa da, nəzəriyyə həmçinin mənfi enerji vəziyyətlərinin mövcudluğunu nəzərdə tuturdu. Bu isə atomların qeyri-sabit olmasına səbəb olardı, çünki onlar şüalanma yaymaqla daim daha aşağı enerji vəziyyətlərinə keçə bilərdilər.
Həmin dövrdə üstünlük təşkil edən fikrə görə, dünya iki bir-birindən çox fərqli komponentdən ibarət idi: maddi hissəciklər (məsələn, elektronlar) və kvant sahələri (məsələn, fotonlar). Maddi hissəciklərin əbədi olduğu düşünülürdü və onların fiziki vəziyyəti hər bir hissəciyin fəzanın müəyyən bir bölgəsində və ya müəyyən sürətlər intervalında aşkar edilmə ehtimalları ilə təsvir olunurdu. Digər tərəfdən, fotonlar yalnız əsas kvantlaşdırılmış elektromaqnit sahəsinin həyəcanlanmış vəziyyətləri hesab edilir və sərbəst şəkildə yaradıla və ya məhv edilə bilirdilər. 1928–1930-cu illər arasında Jordan, Yucin Vigner, Heyzenberq, Pauli və Enriko Fermi maddi hissəciklərin də kvant sahələrinin həyəcanlanmış vəziyyətləri kimi nəzərdən keçirilə biləcəyini kəşf etdilər. Necə ki fotonlar kvantlaşdırılmış elektromaqnit sahəsinin həyəcanlanmış vəziyyətləridir, hər bir hissəcik növünün də ona uyğun kvant sahəsi vardır: elektron sahəsi, proton sahəsi və s. İndi kifayət qədər enerji olduqda maddi hissəciklər yaratmaq mümkün idi. Bu ideyanı inkişaf etdirən Fermi 1932-ci ildə beta parçalanması üçün Fermi qarşılıqlı təsiri kimi tanınan izah təklif etdi. Atom nüvələri özlüyündə elektronlardan ibarət deyil, lakin parçalanma prosesi zamanı ətrafdakı elektron sahəsindən elektron yaranır. Bu, həyəcanlanmış atomun şüalanma nəticəsində parçalanması zamanı ətrafdakı elektromaqnit sahəsindən fotonun yaranmasına bənzəyir.
1929-cu ildə Dirak və başqaları tərəfindən dərk edildi ki, Dirak tənliyinin nəzərdə tutduğu mənfi enerji vəziyyətləri elektronlarla eyni kütləyə, lakin əks elektrik yükünə malik hissəciklərin mövcudluğunu fərz etməklə aradan qaldırıla bilər. Bu, yalnız atomların sabitliyini təmin etmədi, həm də antimaddənin mövcudluğuna dair ilk təklif oldu. Həqiqətən də, pozitronların mövcudluğuna dair sübut 1932-ci ildə Karl Devid Anderson tərəfindən kosmik şüalarda aşkar edildi. Fotonu udmaq kimi kifayət qədər enerji olduqda elektron–pozitron cütü yarana bilər. Bu proses cüt yaranması adlanır. Əks proses — annihilyasiya — də fotonun yayılması ilə baş verə bilər. Bu, qarşılıqlı təsir zamanı hissəciklərin sayının sabit qalmasının vacib olmadığını göstərdi. Lakin tarixən pozitronlar əvvəlcə yeni hissəcik növü deyil, sonsuz elektron dənizindəki "boşluqlar" kimi qəbul edilirdilər və bu nəzəriyyə Dirakın boşluq nəzəriyyəsi adlanırdı. KST öz formalizminə antihissəcikləri təbii şəkildə daxil etdi.
Sonsuzluqlar və renormalizasiya