Şeyx Kunta Hacı Kişiyev (; ) — Sufi şeyxi, Zikirizm hərəkatının banisi. O, müasiri olan Şeyx Şamilin əksinə olaraq ruslara qarşı silahlı müqaviməti dəstəkləmirdi.
Həyatı XIX əsrin 30-cu illərində İstisu (indiki Melçxi) adlı yerdə anadan oldu. Çeçenlərin Quxoy klanına mənsubdur.
Müridlərindən birinin iddiasına görə o, kiçik yaşlarından etibarən müxtəlif kəramətlər nümayiş etdirmişdir. Bu iddiaların doğruluğu haqqında müxtəlif fikirlən mövcuddur.
Gənc yaşlarında evlənən Kunta Hacı Kişiyev əkinçilik və arıçılıqla məşğul idi. Onun iki nikahından iki qızı və dörd oğlu dünyaya gəlmişdi.
Gənc yaşlarından dini alimlər və sufi şeyxləri ilə təmasda olan Kunta Hacı, Şeyx Şamilin naibi və döyüşçü lider olan sufi şeyxi Taşu Hacıdan sufi təhsili almışdır. Həmçinin Nəqşibəndi şeyxi Qazi Hacıya da intisab etmişdir. Bu üç şəxsi aralarındakı sıx mənəvi yaxınlığı "Biz bir ağacın üç budağıyıq" sözləri ilə ifadə etmişlər.
O, 18–19 yaşlarında atası ilə birlikdə həccə yollanmışdır. Onun qadiriyyə təriqətinə qəbulunun məhz bu səfər zamanı (Məkkədə) baş verdiyi ehtimal olunur. Kunta Hacı Kişiyev həccdən qayıdarkən Bağdad şəhərində Əbdülqadir Geylaninin türbəsini ziyarət etmiş və rəvayətə görə, yuxuda ikən Əbdülqadir Geylanidən mənəvi icazət (xilafət) alaraq Çeçenistanda qadiriliyi yaymaqla vəzifələndirilmiş mürşidi-kamil dərəcəsinə yüksəlmişdi.
Çeçenistanda qadiriyyə təriqətini yaymağa başlayan Kunta Hacı, cihad məsələsində Şeyx Şamil ilə fikir ayrılığına düşmüşdü. Şeyx Şamil bu yeni təriqəti qadağan edərək Kunta Hacını və yaxın tərəfdarlarını ikinci dəfə həcc bəhanəsi ilə sürgünə göndərmişdi. Sürgündə olduğu müddətdə Kunta Hacı tərəfdarlarına qiyamət gününün yaxın olduğunu bildirərək zikr və dua etmələri barədə onlara göntərişlər vermişdi.thumb|Sülüs xətti ilə "Şeyx Kunta ibn Kişi"|left|265x265px
Şeyx Şamilin əsir düşməsindən sonra, 1861-ci ildə Məkkədən qayıdan Kunta Hacı böyük coşğu ilə qarşılanmışdı. Sülhpərvər və müharibədən yorulmuş xalqa xitab edən mesajları sayəsində müridlərinin sayı artmış, fikirləri Çeçenistan və İnquşetiyada geniş yayılmışdı. O, mənəvi mövqeyinə uyğun olaraq xəlvətə çəkilmişdi.
Çar Rusiyası hakimiyyəti başlanğıcda onun sülhpərvər moizələrini öz işğal siyasətləri üçün faydalı hesab etmişdi. Lakin müridlərin sürətlə çoxalması, 8 naib təyin edərək dağlıq bölgələrdə özünüidarə strukturu formalaşdırması və zikr təlimini yayması Çar hakimiyyətini narahat etmişdi.
1863-cü ildən etibarən bu hərəkat müstəmləkəçi hakimiyyətə qarşı açıq mövqe almağa başlamışdı. Rus generalların hesabatlarında Kunta Hacının müxtəlif peşələrlə məşğul olmaq adı altında rahatlıqla gəzərək təbliğat apardığı bildirilmişdi. Tərəfdarlarının sayı radikallaşmış, naiblər tərəfindən müqavimət çağırışları yayılmışdı. Çar Rusiyası xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, Kunta Hacı özü birbaşa qazavat (cihad) çağırışı etməsə də, bu tip moizələrə göz yummuşdu. Nəticədə ilk vaxtlardakı sülh mühiti pozulmuş, Çar hökuməti üçün Kunta Hacı artıq imperiyaya deyil, Allaha xidmət edən "təhlükəli, fanatik və siyasi cinayətkar"a çevrilmişdi. Bu dövrdə rus əsgərlərinin gizlicə öldürülməsi halları da hakimiyyətin bu mənfi mövqeyini daha da gücləndirmişdi.
Bundan sonra Çar hökuməti Kunta Hacının xalq üzərindəki təsirini neytrallaşdırmaq üçün müəyyən gedişlər etmiş, çeçen din xadimləri və əhali iki hissəyə parçalanmışdı: Rusiya hərbi hakimiyyətini dəstəkləyənlər (rəsmi din xadimləri) və Kunta Hacının rəhbərlik etdiyi Zikrizm təliminə sadiq qalan müxaliflər.
Terek qubernatorunun əmri ilə xalqı yönləndirmək üçün Əbdülqadir Xordayev, Mustafa Abdullayev, İdik İslamov və Mahmud Barşıqov kimi din xadimlərinin də daxil olduğu "məxfi xidmət" təşkil edildi. "Məxfi xidmət"in ən fəal üzvü olan Qazı Əbdülqadir Xordayevin rəhbərliyi ilə rəsmi mollalar Zikrizm təlimini "batil inanc" kimi tənqid edir, Kunta Hacının mənəvi aləmlə əlaqə qurmasının qeyri-mümkün olduğunu iddia edirdilər.thumb|Kunta Hacı Kişiyevin başqa bir təsviri|299x299px
Çar hökuməti bir tərəfdən hədəflərinin xalq yox, Kunta Hacının naibləri olduğunu bildirir, digər tərəfdən strateji nöqtələrə, xüsusəndə Şaliyə böyük hərbi qüvvələr yerləşdirirdi. Bu ideoloji və hərbi təzyiqlər çeçenlər arasında ixtilafa və Zikrizm hərəkatının nəzərəçarpan dərəcədə zəifləməsinə səbəb oldu və Kunta Hacı həbs olunaraq Qroznı həbsxanasına salındı (1864). Onu azad etmək üçün minlərlə çeçen Şaliyə axın etdi. Rusiya tərəfdarı din xadimləri xalqı aldadaraq silahsız toplandıqları təqdirdə Kunta Hacının azad ediləcəyini bildirdilər. 18 yanvar 1864-cü ildə yalnız xəncərlərilə, zikr və dualarla Rus batalyonlarına tərəf yürüyən silahsız insanlara atəş açıldı. Tarixə "Şali qətliamı" və ya "Xəncərlər döyüşü" kimi düşdü. Bu hadisədə rəsmi mənbələr 164 nəfərin öldüyünü qeyd etsə də, minlərlə çeçen həlak oldu; Rusiya tərəfdarı mollalar isə aradan çıxdılar.
Qətliamdan sonra, 1864-cü ilin yanvarında Kunta Hacının qardaşı Movsar da həbs edildi. Sürgünə göndərilən Zikrizm hərəkatının lideri Kunta Hacı Novqorod vilayətinin Ustyujna qəsəbəsində 19 may 1867-ci ildə öldü. Rus rəsmi sənədlərinə görə isə o 1865-ci ildə ölmüşdü.
Digər bir mənbədə qeyd olunur ki, Kunta Hacı tərəfdarları ilə birlikdə Kaluqa şəhərinə sürgün edilərək orada həbsdə saxlanılmışdır. Bu tarixdən etibarən onun sonrakı taleyi haqqında dəqiq bir məlumat yoxdur. Onun məhz burada öldüyü və ya qətlə yetirildiyi güman edilir. Məzarlarının yeri isə indiyədək məlum deyildir.
Həmçinin bax Müridizm
İstinadlar Kateqoriya:Sufilər