Süni intellekt mahnıları — süni intellekt alqoritmləri, xüsusilə maşın öyrənməsi və dərin öyrənmə modelləri vasitəsilə tam və ya qismən yaradılan musiqi əsərləri.

Anlayış və terminologiya Bu termin ingilis dilindəki "AI-generated music" anlayışının qarşılığı kimi işlədilir və eyni sahəni əhatə edən "generativ musiqi" (generative music) və "sintetik musiqi" (synthetic music) anlayışları ilə qismən üst-üstə düşür. Süni intellekt musiqi sahəsində not ardıcıllığının (simvolik) generasiyasından tutmuş, tam vokal və akkompanementi özündə birləşdirən hazır audio faylların yaradılmasına qədər geniş spektrdə tətbiq olunur.

"Generativ musiqi" termini 1990-cı illərin ortalarında bəstəkar Brian Eno tərəfindən populyarlaşdırılmışdır. O, bu ifadəni özü təkrarlanmayan, daim dəyişən və bir sistem tərəfindən yaradılan musiqini təsvir etmək üçün işlətmişdir.

Eno bu konsepsiyanı 1995-ci ildə SSEYO şirkətinin "Koan" proqram təminatı ilə işləyərkən formalaşdırmış və 1996-cı ildə "Generative Music 1 with SSEYO Koan Software" adlı əsərini nəşr etdirmişdir.

"Sintetik musiqi" ifadəsi isə daha çox sintezator vasitəsilə yaradılan səsləri bildirsə də, ingilisdilli mənbələrdə süni intellektlə yaradılan musiqiyə istinad üçün də istifadə olunur. Azərbaycan elmi ədəbiyyatında bu sahə ən çox "musiqi sənətində süni intellekt" ifadəsi ilə tədqiq olunur.

Daha yeni təklif edilən terminlər bunlardır: "neyronmahnı" və ya "alqo-nəğmə".

Tarixi inkişaf

Erkən mərhələ: alqoritm əsaslı musiqi (1950–1980) Kompüter vasitəsilə musiqi yaradılmasının kökləri 1950-ci illərə gedib çıxır. 1957-ci ildə "Bell Laboratories" tədqiqat mərkəzində Nyuman Hutmanın yaratdığı 17 saniyəlik "Gümüş axça" (The Silver Scale) adlı kompozisiya bu istiqamətdə ilk nümunələrdəndir. Elə həmin il İllinoys Universitetində "ILLIAC I" kompüteri vasitəsilə bəstəkar Lejaren Hiller və riyaziyyatçı Leonard İsaakson tərəfindən "Illiac Suite" adlı simli kvartet üçün əsər yaradılmışdır; bu, tam mənada kompüter tərəfindən bəstələnən ilk partitura sayılır.

Həmin dövrdə sintetik - alqoritm vasitəsi ilə musiqi yaratma texnologiyası çox gənc olub — o, insanlar tərəfindən əvvəlcədən müəyyən edilmiş şablonlar əsasında, yəni "qaydaya-əsaslı sistem" prinsipi ilə generasiya olunub.

1997-ci ildə "Experiments in Musical Intelligence" (EMI) adlı proqram vasitəsi ilə Bax üslubunda elə bir əsər yaradılıb ki, dinləyicilər onu canlı bəstəkarın işi ilə səhv salıblar.

Generativ musiqi və maşın öyrənməsi dövrü 1990-cı illərdə Brian Enonun "Koan" proqramı ilə yaradıcılığı generativ musiqi konsepsiyasının geniş yayılmasına səbəb olub.

2000-ci illərin əvvəllərində kompüter texnologiyalarının hesablama gücünün artması ilə generativ rəqabət şəbəkələri (GAN) və dərin öyrənmə texnologiyaları tətbiq olunmağa başladı ki, bu da rəqəmsal texnologiyalara əvvəlkindən daha mürəkkəb və müxtəlif musiqi bəstələmək imkanı verdi.

2016-cı ildə yaradılan "AIVA" (Artificial Intelligence Virtual Artist) proqramı dərin öyrənmə texnologiyasına əsaslanan, bir qayda olaraq, orkestr musiqisi bəstələmək üçün ixtisaslaşmış proqram təminatı kimi yaradılıb. Bu tip proqram təminatlarının ən diqqətçəkənlərdən biri 2019-cu ildə "Huawei" şirkətinin "Opera de Nice" və "AIVA" ilə birgə həyata keçirdiyi layihə əsasında yaradılıb. Bu proqram təminatı ilə layihədə Mosartın 1791-ci ildə yarımçıq qalan "Rekviyem" əsərini, onun musiqi üslubunun dərin öyrənmə əsasında tamamlamağa cəhd edilib. Bununla yanaşı, OpenAI təşkilatının "MuseNet" və "Jukebox" (2020) kimi layihələri, həmçinin Google təşkilatının "Magenta" komandasının işləri simvolik not generasiyasından tam audio dalğa formasında musiqi yaradılmasına keçidi sürətləndirdi.

Mətndən musiqiyə: müasir platformalar (2020-ci illərdən) Generativ süni intellektin inkişafı ilə sadə mətn təsvirindən tam mahnı — vokal, söz və akkompanement daxil olmaqla — yaradan modellər meydana çıxdı. Bu sahədə iki ən görkəmli veb-platforma 2023-cü ilin dekabrında istifadəyə verilən "Suno" və 2024-cü ilin aprelində onu izləyən "Udio" olmuşdur.

2023-cü ildə "ghostwriter977" təxəllüslü müəllifin Drake və The Weekndin səsini təqlid edərək yaratdığı "Heart on My Sleeve" adlı "musiqi dipfeyki" bu texnologiyanın geniş ictimai müzakirəyə çıxmasında dönüş nöqtəsi oldu; mahnı əvvəlcə Grammy mükafatına təqdim olunsa da, sonradan bu statusdan məhrum edilib bütün platformalardan silinmişdir. 2025-ci ilin noyabrında "Breaking Rust" adlı süni intellekt tərəfindən yaradılan "ifaçının" "Walk My Walk" mahnısı Billboard-un Country Digital Song Sales siyahısında birinci yerə çıxmış, eyni il ərzində "The Velvet Sundown" adlı süni intellekt "qrupu" isə Spotify-da bir milyondan çox dinləyici toplamışdır.

Texnoloji əsaslar Süni intellektlə musiqi yaradılması iki əsas yanaşmaya əsaslanır: simvolik generasiya, yəni MIDI formatında not və akkord ardıcıllığının yaradılması, və audio-əsaslı generasiya, yəni musiqinin birbaşa dalğa forması (waveform) kimi sintez edilməsi. Sistemlər əvvəlcə çoxsaylı musiqi əsərlərindən ibarət geniş verilənlər bazası üzərində öyrədilir, bu zaman alqoritmlər əsərlərin struktur, harmoniya, melodiya və ritm xüsusiyyətlərini təhlil edir; bundan sonra proqram öyrəndiyi üslubda yeni kompozisiyalar generasiya edə bilir. Müasir mətndən-musiqiyə platformaları istifadəçinin janr, əhval-ruhiyyə, mövzu və ya konkret ifaçı üslubunu təsvir edən mətn təlimatlarını (promptları) şərh edərək bunları vokal və alət partiyalarına çevirir.

Sosial və hüquqi müzakirələr Süni intellektlə yaradılan musiqinin sürətli yayılması müəllif hüququ, şəffaflıq və musiqi bazarının gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olmuşdur. Məsələn, ABŞ Müəllif Hüquqları İdarəsi "yalnız insan müəllifliyindən məhrum olan" əsərlərə müəllif hüququnun verilmədiyini bildirmişdir. Elton Con, Dua Lipa, Pol Makkartni və Stinq kimi tanınmış musiqiçilər süni intellektin öz razılıqları olmadan əsərlərinin öyrədilməsi üçün istifadə olunmasına qarşı çıxaraq hökumətlərdən qanunverici tədbirlər tələb etmişlər. 2026-cı ilin avqustunda "SubmitHub" platformasının apardığı araşdırma göstərmişdir ki, 2026-cı ilin iyul ayında dünya üzrə yayımlanan yeni musiqi treklərinin təxminən 40 faizinin yaradılma prosesində süni intellektdən istifadə edilmişdir; həmin ay Almaniyanın bir məhkəməsi isə "Suno" platformasının müəllif hüquqlarını pozduğuna dair qərar çıxarmışdır. Bu vəziyyətə cavab olaraq "Spotify" platforması süni intellektlə yaradılan ifaçı profillərini "AI Persona" nişanı ilə işarələməyə, "Bandcamp" isə süni intellekt mənşəli hesab edilən musiqiləri qadağan etməyə başlamışdır. Eyni zamanda bəzi musiqiçilər — məsələn "Empire of the Sun" qrupunun üzvü Luk Stil — bəstələmə prosesində süni intellektdən açıq şəkildə istifadə etdiklərini bildirmişlər, bu da sənayədə vahid mövqeyin olmadığını göstərir.

Azərbaycanda vəziyyət Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün təsdiq edilmiş Süni İntellekt Strategiyası ölkədə süni intellekt sahəsində sistemli inkişafı, o cümlədən mədəniyyət və yaradıcılıq sənayelərində tətbiqi nəzərdə tutur. Gəncə Dövlət Universitetinin müəllimi Ülviyyə Quliyevanın 2025-ci ildə Bakıda keçirilən "Müasir incəsənət məkanında süni intellekt" beynəlxalq elmi-nəzəri konfransında təqdim etdiyi məqaləyə görə, Azərbaycan texnologiya məkanında süni intellekt tətbiqlərindən mədəniyyət və incəsənət, o cümlədən musiqi sahələrində son illərdə daha geniş istifadə olunması milli mədəniyyətin qorunmasına xidmət etsə də, bu proses hələ inkişaf mərhələsindədir.

İstinadlar

Kateqoriya:Kompüter musiqisi