Qanad ucu qurğuları – aerodinamik müqaviməti azaltmaqla sabit qanadlı təyyarələrin səmərəliliyini artırmaq üçün nəzərdə tutulub. Müxtəlif prinsiplərlə işləyən bir neçə növ qanad ucu qurğusu olsa da, onların nəzərdə tutulan əsas təsiri həmişə təyyarənin aerodinamik müqavimətini azaltmaqdır. Bu kimi qurğular qanad qulacını həddindən artıq artırmadan qaldırıcı sistemin hündürlüyünü artıraraq müqaviməti azaldır. Qulacın uzadılması qaldırıcı qüvvənin yaratdığı müqaviməti azaldar, lakin parazit müqaviməti artırar və qanadın möhkəmliyini və çəkisini artırmağı tələb edərdi. Müəyyən bir həddən sonra qulacın daha da artırılması heç bir xalis fayda vermir. Şəraitdən asılı olaraq, yol verilən qanad qulacını məhdudlaşdıran istismar amilləri də ola bilər (məsələn, aeroport darvazalarında mövcud olan en genişliyi).
Fizika Ənənəvi qanad qaldırıcı qüvvə yaratdıqda, o, eyni zamanda qaldırıcı qüvvənin yaratdığı aerodinamik müqavimətə (indusiyalanmış müqavimətə) məruz qalır. Qanadın altındakı yüksək təzyiqli hava qanad ucundan keçərək üst tərəfdəki daha aşağı təzyiqli səthə axır və bu da təyyarənin irəliyə hərəkəti nəticəsində burulğanın yaranmasına səbəb olur. Treffts müstəvisi nəzəriyyəsi göstərir ki, qaldırıcı sistemin hündürlüyünün artırılması indusiyalanmış müqaviməti azaldır. Şaquli kil və ya vinqlet təyyarənin mərkəzindən kənarda, qanad boyunca hər hansı bir yerdə yerləşdirildikdə indusiyalanmış müqaviməti azaldır, lakin ən effektiv nəticəni qanad ucunda yerləşdirildikdə verir.
Üstünlükləri Aerodinamik müqaviməti azaltmaqla qanad ucu qurğuları yanacaq səmərəliliyini və təyyarənin uçuş məsafəsini (uşuş diapazonunu) artırır. Təyyarənin performansının yüksəlməsi daha yaxşı qalxma göstəricisi hesabına tələb olunan qalxma zolağının uzunluğunu azaltmağa, həmçinin kreyser hündürlüyünü və kreyser sürətini artırmağa imkan verir. Qalxma zamanı yaranan küy də azalır. Planerlərdə indusiyalanmış müqavimətin azalması daha yüksək marşrut sürətinə və beləliklə uçuş məsafəsinin artmasına səbəb olur. Qanad ucu qurğuları həmçinin qanad ucu burulğanlarının gücünü zəiflətməklə arxadan gələn təyyarələr üçün təhlükəsizliyi də artırır.
ABŞ Hərbi Hava Qüvvələrinin araşdırmaları göstərir ki, yanacaq səmərəliliyindəki müəyyən artım birbaşa təyyarənin aerodinamik keyfiyyətinin (qaldırıcı qüvvənin müqavimətə nisbətinin) yüksəlməsi ilə bağlıdır.
Orta statistik kommersiya reaktiv təyyarələrində vinqletlərdən istifadə yanacaq səmərəliliyində %4-6 artım və uçuş zamanı küy səviyyəsində %6-dək azalma təmin edir. Faktiki yanacaq qənaəti və bununla bağlı karbon emissiyasının azalması təyyarədən, marşrutdan və uçuş şəraitindən asılı olaraq ciddi şəkildə dəyişə bilər.
İstinadlar
Kateqoriya:Aerodinamika Kateqoriya:Uçuş aparatı konstruksiyaları