Kastiliyalı Berenqariya () və ya Böyük Berenqariya ( ; ) — Kastiliya kralı VIII Alfonsonun qızı, Kastiliya kraliçası və Leon kraliça-konsortu.
Həyatı 1180-ci ildə Burqosda dünyaya gəldi. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. Valideynlərinin ilk övladı idi və uzun illər taxt varisi olaraq görülürdü. Belə ki, özündən sonra doğulan qardaşları ya ölü doğuldu, ya da yetkinliyə çatmadan vəfat etdi. Bu səbəblə, Avropada ən rəğbət bəslənən gəlin namizədi olaraq görüldü.
İlk evliliyi 1187-ci ildə Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın oğlu Şvabiyalı Konradla baş tutdu. Ertəsi il Zeliqenştadtda bağlanan evlilik razılığına görə, Şvabiyalı Konrad Kastiliyada qalmalı və cəngavər ünvanı almalı idi. Üstəlik, qaynatasının ölümü halında taxt üzərində heç bir haqq tələb etməməli, yalnız xanımının yanında yer ala bilərdi. Digər yandan Kastiliya Müqəddəs Roma imperiyasına heç vaxt birləşməyəcək, müstəqilliyini qoruyacaqdı.
Nigah əsnasında Berenqariya hələ uşaq yaşlarında olduğundan evlilik tamamlandı və cütlük heç vaxt bir araya gəlmədi. Ehtimal ki, nənəsi Akvitaniyalı Elyanoranın da təsiriylə, Berenqariya 1191-ci ildə Roma papası III Selestinə məktub yazaraq bu evliliyin ləğv edilməsini istədi. Ancaq onun bu istəyi geri çevrildi. Buna baxmayaraq əri Şvabiyalı Konradın 1196-cı ildə sui-qəsdlə öldürülməsi onun bu istəyini reallaşdırdı.
Ertəsi il 1197-ci ildə Valyadoliddə Leon kralı IX Alfonso ilə evləndirildi. Bu dəfəki bəy namizədi atasının əmisi oğlu idi və hər ikisi də Kastiliya və Leon kralı VII Alfonsonun şəcərəsinə mənsub idi. Cütlüyün 5 övladı doğulsa da, bunlardan biri uşaq yaşlarında vəfat etdi.
Elyanora (1198-1202) Konstansa (ö. 1242), rahibə olmağı seçdi və monastırda vəfat etdi. III Ferdinand (1201-1252) Alfonso (1202-1272) Berenqariya (1204-1237)
Ancaq Roma papası III İnnokenti bu evliliyə qarşı idi. Hətta IX Alfonsonu aforoz etməklə hədələyirdi. Evliliyə icazə verməsi qarşılığında kilsəyə külli miqdarda ödəmə edəcəyini vəd etsə də, bu təklifi geri çevrildi. Nəhayət, son övladının doğumundan sonra 1204-cü ildə cütlüyün evliliyi ləğv edildi və may ayında övladlarını da yanına alan Berenqariya öz ölkəsinə qayıtdı.
1214-cü ildə atasının vəfatından sonra 10 yaşlı yeganə qardaşı I Henri taxta çıxdı. Anaları Elyanora Plantagenet naibə seçilsə də, cəmi 24 gün sonra vəfat etdi və ölmədən öncə böyük qızı Berenqariyanın naibə olmasını vəsiyyət etdi. Artıq həm taxt naibəsi, həm də kiçik qardaşının yeganə varisi olan Berenqariya mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallarla mübarizəyə başladı. Silahlı mübarizənin başlamasının ardından böyük oğlu Ferdinandı Leon sarayına - atasının yanına göndərməyə məcbur oldu. Ancaq uşaq yaşdakı kralın 6 iyun 1217-ci ildə anidən qəza nəticəsində ölümü hər şeyi dəyişdirdi. Belə ki, Berenqariya sarayda hakimiyyəti ələ alsa da, keçmiş ərinin Kastiliya taxt-tacını tələb edəcəyini bilirdi. Bu səbəblə, bunu ondan gizlədərək oğlunu görmək istədiyini bildirən bir məktub göndərdi. 31 avqustda oğlu Ferdinand Kastiliyaya çatdı və həmin gün anası onu ortaq monarx elan etdi. Keçmiş əri və oğlunun atası olan Leon kralı IX Alfonso ilə 26 avqust 1218-ci ildə Toro paktını imzalayaraq ata-oğul arasında sülhü təmin etdi.
Əsas siyasi nüfuzunu isə keçmiş əri Leon kralı IX Alfonsonun ölümündən sonra istifadə etdi. Belə ki, 24 sentyabr 1230-cu ildə IX Alfonso vəfat etdi və ölümündən öncə ilk evliliyindən doğulan qızları Sança və Dulsanı varisi elan etdi. Berenqariya dərhal qızların anası (yəni, kralın boşandığı ilk xanımı) Portuqaliyalı Tereza ilə danışıqlara başladı. Qızlarına ödəniləcək külli miqdarda təzminatın qarşılığında taxt hüquqlarından imtina etmələrini təmin etdi. Beləcə, atasının ölümündən 3 ay sonra - 11 dekabr 1230-cu ildə III Ferdinand Leon və Qalisiya taxt-tacına sahibləndi. Berenqariyanın səyləriylə, ulu babası VII Alfonsonun parçaladığı Kastiliya və Leon krallıqları yenidən birləşdirildi.
1246-cı ildə Toledoda vəfat etdi və cənazəsi Burqos yaxınlığındakı monastıra dəfn olundu.
Mənbə
Ədəbiyyat
González, Julio. Reinado y Diplomas de Fernando III, i: Estudio. 1980.
Saint Ferdinand at the Christian Iconography web site
İstinadlar