Şahzadə Viktoriya Melita (; ) — Saksen-Koburq-Qota hersoqu Şahzadə Alfredin qızı, Böyük Hesse hersoginyası.

Həyatı 1876-cı ildə Malta adasında dünyaya gəldi. Atası Britaniya kraliçası Kraliça Viktoriyanın oğlu Edinburq hersoqu Şahzadə Alfred, anası isə rus çarı II Aleksandrın qızı Mariya Aleksandrovnadır. 1 yanvar 1877-ci ildə vəftiz edildi. Uşaqlıq illəri ailəsinin rəsmi iqamətgahı olan Klarens-hausda keçsə də, 1889-cu ildən etibarən Koburqda yaşamağa başladı.

1891-ci ildə anasıyla birlikdə böyük knyaginya Aleksandra Georqiyevnanın cənazə mərasimi üçün Sankt-Peterburqa səyahət etdi. Bu ziyarət əsnasında rus əsilli ana qohumlarıyla, eləcə də gələcəkdəki həyat yoldaşı Kiril Vladimiroviçlə tanış oldu. Ancaq anasının qarşı çıxmasıyla bu münasibət başlamadan bitdi. Həmin ilin sonlarında nənəsi Kraliça Viktoriyanı Balmoral qəsrində ziyarət etdi və bu ziyarət əsnasında bibisi oğlu Ernst Lüdoviklə tanış oldu. Hər ikisi eyni doğum gününü paylaşırdı və nənələri Kraliça Viktoriya onların evlənməsini istəyirdi. Ancaq Şahzadə Viktoriya hələ 15 yaşında idi və bu səbəblə, müzakirələr yarıda qaldı.

Bacısı Şahzadə Mariyanın 1893-cü ildə Rumıniya taxt-tac vəliəhdi Şahzadə Ferdinandla evlənməsindən qısa müddət sonra Şahzadə Viktoriyanın da evlilik məsələsi müzakirə olunmağa başlandı. Nəhayət, hər iki ailənin də təzyiqləri və nənələri Kraliça Viktoriyanın dəstəkləməsiylə bibisi oğlu olan Böyük Hesse hersoqu Ernst Lüdoviklə 19 aprel 1894-cü ildə Koburqda evləndi. Eyni toy mərasimində baldızı Şahzadə Aliks də Rusiya taxt-tacının varisi çareviç Nikolay Aleksandroviçlə nişanlandı. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, heç biri yetkinlik yaşına çatmadı.

Yelizaveta (11 mart 1895 – 16 noyabr 1903) Ölü doğulan bir oğlan uşağı (25 may 1900)

Bu evlilikdə xoşbəxt olmayan cütlük boşanmaq istəsə də, nənələri Kraliça Viktoriya bu boşanmaya etiraz etdi. Üstəlik, rus çarı II Nikolayın tacqoyma mərasimində ilk aşiqi Kiril Vladimiroviçlə olan münasibəti yenidən alovlandı. Nəhayət, Kraliça Viktoriyanın 1901-ci ilin yanvarında vəfat etməsinin ardından cütlüyün boşanması qarşısındakı ən güclü maneə qalxmış oldu və həmin ilin dekabrında cütlük boşandı. Boşandıqdan sonra bacısı Rumıniya kraliçası Mariyaya yazdığı məktubunda ərini homoseksuallıqla günahlandırdı və saraydakı bir gənc xidmətçiylə ərini yataqda tutduğunu yazdı.

Boşanmasının ardından anasının Koburqdakı sarayında və Fransız rivyerasındakı mülklərində yaşamağa davam edən Şahzadə Viktoriya qızının tifusdan vəfatının ardından keçmiş ailəsiylə olan bütün əlaqələrini kəsdi. 8 oktyabr 1905-ci ildə çar II Nikolayın etirazlarına baxmayaraq Kiril Vladimiroviçlə evləndi. Onların bu evliliyi skandala səbəb oldu. Bu evliliyə etiraz edənlər arasında əmisi arvadı dul çariça Mariya və çariça Aleksandra Fyodorovna da vardı. Rusiyaya döndükdən sonra böyük knyaz Kiril bütün ünvan və rütbələrində məhrum edildi və sürgün olundu. 1908-ci ildə qardaşı böyük knyaz Alekseyin vəfatının ardından taxt sırlamasında önə keçdi və II Nikolay əmisi oğlunu bağışlamağa məcbur oldu. Onun donanmadakı hərbi rütbələri bərpa edildi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Mariya Kirilovna (2 fevral 1907 - 25 oktyabr 1951) Kira Kirilovna (9 may 1909 - 8 sentyabr 1967) Vladimir Kiriloviç (30 avqust 1917 - 21 aprel 1992)

1907-ci ildə rus pravoslav məzhəbini qəbul etdi və Böyük knyaginya Viktoriya Fyodorovna adını aldı. 1910-cu ildən Sankt-Peterburqda məskunlaşan cütlük 1914-cü ilin yayını Finlandiya körfəzindəki yaxtasında keçirirdi. Birinci Dünya müharibəsinin başlamasının ardından dərhal Sankt-Peterburqa qayıtdılar. Müharibə boyunca Qızıl Xaç cəmiyyətinə bağlı tibb bacısı kimi xidmət edən Knyaginya Viktoriya ərinin xidmət etdiyi Varşava cəbhəsini tez-tez ziyarət etdi. Bacısı Rumıniya kraliçası Mariyanı ziyarət etdi və oradakı müharibədən zərərçəkmişlərə yardım payladı. 1917-ci ilin fevralında cütlük Sankt-Peterburqa döndü. Xalq önündə çar tərəfdarı olaraq görülsələr də, bacısına yazdığı məktublarda inqilabçıları dəstəklədiklərini yazırdı. Belə ki, əri Kiril Vladimiroviç çarın taxtdan çəkilməsi halında taxta çıxmağa ümid edirdi. Ancaq gözlədiyini ala bilmədi. II Nikolay ailə fərdləriylə birlikdə həbs olundu. Böyük knyaz Kiril xanımını da yanına alaraq Finlandiyaya qaçdı və yeganə oğlunu burada dünyaya gətirdi. Ardından cütük 1919-cu ildə Koburqda məskunlaşdı. Maddi vəziyyətin pisləşməsi səbəbilə, daha sonra Fransanın kiçik sahil qəsəbəsində yaşamağa başladılar.

1924-cü ildə Londonda baş tutan məhkəmə nəticəsində ərinin əmisi oğlu böyük knyaz Mixail qanuni olaraq ölü elan edildi və ardından Böyük knyaz Kiril özünü 31 avqust 1924-cü ildə Rusiya taxt-tacının imperatoru elan etdi. O əsnada yaşca ən böyük Romanov knyazı olan Böyük knyaz Nikolay Nikolayeviç onun bu hərəkətinə etiraz etdi və 1926-cı ildə toplanan konfransda heç bir Romanov onun bu iddiasına dəstək vermədi. Ancaq böyük knyaz çox yaşlı idi və 1929-cu ildə vəfat etdi. Beləliklə, Kiril Vladimiroviç yaşca ən böyük knyaz olaraq bu ünvanı təhvil aldı.

1936-cı ildə nəvəsi Mextildanın vəftiz mərasimindən qısa müddət sonra iflic keçirən Knyaginya Viktoriya 2 mart 1936-cı ildə vəfat etdi. Cənazəsi Koburqda dəfn edilsə də, 7 mart 1995-ci ildə Sankt-Peterburqdakı Pyotr və Pavel kafedralına daşındı.

Qalereya

Mənbə

Ədəbiyyat Van der Kiste, John. Princess Victoria Melita, Sutton Publishing, 1991, Maylunas, Andrei and Sergei Mironenko. A Lifelong Passion: Nicholas and Alexandra: Their Own Story, Doubleday, 1997, Perry, John Curtis and Constantine Pleshakov. The Flight of the Romanovs, Basic Books, 1999, Sullivan, Michael John. A Fatal Passion: The Story of the Uncrowned Last Empress of Russia, Random House, 1997, Zeepvat, Charlotte. The Camera and the Tsars: A Romanov Family Album, Sutton Publishing, 2004,

İstinadlar Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Almaniya antikommunistləri