Əbu İshaq Rüknəddin İbrahim ibn Məhəmməd ibn İbrahim əl-İsfərayini (; ) — əşəri kəlamçısı, şafii fəqihi.

Həyatı Nişabur ilə Cürcan arasında yerləşən İsfərayendə anadan olmuşdur. Daha sonra Bağdada gedərək Əbül-Həsən əl-Əşərinin tələbəsi olan Əbül-Həsən əl-Bəhilidən kəlam və üsuli-fiqh dərsləri almışdır. Əbu Məhəmməd Dələc ibn Əhməd əs-Siczi, Əbu Bəkr əl-İsmaili və Əbu Bəkr Məhəmməd ibn Yezdad kimi alimlərdən elm öyrənmişdir.

Təhsilini başa vurduqdan sonra Nişaburda əvvəlcə Uqayl məscidində, daha sonra isə onun üçün tikilmiş mədrəsədə dərs demiş və çoxlu tələbə yetişdirmişdir. Əbüt-Tayyib ət-Təbəri, Əbdülqahir əl-Bağdadi, Əhməd ibn Hüseyn əl-Beyhəqi və Əbdülkərim ibn Həvazin əl-Quşeyri kimi məşhur alimlər onun tələbələri olmuşlar.

Nişaburda vəfat etmək istədiyini söylədikdən beş ay sonra həmin şəhərdə vəfat etmiş və Hirə qəbiristanlığında dəfn olunmuşdur. Lakin oğlu İsferayendən çoxsaylı bir camaatla gələrək atasının vəfatından üç gün sonra cənazəsini İsferayenə aparmış və oradakı qəbiristanlıqda yenidən dəfn etdirmişdir.

Görüşləri Əbu İshaq əl-İsfərayini fiqh, hədis və kəlam elmləri ilə məşğul olmuş, fiqh sahəsində müctəhid alimlərdən hesab olunmuş və "üstad" kimi tanınmışdır.

Onun sünnənin Quranı nəsx edə bilməyəcəyini müdafiə etməsi, eləcə də "hər bir müctəhid öz hökmündə dəqiqdir" fikrini məsuliyyətsizliyə yol açan bir ifadə kimi qiymətləndirməsi diqqət çəkən görüşlərindəndir.

Əbu İshaq əl-İsfərayiniyə görə icma çox mühüm şəri dəlildir. Çünki islam alimlərinin üzərində ittifaq etdikləri ortaq bir anlayış və yol mövcud olmazsa, dini məsuliyyət də aradan qalxar. Onun məzhəb daxilindəki fərqli görüşlərindən biri də üzərinə məsh edilmiş məstlər çıxarıldıqda dəstəmazın pozulmayacağını qəbul etməsidir.

Hədis rəvayəti ilə də məşğul olan Əbu İshaq əl-İsfərayini, məqbul bir təvilə əsaslanmadan "Səhih əl-Buxari" və "Səhih Müslim"ə zidd verilən hökmlərin rədd edilməsinin tərəfdarı idi. O, həmçinin fasiq idarəçilərlə yaxın münasibət quran şəxslərin rəvayətlərinə etibar edilməməli olduğunu söyləmişdir.

Əsərləri Qələmə aldığı əsərlərdən bəziləri aşağıdakılardır:

Əqidə.

Əl-Cəmi fi üsulid-din vər-rəd aləl-mülhidin.

Nurul-ayn fi məşhədil-Hüseyn.

Ədəbül-cədəl.

Şərhul-Füru.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Müctəhidlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri