İvanoe Bonomi (; ) — İtaliya sosialist siyasətçisi, İtaliyanın Baş naziri olmuşdur (1921–1922, 1944–1945-ci illər).
Həyatı XX əsrin əvvəllərində İtaliya Sosialist Partiyasının sağ qanadının rəhbərlərindən biri və "Avanti!" qəzetinin redaktoru olmuşdur. 1909-cu ildən Mantuyadan İtaliya Deputatlar Palatasının üzvü seçilmişdir.
1912-ci ildə Leonida Bissolati ilə birgə İtaliya Sosialist Partiyasından xaric edilmişdir. Bonomi və Bissolati İtaliyanın Birinci Dünya müharibəsində Antanta dövlətləri tərəfində iştirakını dəstəkləyən İslahatçı Sosialist Partiyasını təsis etmişdilər.
1916–1917-ci illərdə ictimai işlər naziri vəzifəsini tutmuş, 1920-ci ildə hərbi nazir təyin olunmuşdur. Yuqoslaviya ilə Rapallo müqaviləsini imzalayanlardan biri olmuşdur. Sonradan maliyyə naziri kimi fəaliyyət göstərmişdir.
4 iyul 1921-ci il tarixindən İtaliyanın Baş naziri olmuşdur. Bonomi bu vəzifəni tutan ilk sosialist kimi tarixə düşmüşdür.
Liberal və islahatçıların koalisiyasına rəhbərlik etmiş, 1922-ci ildə bu koalisiyanın dağılması ilə 26 fevral tarixində istefa vermişdir.
1922-ci ilin oktyabrında Benito Mussolininin hakimiyyətə gəlməsindən sonra Bonomi siyasətdən uzaqlaşmışdır.
1940-cı ildən etibarən İtaliya müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildə faşizmin devrilməsindən sonra müqavimət hərəkatının rəhbərlərindən birinə çevrilmiş, İtaliya Antifaşist Milli Azadlıq Komitəsinə rəhbərlik etmişdir. Bu dövrdə Bonomi Demokratik Əmək Partiyasının yaradılmasında iştirak etmişdir.
18 iyun 1944-cü ildə marşal Pyetro Badolyonu əvəz edərək yenidən İtaliyanın Baş naziri və eyni zamanda xarici işlər naziri olmuş, İkinci Dünya müharibəsinin yekun mərhələsində ölkəyə rəhbərlik etmişdir.
1944-cü ilin noyabrında istefa versə də, Böyük Britaniyanın Baş naziri Vinston Çörçill onu Baş nazir və daxili işlər naziri postunda qalmağa razı salmışdır. Müharibə başa çatdıqdan sonra, 19 iyun 1945-ci ildə Baş nazir səlahiyyətlərini təhvil vermiş, Müəssislər Məclisinin sülh müqavilələri üzrə komitəsində fəal fəaliyyətini davam etdirmişdir.
1946-cı ilədək Xarici İşlər Nazirləri Şurasının iclaslarında İtaliyanı təmsil etmişdir.
1946-cı ildə İtaliya Müəssislər Məclisinin deputatı seçilmişdir.
1948-ci ildə Demokratik Əmək Partiyası ləğv edildikdən sonra yeni yaradılmış İtaliya Demokratik Sosialist Partiyasına keçmiş və burada fəxri sədr olmuşdur.
8 may 1948-ci ildə İtaliya Senatının sədri (yaradıldıqdan sonra ilk sədr) seçilmiş və ömrünün sonunadək bu vəzifədə qalmışdır.
Mükafatları "Müqəddəs Müjdə" ali ordeninin cəngavəri (1920) "Müqəddəslər Mavriki və Lazaru" ordeninin böyük xaç cəngavəri (1920) "İtaliya Tacı" ordeninin böyük xaç cəngavəri (1920)
İstinadlar
Kateqoriya:İtaliya baş nazirləri Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları