Sadəddin Məsud ibn Fəxrəddin Ömər ibn Burhanəddin Abdullah əl-Hərəvi əl-Xorasani ət-Təftəzani (; ) — təfsir, kəlam, fiqh, üsuli-fiqh, məntiq, ərəb dili və ədəbiyyatı sahələrinə aid əsərlər qələmə almış sünni alimi.
Həyatı Əbdürrəzzaq əs-Səmərqəndi, Mirxand, Müinəddini-İsfizari və Həndmir kimi bölgənin tanınmış tarixçilərinə görə, Təftəzani hicri 722-ci ilin Səfər ayında (1322-ci ilin fevralında) Xorasanın Nəsa vilayətinin Təftəzan qəsəbəsində anadan olmuşdur. Buna qarşılıq, İbn Həcər əl-Əsqəlani və ona istinad edən digər mənbələrin doğum tarixini hicri 712-ci ilin Səfər ayı (1312-ci ilin iyunu) kimi göstərməsi doğru hesab edilmir.
Klassik mənbələrdə ona adı ilə deyil, ləqəb və nisbəsi ilə yanaşı "Səd", "Əllamə", "Əllaməyi-Sani" kimi müraciət edilmiş, həmçinin "alimlərin padşahı" (padişahi-uləma) və "elm sahiblərinin hökmdarı" (xosrovi-danişməndən) kimi titullarla yad olunmuşdur. Təftəzani (ləqəbindən çıxış edilərək), həm də onun müasiri Seyyid Şərif əl-Cürcani birlikdə "Sədəyn" () adı ilə tanınmışlar.
Ailəsi haqqında geniş məlumat yoxdur. Lakin Təftəzaninin "Şərhut-Təsrifil-İzzi" əsərinin müqəddiməsində atasından qazı deyə bəhs edilir. Vilferd Madelunq heç bir mənbə göstərmədən qazı Fəxrəddin Ömərin Təftəzaninin babası olduğunu qeyd etmişdir. Kəfəvi isə Təftəzaninin məzarı üzərindəki kitabəyə əsaslanaraq atasının Burhanəddin Ömər, babasının isə Şəmsəddin əl-Qazı olduğunu bildirir.
Atasına "əqdəl-quzat" (qazılar qazisinin müavinləri üçün işlədilən titul) adlandırılması onun bu vəzifəyə yüksəldiyini göstərir. Babası haqqında işlədilən ifadələr isə onun bir sufi olduğunu göstərir.
Təftəzaninin milliyyəti barədə qəti məlumat yoxdur. Bununla belə, bəzi müəlliflər onu türk mənşəli hesab etmişlər.
Təhsil həyatı haqqında da kifayət qədər məlumat yoxdur. İbn əl-İmad onun bioqrafiyasında belə bir rəvayət nəql edir:
Ancaq bu rəvayət onun həyatından bəhs edən digər mənbələrdə yoxdur. Üstəlik, Təftəzaninin on altı yaşından etibarən əsərlər yazmağa başlaması onun hələ gənc yaşlarında elmi qabiliyyətini sübut etdiyini göstərir.
Onun müəllimləri arasında Qütbəddin ər-Razi və Ziyəddin Abdullah ibn Sədullah əl-Qəzvini də göstərilir. Xansari bildirir ki, İbn Həcərin Təftəzaninin müəllimləri sırasında qeyd etdiyi Qütbəddin bəzi mənbələrdə deyildiyi kimi sünni Qütbəddin Şirazi deyil, imamiyyə məzhəbinə mənsub Qütbəddin ər-Razi olmuşdur. Madelunq isə Təftəzaninin ümumiyyətlə Ədudəddin əl-İcidən dərs almasının mümkün olmadığını qeyd edir.
Təftəzaninin Xorasan, Mavəraünnəhr və Xarəzm bölgələrində daim yer dəyişdirdiyi onun əsərlərinin yazıldığı tarix və məkanlardan aydın olur. Onun yaşadığı və fəaliyyət göstərdiyi yerlər arasında Herat, Məzaricam, Gucdüvan, Tus yaxınlığındakı Gülistani-türkistan kəndi, Xarəzm, Sərəxs və Səmərqənd vardır.
"Şərhul-Məqasid", "əl-Mutəvvəl" və "əl-Müxtəsər" kimi əsərlərinin müqəddimələrində o, vətəndən uzaqda qalmaqdan, bir yerdən başqa yerə köçmək məcburiyyətindən, məruz qaldığı ağır müsibətlərdən və elmin tənəzzülə uğramasından şikayət edir.
Öz əsərlərində də işarə etdiyi kimi, Xarəzmdə mötəzililiyin, Səmərqənddə maturidiliyin, Xorasanda isə şiəliyin güclü olduğu mühitlərdə yaşaması və müxtəlif məzhəb nümayəndələri ilə ünsiyyətdə olması onun elmi və fikri inkişafına mühüm təsir göstərmişdir. O, özü də mötəzili alimlərlə birlikdə olduğunu və onlarla kəlam məsələlərini müzakirə etdiyini bildirir.
Təftəzani əvvəlcə Elxanilərin hakimiyyəti altında olan bir bölgədə dünyaya gəlmiş, sonralar isə Qızıl Orda xanları, Kərtilər və Teymurun hakimiyyəti altında fəaliyyətini davam etdirmişdir.
Bəzi müəlliflərin Teymurun Anadolu yürüşü zamanı Təftəzaninin onunla birlikdə Anadoluya gəldiyini və Osmanlı alimləri ilə mübahisələr apardığını yazmaları doğru deyildir. Çünki Təftəzani həmin yürüşdən əvvəl vəfat etmişdi.
Onun Teymura hər hansı bir əsər ithaf etdiyi məlum olmasa da, ömrünün son illəri Teymurla sıx əlaqədə keçmişdir. Bu əlaqə Teymurun Xarəzmi ələ keçirdikdən sonra Təftəzanini Səmərqəndə gətirtməsi ilə başlamışdır. Təftəzani burada dərs demiş, yeni əsərlər yazmış və bir neçə il yüksək ehtiram və rifah içində yaşamışdır. Həndmir yazır ki, Teymur imperiyasının bu qiymətli aliminə böyük hörmət göstərir, məclislərində onu öz yanında oturdur və sarayına qayıdarkən şəxsən yola salırdı. Kəfəviyə görə isə Teymur onu saray protokolunda birinci yerə qoymuş və qazıəsgər vəzifəsinə təyin etmişdi.
Lakin zaman keçdikcə Təftəzaninin Teymur yanındakı nüfuzu azalmağa başlamış və bunun nəticəsində böyük qüssəyə düşmüşdür. Mənbələrin verdiyi məlumata görə, Teymur hicri 789-cu ildə (1387) Şirazı ələ keçirdikdən sonra Seyyid Şərif əl-Cürcanini Səmərqəndə gətirmişdir. Cürcani Təftəzaninin əsərlərindən geniş istifadə edən bir alim idi, onun üstünlüyünü qəbul edir və ona hörmət bəsləyirdi. Ancaq Teymurun hüzurunda keçirilən elmi mübahisələrin birində Cürcani qalib gəldikdən sonra Teymur saray protokolunda ona Təftəzanidən əvvəl yer verilməsini əmr etmişdir.
Bu hadisədən çox kədərlənən Təftızani qısa müddət sonra hicri 792-ci ilin 22 Məhərrəmində (10 yanvar 1390) Səmərqənddə vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq cənazəsi daha sonra 9 Cəmaziyələvvəl 792-ci ildə (25 aprel 1390) Sərəxsə aparılmışdır.
Bununla belə, onun vəfat tarixi haqqında fərqli rəylər də vardır. Fəsihi vəfatını 787-ci il (1385) kimi göstərir. İbn Ərəbşah isə Məhərrəm 791 (yanvar 1389) tarixini qeyd edir. Seyyid Şərif əl-Cürcaninin onun vəfatı münasibətilə yazdığı dördlüyün sonunda düşürdüyü əbcəd tarixi isə 793-cü ilə (1391) uyğun gəlir.
Görüşləri Təftəzani Sələf məktəbinə yer vermədən bildirirdi ki, onun yaşadığı dövrdə Əhli-sünnə məzhəbi iki əsas qola ayrılmışdır. O, Maturidinin məktəbinin Əbül-Həsən əl-Əşəridən əvvəl mövcud olduğunu qeyd etmiş, öz zamanında Xorasan, İraq, Şam və digər bölgələrin böyük əksəriyyətində Əşərilik, Mavəraünnəhrdə isə Maturidiliyin geniş yayıldığını bildirmişdir. O, bu iki qrup arasında fikir ayrılıqları olsa da, onların bir-birlərini bidətçilikdə və ya azğınlıqda ittiham etmədiklərini xüsusi vurğulamışdır.
Bununla belə, Təftəzani öz əsərlərində Əşəri düşüncəsinə yaxın fikirlər irəli sürmüş, Səmərqənddə qələmə aldığı iri həcmli əsərində bir çox məsələdə açıq şəkildə Əşəri görüşünü müdafiə etdiyini ifadə etmişdir. Allahın qüdrət və iradəsinin hər şeyi əhatə etməsi ilə bağlı fikrini qeyd etdikdən sonra əvvəlcə haqqı təmsil edən az sayda kəlam aliminin bu görüşü qəbul etdiyini, daha sonra isə bunların Əhli-sünnə daxilində Əşərilər olduğunu söyləmişdir.
İmanın artıb-azalması və istisna qəbul edib-etməməsi kimi məsələlərdə əş-Şafii ilə Əbu Hənifənin bir-birinə zidd görüşlərini zikr etmiş və əş-Şafiinin mövqeyini dəstəkləmişdir. Təftəzani bəzi mövzularda Fəxrəddin ər-Razidən fərqli mövqe tutsa da, onun əsərlərində ər-Razinin təsiri açıq şəkildə hiss olunur. Bununla yanaşı, o, Əşərilərin bəzi görüşləri ilə razılaşmadığını da bildirmişdir. Təftəzani zaman-zaman Maturidiliyi tənqid etsə də, Maturidinin görüşlərinə əsərlərində yer vermişdir.
Əsərləri Təftəzani təfsir, kəlam, fiqh, üsuli-fiqh, məntiq, ərəb dili və ədəbiyyatı sahələrinə aid əsərlər qələmə almışdır. Həmin əsərlərdən bəziləri aşağıdakılardır:
Haşiyə aləl-Kəşşaf. Şərh əl-Əqaid ən-Nəsəfiyyə. Şərhu Təlxisil-Cəmiil-kəbir. Təhzbül-məntiq vəl-kəlam. Əl-İrşad.
İstinadlar
Kateqoriya:Matüridilər