Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur; ) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu.

Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi.

Həyatı Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.

I Şah İsmayılın ölümündən sonra I Şah Təhmasibin lələsi, rumlu tayfasına mənsub Div Sultan dövlət işlərində nəzarəti öz əlinə keçirir. Bu zaman Ustaclı tayfasının görkəmli əmirlərindən olan Abdulla xan və Köpək sultan onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirlər. Tərəflər arasında hicri 932-ci ildə (1525) Səksəncik və Xərzavil döyüşlərində ustaclılar məğlub oldular. Xərzavil döyüşündə Abdulla xan Ustanclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə qoşuna rəhbərlik edirdi.

1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.

Abdulla xan Ustaclı siyasətdə şahın bütün əmirləri içində daha seçkin bir mövqedə idi. Şah Təhmasib Çuxa Sultanın ölümündən sonra hicri 937-ci ildə (1531) Qızılbaşlar arasında tarazlığı qorumaq üçün Hüseyn xan Şamlı ilə Abdulla xan Ustaclını əmirəl üməra vəzifəsinə gətirdi.

Şah Təhmasibin 1540–1541-ci ildə Baban bölgəsi hakimi Şeyx Kürdə qarşı göndərdiyi hərbi birlik məğlub olub geri qayıdır. Şərəf xan Bitlisi "Şərəfnamə" əsərində yazır ki, bu zaman şah üçüncü dəfə 1542-ci ildə yeni qoşun göndərmək qərarına gəlir. Bu qoşuna rəhbərlik edən qızılbaş əmirlərindən biri də Abdulla xan Ustaclı idi. Baş verən döyüşlər qızılbaşlar üçün məğlubiyyətlə nəticələnir.

Şirvan hakimi 1548–1549-cu ildə Sultan Süleyman Təbrizə doğru hərəkət etdi. Bu zaman Təbrizdə Şənbi-Qazan adlı yerdə gözləyən Şah Təhmasibin ordusunun avanqard hissəsini osmanlılara qarşı döyüşmək üçün Mərəndə göndərdi. Abdulla xan da bu qoşunla birlikdə idi. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular.

Həmin il Sultan Süleyman geri qayıtdıqdan və Əlqas Mirzə yaxalandıqdan sonra Şah Təhmasib yenidən Şirvanda Səfəvi hakimiyyətini bərpa etdi. Osmanlı qoşunları Azərbaycanın cənub hissəsindən getdikdən sonra şah ustaclı tayfasının başçısı Abdulla xanı Şirvan hakimi təyin etdi və Şirvan qiyamçılarını zərərsizləşdirmək vəzifəsini ona tapşırdı.Abdulla xan Ustaclının Şirvana bəylərbəyi təyin edilməsi də daha çox burada baş verə biləcək mərkəzdənqaçma meyilləri ilə əlaqədar idi. Fəzli İsfahani yazır ki, Şirvanşahlar nəslindən olan Bürhan sultan Şirvana gəlib, Şirvanşahlar sülaləsini və hakimiy- yətini bərpa etmək üçün Qızılbaş qoşunları ilə vuruşdu və məğlub oldu. Vəziyyəti belə görən Şah Təhmasib H.956-cı (1549) ildə öz bibisi oğlu Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin edir.

Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad yaxınlığında Kürü keçərək Əli Şəban adlı yerdə düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı Bürhan öldü və üsyançılar onun qohumlarından birini – gənc Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə qaçdı. Şirvanlılar yenə şahın hakimiyyətinə qarşı çxıb Şirvanşah taxtına Mehrabın qohumunu, Qurban Əli adlı bir şəxsi namizəd kimi irəli sürdülər. Onlar Xəzər dənizi adalarının birində möhkəmləndilər. Abdulla xan qiyamçılara sülh təklif etsə də onlar barışıq təklifini rədd edirlər. Nəricədə 1549-cu ilin sonunda baş verən döyüşdə Qurban Əli və qiyamçılar məğlub edilir.

Həsən bəy Rumlu bu hadisəni belə şərh edir ki, Abdulla xan Şirvana çatdıqda Bürhan vəfat etmişdi. Qiyamçılar onun cəsədini gizlətmişdilər. Abdulla xanın göstərişi ilə Bürhanın cəsədi aşkar edilir və başı kəsdirilir. Qorxudan Xəzər dənizi sahilində adaya çəkilən qiyamçılar Abdulla xanın barış təklifini qəbul etmədiklərinə görə dənizə sıxışdırılıb məhv edilirlər. Abdulla xan Ustaclı tayfasının bir hissəsini Şirvana köçürüb öz hakimiyyətini möhkəmləndirdi.

Şəkinin müstəqilliyinə son qoyulmasında rolu Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasında idilər. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. "Gələsən – Görəsən" qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və kaxetiya çarı Levana tapşırıldı. Çıxılmaz vəziyyətə düşdüyünü görən Dərviş Məhəmməd xan gecə "Gələsən – Görəsən" qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları yaxaladılar və qılıncdan keçirdilər.

Qasım Şirvaninin üsyanı 1553-cü ildə I Süleyman 4-cü dəfə Azərbaycana səfərə başlayanda ona tabe olan Qasım bəy Şirvaninin bir qədər əsgər ilə Şirvana göndərir. O Dərbəndi keçərək Şirvan vilayətinə daxil oldu. Burada şirvanlıların bir hissəsi də onun qoşununa qatıldı. Abdulla xan qoşununun böyük bir qismini Naxçıvana göndərdiyi üçün öhdəliyində olan qüvvələr olduqca az idi. Buna baxmayaraq o Şirvan əmirlərindən İbrahim bəy Şamlı və Əliqulu bəy Qacarın köməkliyi ilə qiyamçılar üzərinə hücuma keçdi. İlk döyüşdə qızılbaşlar uğur qazana bilməyib Şamaxıya geri qayıdırlar. Daha sonra qiyamçılarla Abdulla xan arassında Gülüstan qalasının altında baş verən döyüşdə qızılbaşlar qalib gəldilər. Döyüş meydanında 5 minə yaxın qiyamçı öldürüldü. Yerdə qalanlar isə Tabasarana qaçdılar. Bu qələbə ilə Şirvanda Abdulla xanın hakimiyyəti gücləndi.

Antoni Cenkinson ilə görüşü Abdulla xan 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. O, bu vəzifədə olarkən bir çox xarici səyyah və səfirləri qonaq etmişdi. "Moskva kompaniyası"nın agenti olan tacir-səyyah Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı tərəfindən qəbul edilmişdi. Antoni Cenkinson Şamaxı ətrafında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı və onun şərəfinə təşkil etdiyi ziyafətlə bağlı belə yazırdı:

Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о hətta yeməklərin sayını hesablamağı qərara almışdı.

O,1563-cü ildə Qəzvindən geri qayıdarkən aprelin 6-da yenidən Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. Bu barədə Cenkinson yazır: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad (Javate) şəhərinə çatdım". Abdulla xan Moskva dövlətinə və İngiltərəyə ipək ixracını Şirvanın və bütün ölkənin iqtisadiyyatı üçün faydalı iş sayırdı və buna görə də, şahı faydalı iş təklifinə xeyirxahlıqla yanaşmağa inandırmışdı. Abdulla xan tərəfindən imzalanan fərmanın mətni belə idi:

Abdulla xanın imtiyazlarına görə, "Moskva şirkəti"nə ingilis tacirlərinə imkan verilirdi: 1) ölkəyə gəlmək və burada qeyri-məhdud müddətdə qalmaq hüququ; 2) ingilis mallarının ölkəyə sərbəst və xüsusilə rüzumsuz gətirilməsi, burada satılması. 1563-cü ildə əllərində Abdulla xanın fərmanı olan (A. Cenkinsonun onlara verdiyi) ingilis tacirləri Tomas Olkok, Corc Renn və Riçard Çini Azərbaycana gəlmişdilər.

1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının nümayəndəliyi IV İvan ilə diplomatik danışıqlar aparmaq məqsədilə Moskvaya gəlmişdi.

Ailəsi Abdulla xan Şah İsmayıl Səfəvinin qızı evlənmişdi. Həmzə xan, Şahəli mirzə, Xanməhəmməd bəy adlı oğulları vardı.

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Səfəvi əmir əl-üməraları Kateqoriya:Ustaclılar Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Şirvan bəylərbəyiləri