Məmmədov Rəşid Həmid oğlu (27 dekabr 1931, Daşsalahlı, Qazax rayonu – 2000, Bakı) — Azərbaycan riyaziyyatçısı, riyaziyyat elmləri doktoru, professor, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim.

Həyatı Rəşid Həmid oğlu Məmmədov 27 dekabr 1931-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur. Orta təhsilini 1938–1948-ci illərdə Daşsalahlı kənd orta məktəbində almışdır. 1948-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə riyaziyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra institutun aspiranturasında saxlanılmışdır.

24 may 1954-cü ildə "Funksiyaların polinomlarla və tam funksiyalarla yaxınlaşmasının bəzi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1953–1960-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında assistent, baş müəllim və dosent, 1960–1963-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1963–1969-cu illərdə isə Azərbaycan Politexnik İnstitutunda dosent və professor vəzifələrində çalışmışdır.

1964-cü ildə Leninqradda «Некоторые вопросы приближения функций линейными операторами» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1969–1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasının müdiri olmuşdur.

Elmi fəaliyyəti Rəşid Məmmədov funksiyalar nəzəriyyəsi və funksiyaların yaxınlaşdırılması sahəsində tanınmış alim olmuşdur. O, 43 dərslik və dərs vəsaitinin, 5 monoqrafiyanın və çoxsaylı elmi məqalələrin müəllifidir.

İstinadlar