Tarixi left|thumb|200px|Azərbaycanın poçt markası (2012) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası 1910–1911-ci illərdə memar-mühəndis Nikolay Bayevin layihəsi əsasında inşa edilmişdir. Binanın tikintisi Bakı şəhərinin sürətli iqtisadi və mədəni inkişaf etdiyi dövrə təsadüf edir.
Teatrın inşası ilə bağlı geniş yayılmış rəvayətlərdən birinə görə, 1910-cu ildə Rusiyanın tanınmış opera müğənnisi Antonina Nejdanova Bakıya qastrola gəlmiş və şəhərdə çıxış etmək üçün müvafiq opera səhnəsinin olmadığını bildirmişdir. Rəvayətə əsasən, bu hadisə Bakı milyonçularından birini teatr binası tikdirməyə sövq etmişdir. Lakin Antonina Nejdanovanın həmin vaxt Bakıya gəlməsi barədə məlumat təsdiqlənmədiyindən bu əhvalat tarixi fakt kimi qəbul edilmir.
Teatrın tikintisi ilə bağlı Hacı Zeynalabdin Tağıyevlə Mayılov qardaşları arasında baş verdiyi deyilən mərc də maraqlı əhvalatlardan biridir. Tağıyev binanın bir il ərzində tikilib başa çatdırılmasının mümkün olmadığına inanmadığını bildirir. Tərəflər razılaşırlar ki, əgər teatr vaxtında hazır olsa, tikinti xərclərini Tağıyev ödəyəcək, əks halda isə Mayılov binanı öz hesabına tamamlayaraq Tağıyevə verəcək. Teatr binası 1910–1911-ci illərdə, təxminən on ay ərzində inşa edilərək başa çatdırılır.
Azərbaycanda ən böyük musiqili teatr olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir. Bu bina 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 25-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, Reynqold Qlier), "Nərgiz" (1935, M. Maqomayev) və "Koroğlu" (1937, Ü. Hacıbəyov) operaları ilə zənginləşdi.
1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945, Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Əfrasiyab Bədəlbəyli) operaları tamaşaya qoyuldu.
50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F. Əmirov), "Azad" (1957, C. Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q. Qarayev), "Qaraca qız" (1965, E. Abbasov), "İldırımlı yollarla" (1961, Q. Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A. Məlikov) baletləri tamaşaya qoyuldu. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet teatrı adlanır.
Bərpa və rekonstruksiya Teatr binasında ilk rekonstruksiya işləri 1938-ci ildə aparılmışdır. Növbəti genişmiqyaslı bərpa və rekonstruksiya işlərinə 1982-ci ildə başlanılmışdır. Lakin 1985-ci ilin əvvəlində binada güclü yanğın baş vermiş, nəticədə bərpa işləri uzanmışdır. Yanğın zamanı binanın dam örtüyü və daxili hissələri zərər görmüşdür.
Yanğından sonra teatr binasında bərpa işləri yenidən aparılmışdır. İşlər 1987-ci ildə başa çatdırılmış, 1987–1988-ci illərdə binada əsaslı təmir işləri həyata keçirilmişdir.
2022-ci il mayın 5-də teatr binasında yenidən əsaslı təmir və bərpa işlərinə başlanılmışdır. İlkin mərhələdə fasadın təmiri nəzərdə tutulmuş, sonrakı mərhələlərdə isə tamaşa zalının, səhnənin və texniki infrastrukturun yenilənməsi gündəmə gəlmişdir. İşlərə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmuşdur.
Şəkillər
Həmçinin bax Azərbaycan teatrlarının siyahısı Azərbaycan Dövlət Teatr Muzeyi
Kateqoriya:Bakı teatrları Kateqoriya:Azərbaycan opera teatrları Kateqoriya:Azərbaycanda opera Kateqoriya:Azərbaycanda balet Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər