Transsendental meditasiya (TM) - Maha Vişnu Maheş Yoqi tərəfindən işlənib hazırlanmış səssiz meditasiya üsuludur.Transsendental meditasiya texnikası mantra və ya müəyyən bir səsin daxildə səssiz şəkildə təkrarlanmasına əsaslanır və adətən gündə iki dəfə,hər dəfə 15-20 dəqiqə olmaqla icra edilir. Bu üsul ölkədən və fərdin maddi vəziyyətindən asılı olaraq dəyişən ödənişli standart təlim proqramı vasitəsilə öyrədilir.Transsendental meditasiya təşkilatının məlumatına görə, dini xarakter daşımayan, rahat ayıqlıq vəziyyətinin formalaşdırılmasına, stressin azaldılmasına, fərdi inkişafın dəstəklənməsinə və şüurun daha yüksək səviyyələrinə nail olunmasına yönəlmiş bir metoddur.

Maharişi 1950-ci illərin ortalarında Hindistanda Transsendental meditasiya texnikasını tədris etməyə başlamışdır.O,müəllimi,Advayta-vedanta ənənəsinə mənsub rahib Brahmananda Sarasvatinin (ehtiramla Guru Devi kimi tanınırdı) təlimlərinə əsaslanaraq,1958-1965-ci illərdə həyata keçirdiyi silsilə dünya səfərləri zamanı minlərlə insana bu texnikanı öyrətmiş və öz təlimlərini mənəvi və dini anlayışlar çərçivəsində təqdim etmişdir.Transsendental meditasiya 1960-1970-ci illərdə Maharişinin öz təlimlərini daha dünyəvi formada təqdim etməsi ilə geniş populyarlıq qazanmışdır.Bu dövrdə Transsendental meditasiya texnikası bir sıra məşhur şəxslər, Xüsusilə "The Beatles" və "The Beach Boys" musiqi qruplarının üzvləri tərəfindən tətbiq edilmişdir. Həmin illərdə Maheşinin Transsendental meditasiya müəllimlərinin hazırlanmasına da başlamışdır.Sonradan dünya üzrə fəaliyyət göstərən Transsendental meditasiya təşkilatı təhsil proqramlarını, sağlamlıq məhsullarını və əlaqəli xidmətləri də əhatə edən geniş bir təşkilati şəbəkəyə çevrilmişdir.Maha Vişnu Maheş Yoqinin 2008-ci ildə vəfatından sonra Transsendental meditasiya təşkilatına rəhbərlik nevroloq və neyroalim Toni Nader keçirmişdir.

Qlobal Dünya Sülh Ölkəsi (Global Country of World Peace) və David Lynch Fondu (David Lynch Foundation) kimi Transsendental meditasiya ilə əlaqəli təşkilatlar bu texnikanın təşviqi ilə məşğul olmuşlar.Transsendental meditasiya müxtəlif mənbələrdə həm dini, həm də qeyri-dini mahiyyətə malik praktika kimi səciyyələndirilmişdir. Bununla yanaşı, ABŞ Üçüncü Dairə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin Transsendental meditasiyanın mahiyyət etibarilə dini xarakter daşıdığı və bu səbəbdən dövlət məktəblərində tədrisinin ABŞ Konstitusiyasına zidd olduğu barədə qərarını qüvvədə saxlamışdır.Transsendental meditasiya hərəkatı dini məzmunlu iddiaları psevdoelmi terminologiya vasitəsilə təqdim etməkdə ittiham edildiyinə görə müxtəlif tənqidlərə məruz qalmışdır.

1970-ci illərdən etibarən Transsendental meditasiya (TM) üzrə elmi tədqiqatlar aparılmağa başlanmışdır.Araşdırmalar göstərir ki,Transsendental meditasiya ümumi psixoloji rifahın yaxşılaşdırılması baxımından digər meditasiya texnikaları ilə müqayisə edilə bilən təsirə malikdir.Transsendental meditasiya praktikasının arterial qan təzyiqini azaltmağa kömək edə biləcəyi də müəyyən edilmişdir və bu təsir digər sağlam həyat tərzi müdaxilələri ilə müqayisə oluna bilən səviyyədə qiymətləndirilir. Tarix Transsendental meditasiya proqramı və Transsendental meditasiya hərəkatı onun banisi Maha Vişnu Maheş Yoqi tərəfindən yaradılmış və 2008-ci ildə vəfatından sonra da fəaliyyətini davam etdirmişdir.1955-ci ildə Maheşi öz müəllimi Brahmananda Sarasvatidən öyrəndiyi ənənəvi meditasiya texnikasını ictimai şəkildə tədris etməyə başlamışdır.O,bu metodu əvvəlcə Transsendental Dərin Meditasiya (Transcendental Deep Meditation) adlandırmış, daha sonra isə onun adını Transsendental Meditasiya (Transcendental Meditation) olaraq dəyişdirilmişdir.Maheşi minlərlə insana bu texnikanı öyrətmiş, daha sonra isə onun daha geniş kütlələrə daha sürətlə çatdırılması məqsədilə Transsendental meditasiya müəllimlərinin hazırlanması proqramını yaratmışdır.O,həmçinin 1955-ci ildə Hindistanda başlayan və 1958-ci ildən beynəlxalq miqyas alan bir sıra təbliğat səfərlərinə başlamış, bu səfərlər vasitəsilə Transsendental meditasiyanı tanıtmışdır.Bu amillər, eləcə də Transsendental meditasiya praktikasını tətbiq edən tanınmış şəxslərin dəstəyi və elmi tədqiqatların metodun effektivliyini təsdiqlədiyi barədə irəli sürülən iddialar, Transsendental meditasiyanın 1960-1970-ci illərdə geniş populyarlıq qazanmasına səbəb olmuşdur.1984-cü ildə Transsendental meditasiya ("Transcendental Meditation") ifadəsi Maheşi Fondu, tərəfindən əmtəə nişanı kimi qeydiyyata alınmışdır.2000-ci illərin sonlarına doğru Transsendental meditasiya milyonlarla insana tədris edilmiş, Maheşi isə bu dövrdə geniş beynəlxalq təşkilatlanmaya malik bir hərəkatın fəaliyyətinə rəhbərlik etmişdir.1970-ci illərdə təşkilati dəyişikliklərin aparılmasına və qabaqcıl meditasiya texnikalarının proqrama əlavə edilməsinə baxmayaraq, Transsendental meditasiya texnikasının əsas prinsipləri və tətbiq üsulu mahiyyət etibarilə dəyişməz qalmışdır.

Transsendental meditasiyanın təbliği ilə məşğul olan ilk təşkilatlar sırasında "Mənəvi Yenilənmə Hərəkatı" (Spiritual Regeneration Movement) və "Beynəlxalq Meditasiya Cəmiyyəti" (International Meditation Society) olmuşdur.Sonrakı dövrdə hərəkat genişlənərək Transsendental meditasiya təcrübəsini tədris edən məktəb və universitetləri də əhatə etmiş, həmçinin Maha Vişnu Maheş Yoqinin Vedik ənənələrə verdiyi şərhlərə əsaslanan çoxsaylı əlaqəli proqramları öz tərkibinə daxil etmişdir.ABŞ-da hərəkatla əlaqəli qeyri-kommersiya təşkilatları sırasında "Tələbələrin Beynəlxalq Meditasiya Cəmiyyəti" (Students International Meditation Society), "Yaradıcı Zəka Elmi üzrə Amerika Fondu" (American Foundation for the Science of Creative Intelligence), "Dünya Planı İcra Şurası" (World Plan Executive Council), "Maheşi Vedik Təhsilinin İnkişafı Korporasiyası" (Maharishi Vedic Education Development Corporation), "Qlobal Dünya Sülhü Ölkəsi" (Global Country of World Peace), "Qadınlar üçün Transsendental meditasiya" (Transcendental Meditation for Women) və "Maheşi Fondu" (Maharishi Foundation) yer almışdır.Hazırda "Qlobal Dünya Sülhü Ölkəsi" (Global Country of World Peace) təşkilatının rəhbəri və Maha Vişnu Maheş Yoqinin varisi kimi Toni Nader fəaliyyət göstərir.

Texnika

Transsendental meditasiya texnikası gözlər bağlı vəziyyətdə oturaraq, gündə iki dəfə 15-20 dəqiqə ərzində mantranın səssiz şəkildə təkrarlanmasına əsaslanır.Bu texnika dünyada ən geniş tətbiq olunan meditasiya üsullarından biri və eyni zamanda ən çox elmi tədqiqata cəlb edilmiş meditasiya metodları sırasında göstərilir;onunla bağlı yüzlərlə elmi araşdırma dərc edilmişdir.Transsendental meditasiya texnikası dünyanın müxtəlif ölkələrində sertifikatlaşdırılmış Transsendental meditasiya müəllimləri tərəfindən yeddi mərhələdən ibarət təlim proqramı vasitəsilə öyrədilir.Təlim haqqı isə ölkədən ölkəyə dəyişir.1965-ci ildən etibarən Transsendental meditasiya texnikası ABŞ, Latın Amerikası, Avropa və Hindistanda seçilmiş məktəblərin,universitetlərin,şirkətlərin və cəzaçəkmə müəssisələrinin bəzi proqramlarına daxil edilmişdir.1977-ci ildə ABŞ dairə məhkəməsi Nyu-Cersi ştatının bəzi məktəblərində tədris olunan Transsendental meditasiya və "Yaradıcı Zəka Elmi" (Science of Creative İntelligence - SCI) kurikulumunun dini xarakter daşıdığı və ABŞ Konstitusiyasına Birinci Düzəlişin tələblərini pozduğu barədə qərar qəbul etmişdir.Sonrakı dövrdə isə Transsendental meditasiya texnikası dünyanın müxtəlif ölkələrinfə həyata keçirilən bir sıra təhsil və sosial proqramlara daxil edilmişdir.

Transsendental meditasiya texnikası müxtəlif mənbələrdə həm dini, həm də qeyri-dini praktik kimi səciyyələndirilmiş, yeni dini hərəkatın tərkib hissəsi kimi qiymətləndirilmiş, hinduizm ənənələrinə söykəndiyi qeyd edilmiş, eyni zamanda fərdi inkişafa yönəlmiş qeyri-dini bir təcrübə kimi də təqdim olunmuşdur.

50 ildən artıq tarixə malik olan Transsendental meditasiya texnikasının ictimaiyyətə təqdim olunması kütləvi informasiya vasitələrində geniş işıqlandırılması və qlobal miqyasda səmərəli şəkildə yayılması baxımından yüksək qiymətləndirilmiş, eyni zamanda tanınmış şəxslərin dəstəyi və elmi tədqiqat nəticələrinin marketinq vasitəsi kimi istifadə edilməsi səbəbindən tənqid edilmişdir.Transsendental meditasiya sonradan əlavə təkmilləşdirilmiş kurslarla tamamlanmışdır. Bu kurslara Transsendental meditasiya-Sidhi proqramı adlanan qabaqcıl meditasiya proqramı daxildir.Həmin proqramın ictimaiyyətə təqdim edilməsi kütləvi informasiya vasitələrində mübahisələrə səbəb olmuş və hərəkatın ictimai imicində böhran dövrünün yaranmasına gətirib çıxarmışdır.2014-cü ildə aparılmış meta-analizin nəticələrinə görə,Transsendental meditasiya da daxil olmaqla meditasiya praktikalarının psixoloji stressin azaldılması və psixoloji rifah göstəricilərinə təsiri barədə kifayət qədər elmi sübut müəyyən edilməmişdir.

Hərəkat

Transsendental meditasiya hərəkatı - Transsendental meditasiya texnikası ilə əlaqəli proqram və təşkilatların məcmusudur.Bu hərəkat Maha Vişnu Maheş Yoqi tərəfindən yaradılmışdır.Transsendental meditasiya ilk dəfə 1950-ci illərdə Hindistanda tədris olunmağa başlanmış və Maheşinin 2008-ci ildə vəfatından sonra da fəaliyyətini davam etdirmişdir.Təşkilatın üzvlərinin sayı 1977-ci ildə dünya üzrə təxminən 900 min nəfər,1980-ci illərdə 1 milyon nəfər,Maheşinin 2008-ci ildə vəfatı zamanı isə təxminən 5 milyon nəfər olaraq qiymətləndirilmişdir.

Hərəkatın proqramlarına Transsendental meditasiya texnikası,TM-Sidhi proqramı (buraya "yoqik uçuş" (Yogic Flying) adlandırılan qabaqcıl meditasiya təcrübəsi daxildir),Maheşi Ayurveda adlanan alternativ sağlamlıq sistemi və Maheşi Şatapatya Veda kimi tanınan memarlıq və tikinti sistemi daxildir.Hərəkatın keçmişdə və hazırda fəaliyyət göstərən media layihələrinə MUM Press nəşriyyatı,KSCI televiziya kanalı,KHOE radio stansiyası və Maheşi Şanel peyk televiziya kanalı daxildir.Təxminən 50 illik fəaliyyəti ərzində hərəkatın məhsul və xidmətləri əsasən qeyri-kommersiya və təhsil yönümlü müxtəlif təşkilatlar vasitəsilə təqdim edilmişdir.Bunlara "Mənəvi Yenilənmə Hərəkatı" (Spiritual Regeneration Movement),"Beynəlxalq Meditasiya Cəmiyyəti" (International Meditation Society),"Dünya Planı İcra Şurası"(World Plan Executive Council,"Maheşi Vedik Təhsil İnkişaf Korporasiyası "(Maharishi Vedic Education Development Corporation)," Qadınlar üçün Transsendental Meditasiya "(Transcendental Meditation for Women," Qlobal Dünya Sülh Ölkəsi"(Global Country of World Peace),"Devid Linç Fondu"(David Lynch Foundation) daxildir.

Transsendental meditasiya hərəkatı həmçinin Transsendental meditasiya tədris mərkəzləri,məktəblər,universitetlər,sağlamlıq mərkəzləri,bitki mənşəli qida əlavələri,günəş enerjisi və ev maliyyələşdirilməsi sahələrində fəaliyyət göstərən şirkətlərdən,eləcə də Transsendental meditasiya prinsiplərinə əsaslanan bir sıra yaşayış icmalarından ibarət qlobal şəbəkəni idarə edir.

İstinadlar

Kateqoriya:Yoqa Kateqoriya:Nyu-eyc Kateqoriya:Parapsixologiya Kateqoriya:Sektalar Kateqoriya:Yeni dini hərəkatlar Kateqoriya:Psixoterapiya metodları