Mingəçevir Gənclər Evi — Mingəçevir şəhərindəki "Dostluq" parkında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, 16 aprel 2013-cü ildə istifadəyə verilmiş regional gənclər mərkəzidir. Gənclər Evi "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində yaradılmışdır.

Tarixi Mingəçevir Gənclər Evinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilmişdir.

Müəssisə 16 aprel 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Üçmərtəbəli binası olan Gənclər Evinin sahəsi 1000 m²-dir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir.

Fəaliyyəti Mingəçevir Gənclər Evinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafının və asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, həmçinin psixoloji reabilitasiya, hüquqi və informasiya xidmətlərinin göstərilməsidir.

Müəssisənin fəaliyyət istiqamətlərinə ölkədə həyata keçirilən gənclər siyasətinin təbliği, məlumatlandırma və maarifləndirmə işinin aparılması, qeyri-formal təhsilin təşkili, sağlam həyat tərzinin təbliği, peşə seçimi üzrə dəstəyin göstərilməsi və müxtəlif layihələrin həyata keçirilməsi daxildir.

Mingəçevir Gənclər Evində aşağıdakı klublar fəaliyyət göstərir:

İnnovasiya Klubu — kompüter, robototexnika və digər texnoloji sahələr üzrə bilik və bacarıqların inkişafına yönəlmişdir. Vətənpərvərlik Klubu — gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli dəyərlərə bağlılığının artırılması məqsədi daşıyır. Təlim və İnkişaf Klubu — təlimlər, seminarlar, görüşlər, intellektual oyunlar, debat turnirləri və karyera məsləhətçiliyi vasitəsilə gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləyir. Sosial Fəaliyyət Klubu — ekoloji fəaliyyətlər, kino nümayişləri, sağlam həyat tərzinin təbliği, könüllülük təşəbbüsləri və müxtəlif tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərir. Yaradıcılıq Klubu — yaradıcılıq sahəsində fərqlənən gənclərin inkişafına şərait yaradır, həvəskar teatr tamaşaları, musiqi və rəqs fəaliyyətləri təşkil edir. Analitik Tədqiqat Klubu — gənclərin maraq və ehtiyaclarının öyrənilməsi məqsədilə sorğular keçirir və nəticələr əsasında tədbirlərin planlaşdırılmasına dəstək verir.

Dərnəklər Mingəçevir Gənclər Evində aşağıdakı dərnəklər fəaliyyət göstərir:

Sosial-ictimai inkişaf dərnəyi; İKT və İnnovasiyalar dərnəyi; İstedadlı Gənclər dərnəyi; Elm və təhsil dərnəyi.

Dərnəklərin tərkibində müxtəlif istiqamətlər üzrə klublar fəaliyyət göstərir. Bu klubların fəaliyyəti uşaq, yeniyetmə və gənclərin, eləcə də müxtəlif yaş qruplarından olan şəxslərin asudə vaxtının səmərəli təşkilinə, onların müxtəlif bilik və bacarıqlar əldə etməsinə yönəldilmişdir.

Əməkdaşlıq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi BMT UNICEF Azərbaycan Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəhər Gənclər və İdman İdarəsi "Kür" Olimpiya Tədris-İdman Mərkəzi və digər qurumlarla əməkdaşlıq edir.

Həmçinin bax Mingəçevir

İstinadlar

Kateqoriya:Mingəçevir Kateqoriya:Azərbaycan Gənclər və İdman Nazirliyi Kateqoriya:Mingəçevirin görməli yerləri