Tampl () — Parisdə, müasir II və III dairələrin ərazisində yerləşmiş orta əsr qalası.
Tarixi Qala 1222-ci ildə tampliyerlər ordeninin xəzinədarı Qubert tərəfindən inşa edilmişdir. Tikintinin başa çatmasından bir əsr keçməmiş, 1312-ci ildə Fransa kralı IV Filipp qalanı ordenin əlindən almış və ordenin sonuncu böyük magistri Jak de Moleni orada həbs etdirmişdir. Tampl həmçinin 1315-ci ildə Fransanın birinci naziri Angerran de Marinın də həbs olunduğu yerə çevrilmişdir.
IV Filipin oğlu V Filipp sələfi X Lüdovikin dul xanımı Klementinaya Vensen qalasının əvəzində Tampl qalasını vermişdir. Klementina 35 yaşında Tamplda vəfat etmişdir. XVIII əsrdə qala yenidən qurulmuş və burada müxtəlif dövrlərdə Şahzadə Konti, həmçinin azyaşlı Anqulem hersoqu yaşamışdır. Saray-qala statusu daşıyan bu məkanda ballar və konsertlər təşkil olunmuşdur. Bu tədbirlərdən birində bəstəkar Volfqanq Amadey Motsart da çıxış etmişdir.
Fransa burjua inqilabından sonra Tampl həbsxana kimi istifadə olunaraq Bastiliya qalasını əvəz etmişdir. Monarxiya tərəfdarlarının nəzərində Tampl Fransa monarxiyasının süqutunun simvoluna və ziyarətgah yerinə çevrildiyi üçün 1808–1810-cu illərdə I Napoleonun göstərişi ilə qala tamamilə dağıdılmışdır. Hazırda qalanın yerində eyniadlı skver və metro stansiyası yerləşir.
İstinadlar
Kateqoriya:1810-cu ildə ləğv olunanlar Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Fransa qəsrləri Kateqoriya:Orta əsr müdafiə tikililəri Kateqoriya:Paris abidələri Kateqoriya:XIII əsrdə tamamlanmış tikililər Kateqoriya:XIII əsrə aid qəsrlər Kateqoriya:XIX əsrdə sökülmüş binalar və tikililər