II Smbatın qala divarları və ya Smbataşen — Ani şəhərini şimaldan əhatə edəm qala divarları. Bu istehkamlar elmi ədəbiyyatda Smbatyan divarları, Smbatın divarları və ya Şimal divarları adları ilə də tanınır. Qala divarları, 986–989-ci illərdə II Smbat Baqratuni tərəfindən inşa etdirilmişdir.

İnşası

Mari-Felisite Broseyə görə, II Smbat qala divarlarının tikintisi ilə 8 il məşğul olmuşdur. T. Hakobyan da eyni fikri təkrarlayır və hesab edirdi ki, divarların tikintisi 989-cu ildə başa çatmışdır. Divarların cəmi bir il ərzində inşa edildiyi barədə fikir isə T. Toramanyanın mövqeyi baxımından qeyri-mümkün hesab edilirdi. Buna görə də tədqiqatçı-memar belə nəticəyə gəlinmişdir ki, divarların tikintisinə II Smbatın hakimiyyətinin ilk illərində başlanılmış olmalıdır.

Memarı

Samvel Mnatsakanyana görə, memar Trdat təkcə Ani kafedralını deyil, həm də Smbataşen qala divarının layihəsini hazırlamış və onun tikintisinə rəhbərlik etmişdir. Qala divarının tikintisi başa çatdıqdan sonra Ani kafedralının inşasına başlanılmışdır. Qala divarının tikintisi 5–10 il davam etmişdir.

Şəhərin genişlənməsi nəticəsində Qərbi Arpaçay istiqamətindən Aniyə gələn ticarət yolları üçün keçidlərin yaradılması zərurəti meydana çıxmışdı. Buna görə də Qərbi Arpaçay üzərində salınmış körpülər şəhərin müdafiə sisteminə uyğunlaşdırılmış, düşmən hücumu zamanı onların hərəkətli taxta örtükləri qaldırılaraq körpülər keçilməz hala gətirilmişdir.

Ən mühüm körpüdən şəhərə daxil olan yol birbaşa Ani kafedral kilsəsinin meydanına çıxırdı. Yeni qala divarının və müdafiə xüsusiyyətlərinə malik körpülərin mövcudluğu, eləcə də ən böyük körpüdən başlayan yolun kafedrala qədər uzanması S. Mnatsakanyana belə qənaətə gəlməyə əsas vermişdir ki, burada vahid şəhərsalma sistemi həyata keçirilmişdir. Onun fikrincə, II Smbatın hakimiyyəti dövründə bütün bu tikililər vahid layihə əsasında inşa edilmiş və bütün prosesə dövrün ən görkəmli memarı olan Trdat rəhbərlik etmişdir.

Trdat həmçinin paytaxtın ümumi şəhərsalma planını hazırlamış, Smbataşen qala divarının əsas girişindən başlayaraq şəhəri şərq və qərb hissələrinə ayıran baş küçənin istiqamətini müəyyən etmişdir.

Memarlıq xüsusiyyətləri

T. Toramanyanın hesablamalarına görə, Smbataşen qala divarlarının uzunluğu 2500 metrdən çox, hündürlüyü 8–10 metr, qalınlığı isə 1 metr olmuşdur. Yeni qala divarının inşa ediləcəyi ərazi hamar deyildi; burada çuxurlar və ehtimal ki, müdafiə xəndəkləri mövcud idi. Əvvəlcə onlar doldurulmuş, sonra isə hamarlanmış sahədə ölçüləri və möhkəmliyi ilə bu gün də hər kəsi heyran edən Aninin Böyük qala divarı, yaxud daha məşhur adı ilə Smbataşen qala divarı tikilmişdir. Yeni qala divarı şəhərin köhnə qala divarlarının müdafiə zonasından kənarda qalan hissələrini, yəni Yeni şəhər adlandırılan ərazini əhatə edirdi. O, Qərbi Arpaçaydan Dərəçiçək (Tsaxkotsadzor) dərəsinə qədər uzanırdı. Köhnə və yeni qala divarları arasındakı məsafə təxminən 720 metr təşkil edirdi. Bununla belə, tarixçi Edessalı Matfey bu məsafəni "bir ox atımı" qədər kimi təsvir etmişdir.

Qala divarının bütün uzunluğu boyunca bir-birindən 10–20 metr aralı yerləşən bürclər tikilmişdi. Bunlar əsasən yarımdairəvi plana malik idi. Yalnız İqadzor və Qayladzor hissələrində yerləşən bürclərin planı kvadrat formalı olmuşdur. Aninin qala divarları, Ağcaqaladakı və İçqaladakı dörd-dörd, eləcə də Aşotaşen qala divarındakı altı bürc nəzərə alınmadan, ümumilikdə 80 bürcdən ibarət idi. Təkcə Smbataşen qala divarında 55 qüllə vardı; bu saya əsas divardan 7–10 metr aralıda ona paralel uzanan daha alçaq müdafiə divarı üzərində yerləşən təxminən iyirmi qüllə də daxildir.

Bürclər iki və ya üç mərtəbəli idi və mərtəbələr bir-biri ilə pilləkənlər vasitəsilə əlaqələndirilirdi. Qala divarında 14 qapı və keçid mövcud idi. Onların ən mühümləri Böyük qapı, Qars qapısı və Dvin qapısı idi. Hər bir qapı iki yarımdairəvi qüllə arasında yerləşirdi. Böyük qapının üzərində Ani şəhərinin gerbi – bəbir təsviri həkk olunmuşdu. Tarixçi Aristakes Lastivertsinin yazdığına görə, qapılar dəmirdən, onların cəftə və sürgüləri isə misdən hazırlanmışdı.

N. Marr hesab edirdi ki, Smbataşen qala divarı ikiqat müdafiə divarından, yəni bir-birinə paralel uzanan iki qala divarından ibarət olmuşdur və bu xüsusiyyət bu günədək qorunub saxlanılmışdır. Hər iki paralel divarın tikintisində eyni növ və eyni rəngli daşlardan istifadə edilmiş, həmçinin onların hörgü üsulu da eyni olmuşdur.

Smbataşen qala divarının xarici tərəfində yerləşən su ilə doldurulmuş xəndək o qədər geniş və dərin idi ki, onu yalnız qayıqla keçmək mümkün idi. Bu xəndəyin izlərini vaxtilə N. Marr müşahidə etmiş və onun arxeoloji qazıntılarla tədqiq edilməsinin zəruriliyini qeyd etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ani Kateqoriya:Qars tarixi Kateqoriya:Ani krallığı Kateqoriya:X əsr memarlığı Kateqoriya:X əsrdə hərb tarixi Kateqoriya:X əsrdə tamamlanmış tikililər