Əbu İsa Ubeydullah ibn Ömər ibn Xəttab əl-Qureyşi əl-Ədəvi (; ) — Ömərin oğlu və Məhəmmədin səhabəsi.

Həyatı Məhəmmədin peyğəmbərlik illərində Məkkədə dünyaya gəldi. "Əbu İsa" künyəsini hansı səbəbdən götürdüyü naməlumdur. Atası Ömərdən sonra müsəlman oldu. Mədinəyə hicrət etdi və atasının xəlifəlik illərində qardaşı Abdullahla birlikdə döyüşmək üçün İraqa yollandı.

Osmanın xəlifəlik illərində Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkrlə birlikdə, Misir valisinin əmrində Şimali Afrikadakı döyüşlərdə iştirak etdi.

Ömərin qətlə yetirilməsindən sonra Əbdürrəhman ibn Əbu Bəkr bildirdi ki, hadisədən bir gün əvvəl qatili fars əsilli Hörmüzan və Səd ibn Əbu Vəqqasın Mədinəyə gətirdiyi xristian kölə Cüfeynə ilə birlikdə görmüşdü. Onların yanında xəlifənin qətlə yetirilməsində istifadə olunan xəncər də var idi.

Bunu eşidən Ubeydullahın qatilin qızını (və ya arvadını), hadisədən qısa müddət əvvəl müsəlman olmuş keçmiş Sasani sərkərdələrindən Hörmüzanı və Cüfeynəni öldürdüyü rəvayət edilir (İbn Əbdülbərr bu rəvayətlərin arasında ziddiyyətli və qeyri-sabit məlumatların olduğunu qeyd etmişdir).

Buna görə Ubeydullahla müsəlmanlar arasında ciddi gərginlik yarandı. Rəvayətə görə, o, əlində qılıncla Mədinə küçələrində qorxu yayaraq əcnəbiləri və kölələri öldürmək istəyirdi. Əmr ibn Əs onu çətinliklə sakitləşdirə bildi və süd atası olan Səd ibn Əbu Vəqqasın evində gizlədərək onu sakitləşdirməyə çalışdı.

Əli və səhabələrin bir qismi Hörmüzanı öldürdüyünə görə Ubeydullaha qisas tətbiq edilməsini tələb etdilər. Lakin səhabələrin əksəriyyəti, xüsusilə də təsirli çıxış edən Əmr ibn Əs bildirdi ki, Ömərin qətlə yetirilməsindən dərhal sonra oğlunun da qisas məqsədilə öldürülməsi cəmiyyətdə böyük narazılıq və qarışıqlıq yaradacaq. Buna görə Ubeydullah Osman ibn Əffan tərəfindən əfv edildi.

Ancaq o, Əli ibn Əbu Talib xilafətə gəldikdən sonra öldürüləcəyindən qorxaraq Dəməşq şəhərinə qaçdı və Muaviyə ibn Əbu Süfyana sığındı. O, Siffeyn döyüşü zamanı (37/657) Muaviyənin tərəfində sərkərdə kimi iştirak etdi və həmin döyüşdə öldürüldü. Cəsədi həyat yoldaşı Bəhriyyə bint Həniyə, atası Ömərdən qalmış "Zül-vişah" adlı qılınca da qardaşı Abdullah ibn Ömərə təhvil verildi.

İstinadlar Kateqoriya:Raşidi xilafətindən olanlar