Maredir (, ) — Parisin Sena çayının sağ sahilində, Boburdan şərqdə yerləşən tarixi rayonu və məhəlləsi. Respublika meydanı ilə Bastiliya meydanı arasında yerləşən Mare Parisin həm 3-cü, həm də 4-cü bələdiyyə dairələrinə aid edilmişdir. Məhəllənin sərhədləri üç bulvar və Sena çayı ilə müəyyən olunmuşdur: şimalda Tampl bulvarı, qərbdə Sevastopol bulvarı, şərqdə Bomaşe bulvarı və cənubda Sena çayı yerləşir.

Əvvəllər bu ərazidə mövcud olmuş bataqlıq XIII əsrdə tampliyerlər ordeninin üzvləri tərəfindən qurudulmuşdur. Həmin dövrdə şəhərin kənarı hesab olunan bu ərazi müasir dövrdə mərkəz statusu daşıyır. Mare XIX əsrdə baron Osmanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı şəhərsalma fəaliyyətindən, demək olar ki, təsirlənməyərək xilas olmuşdur. Hazırda məhəllədə qədim sənətkar evləri ilə yanaşı ucaldılmış dəbdəbəli sarayları və malikanələri müşahidə etmək mümkündür.

Yəhudi məhəlləsi Yəhudilərin çoxsaylı deportasiyalara məruz qalmasına baxmayaraq, XIII əsrdən etibarən Maredə Parisin yəhudi məhəlləsi mövcud olmuşdur. İlkin dövrlərdə bura İspaniya və Portuqaliyadan təqib edilərək qovulmuş yəhudilərin törəmələri olan səfəradlar məskunlaşmış, sonralar isə Fransa inqilabı dövründə Elzas və Şərqi Avropadan xüsusilə ortodoks yəhudilər köçmüşdür. Müasir dövrdə Maredə Avropanın ən böyük kompakt yəhudi icması yerləşir. Fransada ümumilikdə 800 000 yəhudi yaşayır. Onların da təxminən yarısı Parisdə, əsasən idiş dilində "meydança" və ya "qəsəbə" mənasını verən və Pletsl kimi tanınan, Marenin Rozye küçəsi ətrafındakı yəhudi məhəlləsində məskunlaşmışdır.

Paris metrosunun tərtibatında iştirak etmiş və özü də amerikalı yəhudi qadınla evli olan memar Ektor Gimar şəhərin ən böyük sinaqoqunu — Marenin mənəvi mərkəzini modern üslubunda inşa etmişdir. Sözügedən ibadətgah 1940-cı ildə alman işğalçıları tərəfindən partladılmışdır. Bina bərpa edildikdən sonra sinaqoq mədəniyyət abidəsi elan olunmuş və bununla da mümkün yenidən dağıdılma hallarından mühafizə edilmişdir. Sinaqoqun bilavasitə yaxınlığında yəhudilərin kiçik, lakin hörmətli qrupu sayılan ortodoks iudaistlərin rəhbəri yaşayır. Ərazidə Paris baş ravvinliyinin kaşrut departamenti tərəfindən verilmiş koşerlik sertifikatına sahib suşi-barlara və ya pitseriyalara tez-tez rast gəlinir, koşer mağaza və restoranların lövhələri idiş və ya ivrit dillərində dublyaj olunur.

Həmçinin Rozye küçəsində ilk yəhudi telekanalı olan "Télévision française juive" kanalının qərargahı yerləşir və yeni verilişlərin ideyaları burada formalaşdırılır.

İstinadlar

Kateqoriya:Fransada LGBT Kateqoriya:Fransada yəhudi tarixi Kateqoriya:Gey məhəllələr Kateqoriya:Parisin görməli yerləri Kateqoriya:Parisin IV arondismanı Kateqoriya:Parisin rayonları