"Un premier amour" — musiqisi Klod-Anri Vik, fransızca mətni isə Rolan Valade tərəfindən yazılmış, Fransa müğənnisi İzabel Obre tərəfindən lentə alınmış mahnı. Kompozisiya Lüksemburq şəhərində keçirilən 1962-ci il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və qalib gəlmişdir.

Tarixi "Un premier amour" mahnısı Rolan Valadenin fransızca sözlərinə Klod-Anri Vik tərəfindən bəstələnmiş və İzabel Obre tərəfindən yazdırılmışdır. Bu, İzabel Obrenin ilk sevginin insanlar üzərindəki gücü haqqında oxuduğu tipik dramatik baladdır.

Fransa Radioverilişləri və Televiziyası (RTF) bu kompozisiyanı 7-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir.

18 mart 1962-ci il tarihinde Lüksemburqun "Villa Louvigny" sarayında "Compagnie Luxembourgeoise de Télédiffusion" (CLT) şirkəti tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. İzabel Obre "Un premier amour" mahnısını həmin gecə Niderlandın "De Spelbrekers" qrupunun ifasındakı "Katinka" kompozisiyasından sonra və Norveçin təmsilçisi Inger Yakubsenin ifa etdiyi "Kom sol, kom regn" mahnısından əvvəl, doqquzuncu nömrə altında ifa etmişdir. Fransanın təqdimatı zamanı canlı orkestrə Frank Pursel dirijorluq etmişdir. Səsvermənin yekununda mahnı 26 xal toplayaraq on altı iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur.

1963-cü ildə müsabiqənin qalibi kimi onun estafetini Danimarkanı təmsil edən Qrete və Yorgen İnqmannın ifasındakı "Dansevise" mahnısı təhvil almışdır. Həmin il Fransa təmsilçisi kimi onu Alen Barrerin ifa etdiyi "Elle était si jolie" kompozisiyası əvəzləmişdir.

İzabel Obre 1968-ci ildə yenidən Fransanı təmsil edərək müsabiqəyə qayıtmış, "La source" mahnısını ifa edərək 20 xalla üçüncü yeri tutmuşdur. O, həmin yarışmada qalib gələn Massielin "La, la, la" mahnısından və ikinci yeri tutan Kliff Riçardın "Congratulations" kompozisiyasından geri qalmışdır. Müğənni "Un premier amour" mahnısını 22 avqust 1981-ci il tarixində Mayzen şəhərində keçirilən və Avroviziyanın 25 illiyinə həsr olunmuş "Songs of Europe" yubiley şousunda yenidən ifa etmişdir.

İstinadlar

Kateqoriya:1961-ci ilin mahnıları Kateqoriya:Fransız dilində mahnılar