İshar Kohen (; ) — İsrail müğənnisi, 1978-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi.
Həyatı İzhar Kohen İsrailin Tel-Əviv şəhərində anadan olmuş və Givataimda böyümüşdür. O, əslən Yəmən yəhudilərindən olan musiqiçi ailəsində doğulmuşdur. Valideynləri Şlomo Kohen və Sara Kohen, qardaş-bacıları isə Hofni, Pini və Vardina Kohendir.
Karyerası İshar Kohen uşaqlıq illərindən mahnı oxumağa başlamış və atasının çıxışlarında ona yoldaşlıq etmişdir. 18 yaşında İsrail Müdafiə Qüvvələrinin "Naxal" mahnı və rəqs ansamblına qoşulmuşdur. 1970-ci illər ərzində İsrailin ən çox dinlənilən müğənnilərindən birinə çevrilmişdir. İsraili təmsil etmiş, 1978-ci il Avroviziya Mahnı Müsabiqəsində musiqisi Nurit Hirşe, sözləri isə Ehud Manora məxsus olan "A-Ba-Ni-Bi" mahnısını "Alfabeta" qrupu ilə birlikdə ifa edərək yarışmanın qalibi olmuşdur. Mahnının adı uşaqlar arasında populyar olan "Bet dili" adlı dil oyununda ivrit dilindəki birinci şəxsin təki olan "ani" (mən) sözünün ifadəsidir.
İshar Kohen daha sonra (bu dəfə adları qeyd olunmayan bek-vokalçılar qrupu ilə birlikdə) 1985-ci il müsabiqəsində yenidən İsraili təmsil etmiş və musiqisi Kobi Oşrata, sözləri isə Hamutal Ben-Zeevə məxsus olan "Olé, Olé" mahnısı ilə 5-ci yeri tutmuşdur. O, 1982-ci, 1987-ci və 1996-cı illərdə də İsraili təmsil etmək üçün cəhdlər göstərsə də, milli seçim turlarında qalib gələ bilməmişdir.
İshar Kohen Hayfa Teatrında aktyor kimi də fəaliyyət göstərmişdir. Onun Tel-Əvivin Dizenqof küçəsində zərgərlik mağazası fəaliyyət göstərir.
İshar Kohen "Maskalı müğənni" layihəsində "Buğa" maskası altında çıxış etmiş və ümumi hesabla 10-cu yeri tutmuşdur.
2024-cü ildə İsrailin "Ulduzlarla rəqs" proqramında iştirak edən İshar Kohen 26 iyun 2024-cü il tarixində layihəni tərk etmişdir.
İstinadlar
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:İsrail Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:İsrail müğənniləri Kateqoriya:İsrailin "Avroviziya" təmsilçiləri