"Fire" — Almaniya müğənnisi Sara Engelsin ifa etdiyi mahnı. Mahnı Engels tərəfindən Valentin Boes, Luiza Haynemann, Rafael Lott və Dario Şürmann ilə əməkdaşlıq çərçivəsində yazılmış, prodüserliyini isə Boes, Lott, Malte Nihaus, OSSIA Berlin və Şürmann üstlənmişdir. Musiqi əsəri 30 yanvar 2026-cı il tarixində "Wird Wild" və "Electrola" leyblları tərəfindən buraxılmış və 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı təmsil etmişdir.
Kontekst Sara Engels 13 yanvar 2026-cı il tarixində "Instagram" hesabının hekayə bölməsində paylaşdığı postda yaxın günlərdə mühüm bir xəbər açıqlayacağını elan etmişdir. Elanın məzmununu dəqiqləşdirməsə də, bunun karyerasının "ən böyük fürsəti" ola biləcəyinə işarə vurmuşdur ki, bu da media subyektlərinin onun 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunda mümkün iştirakı barədə fərziyyələr irəli sürməsinə səbəb olmuşdur. Növbəti gün yeni "Fire" sinqlının iki həftə sonra işıq üzü görəcəyi elan edilmiş, 15 yanvar tarixində isə bu mahnının Engelsin seçim turundakı yarışma mahnısı olduğu təsdiqlənmişdir.
Videoklip Rejissorluğu və montajı Daniel Priss tərəfindən edilən "Fire" mahnısının muson videosu Köln şəhərində fəaliyyət göstərən "MMC Film & TV Studios" kinostudiyasında lentə alınmış və 30 yanvar 2026-cı il tarixində təqdim olunmuşdur. Ekran işinin prodüserliyini "aPahl Production" üçün Aleksandr Pal, xoreoqrafiyasını isə İndiya Rişko həyata keçirmişdir.
Avroviziya Mahnı Müsabiqəsi 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində, "Wiener Stadthalle" konsert zalında baş tutmuşdur. Müsabiqə müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinaldan, həmçinin 16 may 2026-cı il tarixindəki final mərhələsindən ibarətdir.
28 fevral 2026-cı il tarixində Engels "Eurovision Song Contest – Das deutsche Finale 2026" adlı milli seçim turunda "Fire" mahnısı ilə çıxış etmiş və telesəsvermədə 38,30 % səs qazanaraq qalib gəlmişdir.
2026 Avroviziya Mahnı Müsabiqəsinin finalında mahnı ümumilikdə 12 xal toplayaraq 23-cü yeri tutmuşdur.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Almaniya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:İngilis dilində mahnılar