Avstriya Sileziyası, rəsmi olaraq Yuxarı və Aşağı Sileziya hersoqluğu — Bohemiya krallığı və Habsburq monarxiyası (1804-cü ildən sonra Avstriya imperiyası, 1867-ci ildən sonra isə Avstriya-Macarıstan və ya Sisleytaniya) tərkibində mövcud olmuş müxtəlif dərəcəli muxtar statuslu tarixi vilayətdir. Regional olaraq geniş Sileziya torpaqlarının bir hissəsi hesab edilən bu ərazi, müasir dövrdə Çex Sileziyası coğrafiyasının əsasını formalaşdırır.
Coğrafiyası
thumb|Avstriya Silezyası (sarı rəngli ərazi), Rixard Andree, 1880-ci il.
Avstriya Silezyası, Moraviya regionunda, müasir Ostrava şəhərinin inzibati hüdudları daxilindən keçən Ostravitse və Odra çayları ilə bir-birindən ayrılmış iki əsas coğrafi regiondan ibarət idi. Ostravitse çayının şərqində qərarlaşan Seşin, cənubda Macarıstan krallığı (müasir Slovakiya torpaqları) ilə həmsərhəd olan Qərbi Karpat dağlarının (Silezya Beskidləri) dağlıq silsilələrindən başlayaraq Olşa və yuxarı Visla çayları boyunca şimala — Prussiyanın Sileziya əyalətinə qədər uzanırdı. Oder çayının qərbində qalan digər region isə tarixi Opava şəhərindən tutmuş Bila Voda (Bela Voda) kəndinə qədər uzanan və Sudet geosisteminə daxil olan əraziləri əhatə edirdi.
Tarixi
Bu region Orta əsrlərdə Polşanın Piast krallığına tabe olan Sileziya hersoqluğunun cənub-şərq hissəsini təşkil edirdi. XIV əsrdə Sileziya hersoqlarının böyük əksəriyyəti rəsmən Bohemiya krallığının vassalığını qəbul etmişdi.
Bohemiya tacının ayrılmaz bir hissəsi olan Sileziya, Bohemiyanın son Yaqellon sülaləsindən olan kralı II Layoşun 1526-cı ildəki Mohaç döyüşündə ölümündən sonra, Habsburq ershersoqu I Ferdinand tərəfindən miras yolu ilə əldə edilmişdi. Habsburq imperatriçası Mariya Terezanın 1740-cı ildə taxta çıxması ilə Prussiya kralı II Fridrix Sileziya torpaqlarına iddia irəli sürmüş və heç bir cavab gözləmədən 16 dekabrda Birinci Sileziya müharibəsini (1740–1742) başlatmışdı. Bu münaqişə həm də Avstriya irsi uğrunda müharibənin başlanğıcı hesab olunur. Xotuzits döyüşündə Prussiyanın qələbə qazanması ilə hərbi kampaniya başa çatmışdı. Bu müharibənin yekununda imzalanmış Berlin və Breslau sülh müqavilələrinə əsasən Sileziya regionu parçalanmışdı.
thumb|Avstriya Silezyasının daxili strukturu, 1746-cı il.
Müqavilənin şərtlərinə görə, Prussiya krallığı Bohemiyanın Kladsko qəzası da daxil olmaqla Sileziya torpaqlarının böyük hissəsini özünə birləşdirmişdi. Yalnız Yuxarı Sileziyanın cənub-şərqindəki kiçik bir ərazi Habsburq monarxiyasının idarəçiliyində qalmışdı. Bu torpaqlara aşağıdakılar daxil idi:
Yuxarı Sileziyadakı Seşin hersoqluğu (Seşin) Opava çayının cənubunda yerləşən, keçmiş Moraviya anklavları daxil olmaqla Krnov və Opava hersoqluqlarının hissələri Aşağı Sileziyanın cənub ucqarını təşkil edən Nısa hersoqluğunun bir qismi.
1804-cü ildə Habsburq sülaləsinin başçısı II Frans Avstriya imperiyasının yaradılmasını elan edərkən özünə həm də "Yuxarı və Aşağı Sileziya hersoqu" titulunu götürmüşdü. Sonrakı dövrdə regional infrastruktur inkişaf etdirilərək Avstriya Silezyası birbaşa dəmiryolu xətti vasitəsilə imperiyanın paytaxtı Vyana şəhərinə birləşdirilmişdi.
thumb|Yuxarı və Aşağı Sileziya hersoqluğunun gerbi (1851–1919), Hüqo Herard Ştröl tərəfindən hazırlanmışdır.
1918-ci ilin noyabrında Dualist Monarxiya (Avstriya-Macarıstan) süqut etmişdi. Avstriya Silezyasının böyük hissəsi Sen-Jermen sülh müqaviləsinin şərtlərinə əsasən yeni yaradılmış Çexoslovakiya dövlətinə verilmişdi. Teşin Sileziyası regionundakı sərhəd mübahisələri tərəflər arasında qısamüddətli Polşa-Çexoslovakiya müharibəsinə səbəb olmuşdu. 1920-ci ildə ərazinin yekun bölünməsi zamanı Olşa çayının şərqində qalan torpaqlar Muxtar Sileziya voyevodalığının tərkib hissəsi kimi Polşaya verilmişdi. Keçmiş Prussiya Sileziyasının sərhədində yerləşən Hluçin regionu isə Çexoslovakiyanın tərkibinə daxil edilmişdi.
Həmçinin bax
Çexiya Sileziyası
Qeydlər
İstinadlar
Kateqoriya:Sileziya Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Polşanın tarixi vilayətləri