thumb|Çemberlen, Daladye, Hitler, Mussolini və Faşist İtaliyasının xarici işlər naziri Qaleatsso Çiano (soldan sağa).

thumb|1938-ci il Münhen konfransı ərəfəsində Fransa Baş naziri Eduard Daladye (ortada) Nasist Almaniyasının xarici işlər naziri İoahim fon Ribbentrop ilə danışarkən.

Eduard Daladye (; ), fransız dövlət və siyasi xadimi, İkinci Dünya müharibəsinin başlanğıcında Fransanın baş naziri.

Siyasi karyerası

1924–1928-ci illər arasında koalisiya hökumətləri dövründə müxtəlif nazirlik vəzifələrini icra etmiş, 1926-cı ildən etibarən isə sosialist SFIO ilə bərabər Radikal Partiyanın idarəetməsində mühüm rol oynamışdır. Radikalların aparıcı üzvlərindən biri olan Daladye ilk dəfə 1933-cü ildə baş nazir vəzifəsinə gəlmişdir. 1936-cı ildə Xalq Cəbhəsi () koalisiyasında hərbi nazir postunu tutmuş; Xalq Cəbhəsinin süqutundan sonra, 10 aprel 1938-ci ildə yenidən baş nazir seçilmişdir.

1938-ci ildə Adolf Hitler, Nevill Çemberlen və Benito Mussolini ilə bərabər Çexoslovakiyanın parçalanmasını rəsmiləşdirən Münhen sazişini imzalamışdır.

1 sentyabrda Almaniyanın Polşanı işğal etməsindən sonra, 3 sentyabrda istəksiz də olsa Almaniyaya müharibə elan etmiş və tarixdə "Müəmmalı müharibə" () adlanan passiv hərbi mərhələni başlatmışdır. 6 oktyabrda Hitler Fransa və Böyük Britaniyaya sülh təklifi təqdim etmişdir. Fransız hökumətində Hitlerin bu təklifini qəbul etməyə meylli bir neçə siyasətçi olsa da, ertəsi gün radio vasitəsilə xalqa müraciət edən Daladye bu addımı rədd etmişdir. O, çıxışında: "Biz təcavüzə qarşı silaha sarılmışıq. Hər altı aydan bir təhdid edilməyəcəyimiz real sülh və təhlükəsizlik zəmanəti alana qədər silahı yerə qoymayacağıq" bəyanatını səsləndirmişdi.William L. Shirer The Collapse of the Third Republic: An Inquiry into the Fall of France in 1940, 1969, Da Capo Press, p. 529.

29 yanvar 1940-cı ildə Fransa xalqına müraciətlə etdiyi radio çıxışında "Nasizmin hədəfi quldarlıqdır" deyən Daladye, alman rejiminin mahiyyətini bu sözlərlə ifadə etmişdir: "Bizim üçün məsələ sadəcə müharibəni udmaqdan daha dərindir. Biz qalib gələcəyik, lakin eyni zamanda silahlardan daha böyük bir zəfər qazanmalıyıq. Berlində hökm sürən dəlilərin yaratmağa çalışdıqları bu ağalar və kölələr dünyasında, insan ləyaqətini və azadlığı xilas etməliyik".

1940-cı ilin martında Daladye, SSRİ-Finlandiya arasındakı Qış müharibəsi zamanı Finlandiyanın müdafiəsinə vaxtında və lazımi kömək göstərə bilmədiyi üçün daxili təzyiqlərə dözməyərək baş nazirlikdən istifa etmiş və onu Pol Reyno əvəzləmişdir. Lakin Daladye yeni hökumətdə hərbi nazir postunu hifz edib saxlamışdır. Onun yeni baş nazirə qarşı bəslədiyi şəxsi düşmənçilik, Reynonun müvəffəqiyyətsiz hərbi strateq Moris Qamelini Fransa Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən vaxtında kənarlaşdırmasına mane olmuşdur. Sedan yaxınlığında alman ordusunun cəbhəni yarmasından sonra Daladye vəzifəsini Reyno ilə dəyişmişdir; Reyno hərbi nazir, Daladye isə xarici işlər naziri olmuşdur. Qamelin isə nəhayət 19 may 1940-cı ildə almanların Fransa hərbi kampaniyasına başlamasından doqquz gün sonra Maksim Veyqand ilə əvəz olunmuşdur.

Fransanın süqutundan sonra Daladye hökumətin digər üzvləri ilə bərabər Şimali Afrikaya (Fransız Mərakeşinə) qaçmış, lakin Riom prosesi zamanı Vişi hökuməti tərəfindən həbs edilərək dövlətə xəyanətdə ittiham olunmuşdular. O, Pireney dağlarında yerləşən Fort-dü-Portalet qalasında saxlanılmışdı. 1940-cı ildən 1943-cü ilin aprelinə qədər həbsdə saxlanılan Daladye, daha sonra nasistlərə təhvil verilərək Almaniyadakı Buhenvald həbs düşərgəsinə sürgün edilmişdir. 1943-cü ilin mayında digər yüksək rütbəli fransız məhbuslarla birlikdə Şimali Tiroldakı İtter qəsrinə köçürülmüş və müharibənin sonuna qədər orada qalmışdır. İkinci Dünya müharibəsinin ən qeyri-adi qarşıdurması hesab olunan İtter qəsri döyüşündən sonra müttəfiqlər tərəfindən azad edilmişdir.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Şarl de Qolla müxalif mövqe tutaraq yenidən Deputatlar Palatasının üzvü seçilmişdir. 1953–1958-ci illərdə Avinyon şəhərinin meri vəzifəsini icra etmişdir. 1970-ci ildə Parisdə vəfat etmiş və şəhərin məşhur Per-Laşez qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Fransa xarici işlər nazirləri Kateqoriya:Fransa müdafiə nazirləri Kateqoriya:Fransa koloniyaları nazirləri Kateqoriya:Fransa təhsil nazirləri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Fransa şəhərlərinin merləri