Jak Mbuyamba Mukendi (; ) – hücumçu mövqeyində çıxış etmiş keçmiş konqolu futbolçu. Karyerasını əsasən Şimali Kipr futbol klublarında keçirmişdir. Şimali Kiprdə üç müxtəlif futbol liqasında bombardir olmağı bacarmış yeganə futbolçudur.
Karyerası Jak Mbuyamba karyerasının böyük hissəsini Şimali Kipr klublarında keçirmişdir. İlk dəfə 1990-cı illərin sonunda "Yalova" klubunda çıxış edərək Şimali Kipr futbolunda daxil olmuşdur. 2000–2004-cü illərdə "Çetinkaya" klubu ilə iki dəfə Şimali Kipr çempionluğu yaşamışdır. 2004–2006-cı illərdə Cənubi Kiprə gedərək "Alki Larnaka" və "Digenis Akritas" klublarında çıxış etmişdir. 2006/2007 mövsümündə Şimali Kipr Birinci Liqasında "Ozanköy" klubunda çıxış edərək klubun Super Liqaya çıxmasına kömək etmişdir. 2007–2009-cu illərdə "Gönyeli" klubunda çıxış edərək iki dəfə Şimali Kipr çempionu olmuşdur. Növbəti mövsüm legioner futbolçu məhdudiyyəti səbəbindən futbol oynaya bilməmişdir. 2010–2015-ci illərdə "Mağusa Türk Gücü", "Bostancı Bağcıl", "Küçük Kaymaklı", "Gönyeli", "Geçitkale Günay" və "Girne Halk Evi" klublarında çıxış etmişdir. 14 aprel 2013-cü ildə Birinci Liqada baş tutan "Gönyeli" 8:1 "Vadili TÇB" oyununda 7 qol vurmuşdur. "Geçitkale" klubunun İkinci Liqada çempion olan və Birinci Liqaya yüksələn heyətində yer almış, klubda 11 qol vurmuşdur. Son olaraq çıxış etdiyi "Girne Halk Evi" klubunda 2014/2015 mövsümündə İkinci Liqa çempionu olmuşdur.
Mbuyamba Şimali Kipr futbolunda 2000-ci illərin ən məhsuldar əcnəbi hücumçularından biridir. O, Şimali Kiprin üç müxtəlif futbol liqasında da bombardir olmağı bacarmış yeganə futbolçudur. Şimali Kipr Super Liqasında üç dəfə bombardir olmuşdur: 2002/2003 və 2003/2004 mövsümlərində "Çetinkaya" klubunda və 2007/2008 mövsümündə "Gönyeli" klubunda Şimali Kipr çempionatında ən məhsuldar futbolçu olmağı bacarmışdır. Super Liqada bombardir olduğu mövsümlərdə 29 (2002/2003), 33 (2003/2004) və 28 (2007/2008) qol vurmuşdur. Mbuyamba "Ozanköy" klubunda 2006/2007 mövsümündə Şimali Kipr Birinci Liqasının və "Girne Halk Evi" klubunda 2014/2015 mövsümündə Şimali Kipr İkinci Liqasının bombardiri olmuşdur.
2014/2015 mövsümündə futbolçu karyerasını bitirmişdir. Karyerasını bitirdikdən sonra Şimali Kiprdə məşqçi kimi işləməyə başlamışdır: əvvəlcə "Ağırdağ Bozdağ" klubunda, 2016-cı ildə isə "Doğan Türk Birliği" klubunda məşqçi olmuşdur.
Şəxsi həyatı Mbuyamba 2010-cu ildə "Mağusa Türk Gücü" klubunda çıxış edərkən Şimali Kipr vətəndaşlığı almışdır. 2006-cı ildə Cənubi Kiprdə doğulmuş oğlu Gift Mbuyamba da futbolçudur. O, Türkiyədə "Boluspor" və "Bandırmaspor" klublarının U-19 komandalarında çıxış etmişdir. Şimali Kiprdə doğulmuş qızı Maya Mbuyamba isə bir müddət basketbolla məşğul olmuş, "İzmir Böyükşəhər Bələdiyyəspor" klubunda çıxış etmişdir, hazırda isə modelliklə məşğul olur.
İstinadlar
Xarici keçidlər Kipr Türk Futbol Federasiyasının saytında futbolçu profili
Kateqoriya:Konqo Demokratik Respublikası futbolçuları Kateqoriya:Şimali Kipr futbolçuları Kateqoriya:Futbol hücumçuları