Estoniya Təbiət Tarixi Muzeyi (EMNH; ) — Estoniyanın milli təbiət tarixi muzeyidir. Muzey Tallin şəhərinin Köhnə Şəhər hissəsində yerləşir.
Muzey əsasən təbiət tarixi və təbiət təhsili ilə məşğul olur və ziyarətçilərə Estoniyanın vəhşi təbiəti ilə tanışlıq imkanı yaradır.
Tarixi Muzeyin əsası 1842-ci ildə yaradılmış Estoniya Ədəbiyyat Cəmiyyətinin muzeyinə gedib çıxır. Bu muzey 1864-cü ildə Əyalət Muzeyi adlandırılmışdır. Muzey təbiət elmləri sahəsində fəaliyyət göstərirdi və bu istiqamət 1872-ci ildə Aleksandr fon der Pahlenin (1820–1895) kolleksiyaya töhfə verməyə başlamasından sonra daha da əhəmiyyət qazandı. Pahlen sonradan muzeyin sədri seçildi və onun rəhbərliyi dövründə kolleksiya genişlənməyə davam etdi. Kolleksiya böyüdükcə, onu yerləşdirmək üçün 1911-ci ildə Kohtu küçəsində yeni bina satın alındı.
Birinci dünya müharibəsi zamanı passiv müqavimət səbəbindən muzeyin kolleksiyaları Rusiyaya köçürülmədi. Əyalət Muzeyi fəaliyyətini Təhsil və Tədqiqat Nazirliyinin İncəsənət və İrs Departamentinin nəzdində davam etdirdi, lakin 1926-cı ildə adı Estoniya Ədəbiyyat Cəmiyyətinin Muzeyi olaraq dəyişdirildi.
Molotov–Ribbentrop paktından sonra Estoniya Ədəbiyyat Cəmiyyəti də daxil olmaqla Baltik-alman qurumları bağlandı. 1940-cı ildə Estoniya SSR Xalq Komissarları Sovetinin qərarı ilə sovet hakimiyyəti bütün muzeyləri milliləşdirdi və bunun nəticəsində 1 yanvar 1941-ci ildə Tallinn şəhərində Milli Təbiət Tarixi Muzeyi yaradıldı. 1942-ci ildə baş vermiş bombardman nəticəsində muzey nümunələrinin bir hissəsi məhv olmuşdur.
Kolleksiya
Estoniya Təbiət Tarixi Muzeyinin kolleksiyalarında təxminən 300.000 muzey eksponatı saxlanılır. Estoniyada rast gəlinən bitki, böcək, kəpənək və güvə, quş və məməli növlərinin təxminən 90%-i kolleksiyalarda təmsil olunur. Kolleksiyanın ən qiymətli hissəsini tip nümunələri təşkil edir — bunlar yeni taksonun ilk təsvirini vermək üçün istifadə olunan və həmin taksonun əsas nümunəsi hesab edilən eksponatlardır.
Botanika Əsas botanika kolleksiyası təxminən 122.000 bitki nümunəsindən ibarətdir. Damar bitkiləri herbariumu 90.000 nümunəni əhatə edir, bunların 88.700-ü yarpaq, qalanları isə meyvə, toxum və strobillərdən ibarətdir. Materialların böyük hissəsi Estoniyada toplanmışdır və kolleksiya ölkənin yerli florasının əksər hissəsini — 1.600 taksonu əhatə edir. Kolleksiyanın ən qədim nümunələri 1830-cu illərə aiddir.
Mikologiya kolleksiyaları Mikoloji herbarium təxminən 2.450 bitki nümunəsini əhatə edir. Şibyəsiz göbələklər kolleksiyasında 250 nümunə saxlanılır. Şibyələrdən, yəni şibyəli göbələklərdən ibarət 2.200-dən çox nümunənin təxminən 1.600-ü Estoniyada, 600-ü isə xaricdə (əsasən Skandinaviya və Avropanın digər hissələrində) toplanmışdır.
Zoologiya Zoologiya kolleksiyalarında təxminən 130.000 nümunə mövcuddur. Kolleksiyalarda Estoniyadan və dünyanın digər bölgələrindən olan həm onurğalılar, həm də onurğasız növlər geniş şəkildə təmsil olunur.
Zooloji kolleksiyalara aşağıdakılar daxildir:
Ornitologiya kolleksiyaları Məməli kolleksiyası Molyusk qabıqları, mərcanlar və dəri-tikanlılardan ibarət zəngin kolleksiya Maye mühitdə saxlanılan nümunələr kolleksiyası Entomologiya kolleksiyaları
Geologiya Muzeyin geologiya kolleksiyası təxminən 3.500 nümunədən ibarətdir. Eksponatların təxminən dörddə üçünü paleontoloji material təşkil edir və onların ən qədimləri XIX əsrin ortalarında toplanmışdır. Paleontoloji kolleksiyanın əsas hissəsini Estoniya süxurlarında tapılmış paleozoy fosilləri təşkil edir. Qorunan materiallar arasında ən çox rast gəlinən nümunələr Ordovik və Silur dövrlərinə aid dəniz onurğasızlarının fosilləridir. Paleontoloji kolleksiyalarda həmçinin Dördüncü dövrə aid məməli sümük fraqmentləri və skelet qalıqları da mövcuddur ki, onların böyük hissəsi Rusiyanın şimal ərazilərindən gətirilmişdir. Litoloji kolleksiyalar Estoniya süxurlarına aid tipik çökmə süxurlardan — əhəngdaşı, marn, qumdaşı və gil daşından ibarətdir. Petroloji kolleksiyalar əsasən Estoniya buzlaq erratikləri və keçmiş Sovet İttifaqı ərazisindən toplanmış metamorfik süxur və maqmatik süxur nümunələrindən ibarətdir. Muzeyin mineralogiya kolleksiyası son onillikdə yerli və xarici ianələr hesabına əhəmiyyətli dərəcədə genişlənmişdir. Əvvəlki illərdə kolleksiyaya daxil edilən minerallar əsasən Rusiya, Şərqi Avropa və Almaniyadan gətirilirdisə, müasir kolleksiyada Avstraliya, Cənubi Amerika və Afrikadan olan minerallar da mövcuddur. Ən diqqətəlayiq mineral nümunələri arasında iri kvars, ametist və flyuorit druzaları yer alır.
Elm tarixi kolleksiyası Elm tarixi kolleksiyasında təbiətin öyrənilməsi və təbliği ilə əlaqədar təxminən 1.050 arxiv materialı və tarixi əşya saxlanılır.
Foto kolleksiya Foto kolleksiyası muzeyin gündəlik həyatı, sərgiləri, ekspedisiyaları və tədbirlərini əks etdirən fotoşəkillər, neqativlər və rəngli slaydlardan ibarətdir. Ümumilikdə kolleksiyada 28.000 material mövcuddur. Muzeyin foto kolleksiyası PlutoF biomüxtəliflik informasiya sistemində TAMF akronimi altında rəqəmsallaşdırılmışdır.
Həmçinin bax Estoniya Tətbiqi İncəsənət və Dizayn Muzeyi Estoniya Memarlıq Muzeyi
İstinadlar
Xarici keçidlər Official website