Berlin rəsədxanası (), Almaniyanın paytaxtı Berlində yerləşən tarixi astronomiya mərkəzidir. Rəsədxananın tarixi 1700-cü ildə Qotfrid Leybnitsin sonradan (1744) Prussiya Elmlər Akademiyasına çevriləcək Societät der Wissenschaften təşkilatını təsis etməsinə qədər uzanır. Cəmiyyətin əvvəlcə rəsmi binası olmasa da, Berlindəki şəxsi rəsədxanadan müşahidələr aparan Qotfrid Kirx adlı astronomu var idi. 1711-ci ildə ilk kiçik rəsədxana yaradılmış və fəaliyyətini təqvim hesablamalarından əldə edilən gəlirlərlə maliyyələşdirmişdir.

1825-ci ildə Yohan Franst Enke, Prussiya kralı III Fridrix Vilhelm tərəfindən rəsədxananın direktoru təyin edilmişdir. Aleksandr fon Humboldtun dəstəyi ilə Enke kralı yeni və peşəkar bir rəsədxana binasının maliyyələşdirilməsinə razı sala bilmişdir. Lakin kralın bir şərti var idi: rəsədxana həftədə iki gecə xalqın üzünə açıq olmalı idi. Bina məşhur memar Karl Fridrix Şinkel tərəfindən layihələndirilmiş və 1835-ci ildə fəaliyyətə başlamışdır. Hazırda rəsədxana IAU-nun 548 saylı kodunu daşıyır.

Əsl rəsədxana şəhər kənarında inşa edilsə də, zaman keçdikcə Berlinin sürətli böyüməsi nəticəsində bina yaşayış massivlərinin ortasında qalmışdır. Bu, işıq çirklənməsinə görə müşahidələri çətinləşdirdiyi üçün rəsədxananın köçürülməsi qərara alınmışdır. 1913-cü ildə müəssisə Potsdan-Babelsberqə köçürülmüşdür (IAU kodu 536). 1992-ci ildən bəri Leybnits Astrofizika İnstitutu (AIP) tərəfindən idarə olunur, lakin XX əsrdən bəri aktiv astronomik müşahidələr üçün istifadə edilmir.

Berlin rəsədxanası dünya elm tarixində həm də Neptun planetinin kəşf edildiyi yer (1846, İohann Qotfrid Qalle tərəfindən) kimi tanınır. Hazırda Berlində həmçinin Vilhelm Förster, Arxenhold, Urania və Bruno H. Bürgel rəsədxanaları da fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Astrophysical Institute Potsdam – MHD Group A brief history of astronomy in Berlin and the Wilhelm-Foerster-Observatory Astrophysics Institute Potsdam

Kateqoriya:Berlindəki binalar və tikililər Kateqoriya:Almaniya rəsədxanaları